Məlum olduğu kimi, hüquq müdafiəçisi Oqtay Gülalıyev oktyabrın 29-u, saat 17:20-də Bakıda yolu keçərkən taksi tərəfindən vurulub. Nəticədə o, daxili kəllə-beyin travması alaraq xəstəxanalıq olub. Yaxınlarının verdiyi məlumata görə, əvvəlcə Oqtay Gülalıyev “Semaşko” xəstəxanasına aparılıb. Oradan isə öz istəyilə “City Hospital” adlı özəl xəstəxanaya köçürülüb. Orada da yaxınlarının icazəsilə onun başında cərrahi əməliyyat aparılıb.
Həkim Adil Qeybullanın verdiyi məlumata görə, əməliyyat təcrübəli neyrocərrahlar tərəfindən həyata keçirilib. A.Qeybulla əməliyyatın gedişini ideal adlandırıb. Bildirib ki, həmin həkimlər Səhiyyə Nazirliyi tərəfindən bu işə təhkim ediliblər. O.Gülalıyev hazırda Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsindədir. Həkimlər onun vəziyyətini belə dəyərləndirirlər: “Kəskin dövr hələ keçməyib. Süni ventilyasiya şəraitindədir. Bununla yanaşı, vəziyyəti stabildir, geriləmə yoxdur, beyin travmasına bağlı komatoz durumdadır. Hemodinamik göstəriciləri stabildir, saturasiyası (toxumaların oksigen təminatı) normaldır. Belə bir durumda olan qardaşımıza əlimizdən gələn köməkliyi əsirgəmirik. Çalışırıq ki, Oqtay bəy tez sağalsın. Amma məlum durumda olan insanın müayinə və müalicəsinə böyük məbləğdə vəsait tələb olunur”.
O.Gülalıyevin yaxınlarının sosial şəbəkələrdə yaydığı məlumatlardan görünür ki, onun müalicəsinin xaricdə davam etdirilməsinə ehtiyac duyulur, ancaq sağlamlıq durumu buna imkan vermir. Belə məlumat da verilir ki, Türkiyə Respublikasında yaşayan iş adamı Mübariz Mənsimov xəstəmizin sağalması üçün yardım əlini uzadıb və Oqtay bəyin sağlıq durumunun yaxşılaşması üçün əlindən gələni edəcəyinə də söz verib.
Adil Qeybullanın da verdiyi məlumatdan görünür ki, Səhiyyə Nazirliyi bu məsələni daim diqqətdə saxlayıb. Ancaq Oqtay bəyin müalicəsinə xaricdə zərurət yaranarsa, ölkə başçısına bununla bağlı müraciət etmək lazımdırmı?
Qeyd edək ki, ölkə başçısı hər zaman, siyasi əqidəsindən asılı olmayaraq, cəmiyyətdə tanınan şəxslərin müalicəsini nəzarətə götürüb. Ortada Nicat Dağlar, Səbuhi Məmmədli, Natiq Qocaman və s. nümunələr var. O.Gülalıyevin ailəsi adından belə bir müraciətin olunması hansı effekti verə bilər? Qeyd edək ki, bu məsələ ilə bağlı O.Gülalıyevin ailə üzvlərindən münasibət öyrənmək istəyimiz alınmadı.
“Bəzi adamlar Oqtay Gülalıyevin düşdüyü sağlamlıq durumu ilə bağlı manipulyasiya edib, özlərinə xal yığmağa çalışırlar”
Millət vəkili Aydın Mirzəzadə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan Prezidenti və hakimiyyəti daim öz vətəndaşlarının qayğısına qalır: “Doğru qeyd edirsiniz ki, bu məsələdə siyasi mənsubiyyətə zərrə qədər də fərq qoyulmur. Təəssüf edirəm ki, bəzi adamlar O.Gülalıyevin düşdüyü sağlamlıq durumu ilə bağlı manipulyasiya edib, özlərinə xal yığmağa çalışırlar. Mən O.Gülalıyevin müalicə aldığı Neyrocərrahiyyə Xəstəxanasına baş çəkdim. Onun vəziyyəti ilə maraqlandım. Reanimasiya otağına gedərək vəziyyətini əyani gördüm. Baş həkim, onu əməliyyat edən həkimlə təmasım oldu. Vəziyyəti ağır, lakin stabil qiymətləndirilir. İntensiv müalicə gedir. Bütün xərcləri də dövlət üzərinə götürüb. Hələlik onun xaricdə müalicəsinə heç bir ehtiyac yoxdur. Onunla bağlı hansısa dərman qıtlığı söhbəti də yaşanmır. Ailəsi də onun Bakıda müalicə olunmasını istəyir. Kimlərinsə onun adından pul yığmasını isə normal hərəkət saymıram. Bütün xərcləri dövlət çəkirsə, əlavə vəsaitə nə ehtiyac var? Azərbaycan dövlətinin kifayət qədər imkanı var ki, çətinliyə düşən vətəndaşına kömək etsin. Gələn ilin yanvarından isə icbari tibbi sığortaya keçiləcək. Ondan sonra heç bir problem qalmayacaq. O ki, qaldı onun reabilitasiyasına, bu da dövlətin hesabına olacaq. Təki ayaq üstə dursun”.
Məhəmmədəli QƏRİBLİ