Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook”dakı səhifəsi üzərindən canlı yayıma çıxaraq bəzi mövzulara toxunub.
O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanda referendum keçirə bilər: “Danışıqlar masası ətrafında əsas məsələ erməni xalqı üçün münasib həll variantı tapmaqdır. Əgər belə variant tapılsa, o, xalqa təqdim olunacaq və ümumi müzakirəyə çıxarılacaq. Qərar ümummilli formatda qəbul olunmalı və lazım gələrsə, referendum keçirilməlidir”.
Bununla belə, Paşinyan münaqişənin həlli ilə bağlı bəzi optimist fikirlər də səsləndirib. Onun fikrincə, Qarabağ danışıqlarında irəliləyiş olmasa da, maraqlı dinamika müşahidə olunur: “Onu deyə bilərəm ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəlmiş danışıqlar prosesində, nə qədər qəribə və gözlənilməz olsa da, yetərincə maraqlı dinamika müşahidə olunur. Nikbinəm və düşünürəm ki, bu dinamika davam edəcək. Dinamika inkişaf edəcək. Mən Aşqabadda da Azərbaycan Prezidenti ilə söhbət etmişəm və müəyyən dinamika, atmosfer, axtarmaq istəyi var”.
Əslində, danışıqlarda heç bir irəliləyiş yoxdur, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin davamlı bəyanatlarından da müəyyənləşdirmək olar. Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatlarında da danışıqların gedişi ilə bağlı fərqli heç nə yoxdur. Belə olan halda, Paşinyanın danışıqlarda dinamikadan bəhs etməsi nəyə əsaslanır? Bununla yanaşı, Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistanda referendum keçirilə biləcəyi nə deməkdir?
“Bütün bunlar Paşinyanın səsləndirdiyi boş ifadələrdir”
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, hər iki məsələ ilə bağlı çoxsaylı ziddiyətli məqam var: “Paşinyanın hansı dinamikanı nəzərdə tutduğu aydın deyil. Məsələ ondadır ki, müxtəlif bəhanələrlə Ermənistan danışıqlardan qaçır. Təmas xəttində ermənilər daim atəşkəsi pozurlar. Düzdür, Paşinyan Baş nazir olandan sonra atəşkəsin pozulması halları say baxımından azalıb. Ancaq o da var ki, erməni snayperləri təkcə hərbçiləri deyil, dinc əhalini də hədəf alırlar. Belə olan halda, danışıqlarda hansı müsbət dinamikadan söhbət gedə bilər? Paşinyan hakimiyyətə gələndən ziddiyyətli açıqlamalar verir. O baxımdan onun danışıqlarla bağlı səsləndirdiyi pozitiv xarakterli fikirlərin əsası yoxdur. Bununla belə, Paşinyan deyir: “Qarabağ Ermənistandır”, müdafiə naziri Tonoyan deyir ki, “Qarabağ məsələsi həll olunub”. Belə sərsəm açıqlamalardan sonra da Paşinyan deyir ki, Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistanda referendum keçirilə bilər. Ermənistan vətəndaşı nə vaxtdan Qarabağın taleyi ilə bağlı referendum hüququna malikdir? Məgər Ermənistan vətəndaşlarının bununla bağlı hüququ var? Bütün bunlar Paşinyanın səsləndirdiyi boş ifadələrdir. Ermənistan danışıqlarda dinamikaya nail olmaq istəyirsə, o zaman Azərbaycanla masa arxasına otursun və müəyyən güzəştlərə getsin. Yəni torpaqları işğaldan azad etsin. Yoxsa, bu cür aldadıcı sülhməramlı ritorika ilə nəyəsə nail olmaq olmaz”.
Vidadi ORDAHALLI