Bu gün Azərbaycanın bir sıra görkəmli şairləri, musiqiçiləri, ədəbiyyat xadimləri, elm adamları Türkiyədə yaşayır və bu ölkənin müxtəlif ali məktəbləri, mərkəzlərində öz fəaliyyətlərini davam etdirirlər. Çox zaman yanlış olaraq bəzi ədəbiyyatşünaslar, ekspertlər Türkiyədə yaşayıb işləyən müasir ədiblər, alimlər, musiqiçilərin mühacirətdə olduqlarını qeyd edirlər. Əslində isə onlar mühacirətdə yox, ana-ata yurdlarımızdan birində fəaliyyət göstərirlər. Böyük Bəxtiyar Vahabzadə “Ana yurdum, ata yurdum, Azərbaycan-Türkiyə” deməklə bir millət, iki dövlət olan Azərbaycan və Türkiyənin ayrılmaz bir can, könül olduğunu ifadə edib.
Bolşeviklərin ölkəmizi işğal etməsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti devrildi və cümhuriyyət təmsilçilərinin bir çoxu - Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə kimi görkəmli şəxsiyyətlər öz fəaliyyətlərini Türkiyədə davam etdirdilər. Həmin dövrün siyasi şərtləri, Türkiyə-SSRİ münasibətləri tamam fərqli idi. Bu iki dövləti siyasi və ideoloji baxımdan fərqləndirən saysız amil vardı. Həmin illərdə Azərbaycan öz müstəqilliyini itirdiyi üçün Türkiyə ilə heç bir əlaqəsi yox idi. Baxmayaraq ki, könüllər, ürəklər bir-birinə bağlı idi, lakin o dövrdə mövcud olan ideoloji, siyasi çətinliklər Azərbaycan və Türkiyənin yaxınlaşmasına mane olurdu. Bəli, həmin dövrdə Türkiyədə yaşayan aydınlarımız, böyük elm, mədəniyyət, fikir adamlarımız, dövlət xadimlərimiz həqiqətən də mühacir həyatı yaşayırdılar. Bu baxımdan onların yazıb-yaratdıqları da mühacir ədəbiyyatı örnəkləri sayılır.
Ancaq bu gün Azərbaycan müstəqildir. Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir-birilə hərtərəfli əlaqələrə malikdir. Məlumdur ki, Türkiyəni azərbaycanlılar da özlərinə vətən sayır, Türkiyə vətənsdaşları da ölkəmizə gerçək vətən kimi yanaşır və öz sevgilərini ifadə edirlər. Bu anlamda bu gün Türkiyədə yaşayıb-yaradan Azərbaycan şairləri, bəstəkarları, alimləri, ictimai simaları nə qürbətdədir, nə də mühacirətdə, onlar ata-ana yurdlarındadırlar.
“Xalq Cümhuriyyətinin süqutundan sonra Türkiyəyə gedənlər bolşevizmlə barışmayan insanlar idi, ona görə də onlar mühacir adlanırdılar”
Tanınmış ədəbiyyatşünas-alim, professor Vaqif Yusifli “Bakı-Xəbər”ə bildirdi ki, bu gün Türkiyədə fəaliyyət göstərən yaradıcı insanları mühacirətdə hesab etmək doğru deyil. Onun sözlərinə görə, Türkiyə də bizim üçün vətəndir. “Müasir dövrdə Türkiyədə yaşayıb-yaradan, fəaliyyət göstərən azərbaycanlı şair və yazıçıları, bəstəkarları, musiqiçiləri, alimləri qətiyyən mühacirətdə saymaq olmaz, onlar mühacirətdə deyillər. Onların Türkiyədə yazdıqları da mühacir ədəbiyyatı nümunələri deyil. Ümumiyyətlə, əvvəlki dövrlərdə Azərbaycandan gedib Türkiyədə yaşayıb fəaliyyət göstərənlərlə müasir dövrdə gedənləri qarışdırmaq olmaz. Çünki Xalq Cümhuriyyətinin süqutundan sonra Türkiyəyə gedənlər bolşevizmlə barışmayan insanlar idi, ona görə də onlar mühacir adlanırdılar. Onların Azərbaycanı tərk etməsinə o dövrdə mövcud olan ictimai-siyasi vəziyyət şərait yaratmışdı. O insanlar Sovet rejimindən narazı olduqları üçün ölkəni tərk edirdilər və Türkiyədə də onlar siyasi mühacir kimi yaşayıb fəaliyyət göstərirdilər. Amma son dövrlər ölkəmizdən Türkiyəyə gedənlər bu yolu könüllü seçiblər, orada fəaliyyət göstərirlər, onlar Azərbaycan vətəndaşlarıdır, istədikləri vaxt problemsiz qayıdıb ölkəmizdə işlərini davam etdirirlər. Elələri var ki, artıq qayıdıb, bəziləri isə hələ də Türkiyədə fəaliyyət göstərirlər. Bu gün Türkiyədə yaşayıb-yaradan Azərbaycan şairləri, musiqiçiləri, alimləri, fikir adamları mühacirətdə deyil, öz ata-ana yurdlarındadırlar. Türkiyə də onlar üçün doğmadır” - deyə V.Yusifli bildirdi.
İradə SARIYEVA