Siyasətçinin səhvlərindən nəticə çıxara bilməməsi onun ən böyük problemlərindən biridir. Həmin siyasətçi korafəhmliyini, bir addım öncəni proqnozlaşdıra bilməməsini anlamırsa, ikiqat problemdir. Azərbaycanın daxili siyasətinin müxalifət düşərgəsindəki partiyaların, bu partiyaların idarəetmə strukturlarında təmsil olunanların və ən pisi, həmin partiyaların rəhbərlərinə hələ də inananların əsas dərdi hakimiyyətdə təmsil olunmaqdır.
Bu hissi və istəyi pərdələyən çıxışlar edilir, bəyanatlar verilir, açıqlamalar səsləndirilir. Bunların fəaliyyət taktikasının əsasını mitinqlər, etiraz aksiyaları və piketlər təşkil edir. İctimai fikrin dərinliklərində, siyasi proseslərinsə girdabında olanlar, nəyin bahasına olursa-olsun, cəmiyyətin diqqətini cəlb etməyə, vətəndaşların çoxdan itirilmiş diqqətini qaytarmağa can atırlar.
Milli Şura və AXCP-nin şəhərin mərkəzində, Bakı metropoliteninin "28 May" stansiyasının qarşısındakı meydanda etiraz aksiyası keçirmək cəhdinin səbəbi ilə qayəsini də bu istəklər təşkil edir. Görünən odur ki, radikal düşərgə üçün xalq, sadəcə, siyasi mübarizədə vasitə, hakimiyyəti ələ keçirmək üçün gərəkli ünsür və seçkilərdə istinad edə biləcəyi sosial-siyasi vahidlər toplusudur. Gör bu düşərgə başını nə qədər itirib ki, nicat yolunu Qərbin Azərbaycana qarşı sanksiya tətbiq etməsində görür. Bununla bağlı utanmazcasına çağırış edir. Söhbət Milli Şuranınn sədri Cəmil Həsənlinin ABŞ-da Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsi ilə bağlı çağırış etməsindən gedir. Hansı ki, öz xalqını, dövlətini sevən, Azərbaycanın müstəqilliyini, dövlətçiliyini istəyən şəxs bunu etməz. Ancaq Cəmil Həsənli bunu etdi. Bütün hallarda, Cəmil Həsənlinin bu bədnam çağırışını cəmiyyət necə dəyərləndirir, buna reaksiyası necədir?
“Cəmil Həsənli heç vaxt Azərbaycan dövlətinin mənafelərini öz şəxsi mənafeyindən üstün tutmağı bacarmayıb”
Məsələyə münasibət bildirən media eksperti Azər Həsrətin sözlərinə görə, bütün mənalarda, sözügedən məsələyə cəmiyyətin reaksiyası mənfidir: “Təəssüf ki, C.Həsənli nə bir alim, nə də keçmiş deputat və siyasət adamı kimi Azərbaycan dövlətinin təəssübkeşi olduğunu göstərə bilmir. O bütün imkanlardan istifadə edir ki, Azərbaycanın adı daim “qara siyahı”larda olsun və ölkəmizə qarşı hansısa təzyiqlər edilsin. Onun bununla bağlı sanksiya çağırışı da o qəbildəndir. Bu o deməkdir ki, C.Həsənli dövlət adamı ola bilməyib. Eyni zamanda, dövlət əxlaqını mənimsəmiş birisi ola bilməyib. Bu adam yaşına-başına, müxtəlif dövrlərdə deputat olmasına baxmayaraq, heç vaxt Azərbaycan dövlətinin mənafelərini öz şəxsi mənafeyindən üstün tutmağı bacarmayıb. Ona görə də bu cür sərsəm çağırışlar edir. Azərbaycana qarşı Qərbin sanksiyalar tətbiq etməsi ilə bağlı çağırışlar edir. Təbii ki, cəmiyyətimiz tərəfindən onun bu cür davranışı nifrətlə qarşılanıb. Eyni zamanda bu, gülüş hədəfinə çevrilib. Çünki heç bir siyasət adamı öz dövlətinə yönəlik bu cür çağırışlar etməməlidir. Normal siyasətçilər heç vaxt belə addım atmırlar. Azərbaycan cəmiyyəti kifayət qədər intellektual cəmiyyətdir. Onun və onun kimilərin bu cür çağırışları Azərbaycan cəmiyyətini ciddi şəkildə narahat edəcək məsələlər deyil”.
Vidadi ORDAHALLI