“Bunu dövlətçiliyə zərbə kimi qiymətləndirirəm”
Məlum olduğu kimi, Vaşinqtonda Milli Mətbuat Fondunun təşəbbüsü ilə müzakirələr keçirilib. Sözügedən tədbirdə radikal müxalifətin təmsilçisi, Milli Şuranın sədri Cəmil Həsənli və anti-Azərbaycan mövqeyindən çıxış edən müəyyən şəxslər iştirak edib. Tədbirdə Azərbaycanın əleyhinə həqiqətə uyğun olmayan tənqidi fikirlər, böhtan xarakterli ittihamlar səslənib. MŞ adından Cəmil Həsənli də orada çıxış edib. Həmişə olduğu kimi, bu dəfə də Cəmil Həsənli Azərbaycan hakimiyyəti əleyhinə qərəzli fikirlər səsləndirməkdən geri qalmayıb. O, Qərbi Azərbaycan əleyhinə sanksiya tətbiq etməyə çağırıb. Bununla belə, 19-20 oktyabrda keçirilən aksiyalarla bağlı araşdırmaların aparılması ilə bağlı çağırışlar edib. Cəmil Həsənli sanksiya çağırışı ilə radikal qüvvələrin cəmiyyətdə sosial dayaqlarını itirdiyini ortaya qoydu. Bununla Milli Şuranın ölkədə sosial bazasının olmadığını bir daha sübut etdi. Sanksiya ilə bağlı çağırış bir daha onu sübut etmirmi ki, Milli Şuranın Azərbaycanda heç bir sosial bazası yoxdur və ölkədə özünün siyasi hədəflərinə xalqın dəstəyi ilə nail ola bilmədiyinə görə bu məqsədlərə xarici müdaxilə, sanksiya ilə nail olmağa çalışırlar? Bu onu sübut etmirmi ki, sözügedən qüvvələr həqiqətən də cəmiyyətdə siyasi, sosial dəstəyini itirib? Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, radikal müxalifət cəmiyyətdə bütün sosial dayaqlardan məhrum olduğu üçün belə çağırışlar səsləndirir:“Hər bir müxalifət partiyasının piket və mitinq keçirməsi onun öz hüququdur. Bu, Azərbaycan Konustitusiyasında da təsbit olunub. Ancaq bütün bunlar qanun çərçivəsində olmalıdır. Bu mitinqlər elə bir səviyyədə keçirilməlidir ki, bu xarici müdaxiləyə gətirib çıxarmasın. Ölkədə siyasi sabitliyi pozmamalıdır. Qeyd edim ki, Milli Şuranın şəhərin mərkəzində razılaşdırılmamış mitinqi ölkədə siyasi proseslərə mənfi təsir edir, xalqı ciddi şəkildə siyasi proseslərdən uzaq tutur. Bundan əlavə, bu mitinqə görə xaricdən Azərbaycan dövlətinə qarşı sanksiyalar tələb edilməsini dövlətçiliyə zərbə kimi qiymətləndirirəm. Hər bir ölkənin daxili problemləri ölkə içində həll edilməlidir. Milli Şura sədrinin ABŞ-da keçirdiyi brifinqdə sanksiyalarla bağlı çağırış etməsi qəbuledilməzdir. Kifayət qədər sosial bazası olmadan özünə dəstəyi xarici ölkələrdən uman bir təşkilat heç vaxt milli olmaz. Bu qüvvələrin məqsədi nəyin bahasına olursa-olsun hakimiyyətə gəlməkdir”.
Vidadi ORDAHALLI