“Belə bir həssas dövrdə Azərbaycana qarşı sanksiya çağırışı etmək erməni diasporasının əlinə fürsət verməkdir”
Məlum olduğu kimi, ABŞ-da “Milli Mətbuat Klubu” adı ilə fəaliyyət göstərən təşkilatda “Azerbaijan: Peaceful protests and torture” tədbir keçirilib. Tədbirdə “Milli Şura” adlanan qurumun sədri Cəmil Həsənli iştirak və çıxış edib. Ondan başqa, panelçilər arasında Amnesty İnternational təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Daniel Balson, Women Media Watch-Azerbaijan təşkilatının rəhbəri, hazırda ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızı olub. Tədbirə Amnesty İnternational təşkilatının nümayəndəsi Aleks Raufoğlu moderatorluq edib. Nə qədər təəccüblü olsa da, Cəmil Həsənli həmin tədbirdə ABŞ-ı Azərbaycana qarşı sanksiya tətbiq etməyə çağırıb. Azərbaycan haqqında yalan danışmaq, öz ölkəsinə böhtan atmaq, Azərbaycanı qara rənglərlə təsvir etmək vətənpərvərlik hissinin olmamasından irəli gəlir. Bu aydındır. Cəmil Həsənli gözəl bilir ki, dünyada sanksiyaların tətbiqi ilə bağlı ikili standartlar hökm sürür. Əksər hallarda dünyanın nəhəngləri öz milli maraqlarını təmin etmək üçün sanksiya tətbiqinə əl atırlar. Halbuki, dünyda bir çox sanksiyanın tətbiqini haqq edən ölkələr var ki, onlar bundan yan keçirlər. Bütün bunlar sanksiya məsələsində də dünyada ikili standartların tam bərqərar olmasını göstərir. Bəllidir ki, Azərbaycana qarşı sanksiyalar tətbiq edilsə, onun əziyyətini Azərbaycan vətəndaşları və dövlətimiz çəkəcək. İstənilən halda, iqtidarda və ya müxalifətdə olmasından asılı olmayaraq, hər bir insan çalışmalıdır ki, ölkəsi daha da inkişaf etsin, insanlar daha yaxşı, daha təhlükəsiz şəraitdə yaşasınlar. İkili standartaların hökm sürdüyü bir zamanda ölkəyə qarşı sanksiya tələb etmək hansı vətənpərvərlik hissinə sığır?
Politoloq Nəzakət Məmmədova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, biz hazırkı vəziyyətdə ABŞ kimi bir dövlətlə münasibətlərimizi ən yüksək səviyyədə saxlamalıyıq, nəinki sanksiya arzulamalıyıq: “ 907-ci Düzəlişin ağır nəticələrini ölkəmiz uzun illər öz üzərində hiss etdi. Yenidən sanksiya tələb etmək yolverilməzdi. Daxili siyasi çəkişmələrə xarici siyasət vasitələrini alət etmək, hakimiyyətlə ziddiyyətlər ucbatından ABŞ kimi bir fövqəldövlətin qəzəbini ölkəmizə yönəltmək çağırışı doğru addım deyil. Ondansa, işğalçı Ermənistana və separatçı Dağlıq Qarabağa sanksiya tələb etmək, onlara edilən yardımların birdəfəlik dayandırılması haqqında qərar qəbul edilməsinə çalışmaq lazımdır. Xüsusən, hazırda elə bir dövrdür ki, ABŞ Konqresində erməni lobbisinin təsiri güclənib və onlar hətta Türkiyəyə qarşı uydurma soyqırım haqda qanun layihəsi keçirməyə nail olublar. Belə bir həssas dövrdə Azərbaycana qarşı sanksiya çağırışı etmək erməni diasporasının əlinə fürsət verməkdir. Milli Şura bir zamanlar Rusiya ilə yaxınlaşmağa çalışırdı, indi isə ABŞ-dan hakimiyyəti zəiflətmək üçün sanksiya tələb edilir. Lakin aydındır ki, indiki şəraitdə ABŞ Azərbaycana sanksiya tətbiq etməyəcək. İran, Rusiya, Türkiyə amili və s. var. ABŞ bu kimi hallardan müəyyən məsələlərdə öz məqsədləri üçün istifadə edərək güzəşt qoparmağa çalışa bilər. Onların Rusiya ilə yaxınlaşması, İbrahimbəyov məsələsi "Milyarderlər ittifaqı" layihəsinjn ən sonda bir məntiqi yekunu oldu ki, Rusiya Azərbaycana təzyiqlərini gücləndirdi. Eynilə, Milli Şura indi də ABŞ-ı sanksiya tətbiq etməyə çağırmaqla Azərbaycanı ABŞ qarşısında gücsüz düşürməyə çalışır. Nəticədə ABŞ Azərbaycandan müəyyən güzəştlər əldə etməyə çalışa bilər. Uduzan isə yenə də Azərbaycan dövləti olacaq”.
Məhəmmədəli QƏRİBLİ