Prezident İlham Əliyev Yevlax və Xaçmaza təyin olunan icra başçıları ilə görüşdə son günlər məmurların yaşı ilə bağlı aparılan müzakirələrə də münasibət bildirib. Ölkə başçısı qeyd edib ki, bəziləri bunu yaşlı insanlara qarşı kampaniyaya çevirir:
“Siz gəncsiniz, birinizin 37, digərinizin 38 yaşı var. İndi Azərbaycanda gəncləşmə siyasəti aparılır. Bu, təbiidir, nəsillər dəyişir, yeni təfəkkürlü insanlar irəli çəkilir. Bu, təbii prosesdir və biz bu prosesdən kənarda qala bilmərik. Ancaq onu da bildirməliyəm ki, bu, kampaniya xarakteri almamalıdır. Çünki mənə məlumat gəlir ki, bəziləri bunu kampaniyaya çevirmək istəyirlər və sınanmış, təcrübəli, bir qədər yaşlı insanlara qarşı bu kampaniyanı təşkil etmək istəyirlər. Mən buna yol verməyəcəyəm. Mən bilirəm kim nəyə qadirdir, kimin hansı xidmətləri olub, əvvəlki dövrdə və bu gün. Ona görə Azərbaycanda təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır. Bunun sintezi sayəsində biz gözəl nəticələrə çata bilərik. Bir də ki, yaşlı nəsil öz təcrübəsini bölüşməlidir.
Ona görə hər kəs bilsin ki, mən bu kampaniyaya yol verə bilmərəm. Müəyyən dərəcədə xidmət göstərmiş insanlar, əlbəttə ki, dövlət tərəfindən də qiymətləndirilir və biz kampaniyaya yol verməyəcəyik. Eyni zamanda, təbii ki, gəncləşmə prosesi getməlidir və burada söhbət təkcə yaşda deyil, təfəkkürdədir, işə yanaşmadadır. Siz indi mənim təyin etdiyim kadrlar kimi, elə işləməlisiniz ki, həm Yevlax camaatı, həm Xaçmaz camaatı minnətdarlıq bildirsin. Əgər siz bu etimadı doğrultmasanız mən sizi işdən çıxaracağam və cəzalandıracağam”.
Göründüyü kimi, Prezident dövlət idarəçiliyində nəsillər arasında körpü salan unikal bir əməkdaşlıq modeli təklif edib. Burada yaşlıların təcrübəsi ilə gənclərin dinamizmi arasında bir vəhdət olması nəzərdə tutulur. Ölkə başçısının təklif etdiyi bu model Azərbaycan üçün nələr vəd edə bilər?
“Onları mütləq hakimdən xalqın xidmətçisinə çevirməyə ehtiyac var”
Tarix üzrə fəlsəfə doktoru, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, cavan nəslin irəli çəkilməsi çox yaxşıdır: “Ancaq bu heç də o demək deyil ki, biz yaşlı nəsildən tam imtina etməliyik. Dövlət idarəetməsində kadrlara iş bacarığına görə qiymət verilməlidir. Prezidentin son təyin etdiyi icra başçıları cavan olsalar da, onları yalnız yaşlarıına görə irəli çəkməyiblər. Görünür, onların yaxşı iş təcrübəsi olub ki, diqqəti cəlb ediblər. Prezidentin təqdim etdiyi model nəyi deyir? Yaşın azdırsa, o demək deyil ki, mütləq ali vəzifədə olmalısan. Başqa bir tərəfdən, yaşın çoxdursa, o demək deyil ki, artıq lazım deyilsən. Bu yanaşma doğru deyil. Ölkə başçısının gənclərə göstərdiyi etimad onu deyir ki, daha dinamik fəaliyyət gözlənir. İcra başçıları regionları iş yerləri ilə təmin etməlidirlər. Regionlara xarici investisiya cəlb etməlidirlər ki, yerli əhali orada işlə təmin olunsun. Bu tapşırığı Prezident xeyli əvvəl onların qarşısına qoyub. Ancaq ortada nəticə yoxdur. Gənc kadrlar bu istiqamətdə çalışmalıdırlar. Bunlar da, köhnələr kimi, yalnız kabinetdə oturacaqlarsa, onda nəticə olmayacaq. Hesab edirəm ki, islahatlar davamlı olacaq. Kadr bankının yenilənməsi heç də o demək deyil ki, bütün köhnə, təcrübəli kadrlardan imtina olunmalıdır. Onların da məsləhət və təcrübəsindən mütləq istifadə olunmalıdır. Xüsusilə də icra başçıları dəyişməlidir. Onları mütləq hakimdən xalqın xidmətçisinə çevirməyə ehtiyac var. Yaşlı nəslin içərisində olan təmiz kadrları vəzifədə saxlamaq lazımdır”.
Məhəmmədəli QƏRİBLİ