Dağlıq Qarabağ münaqişəsi ilə bağlı erməni rəsmilərinin son dövrlərdə verdiyi absurd açıqlamalar, nəinki Azərbaycan, heç dünyanın digər dövlətləri, o cümlədən Ermənistanı bir ölkə kimi var edən Rusiya tərəfindən də qəbul edilmir. Qeyd edilənlərə konkret nümunə kimi Ermənistan müdafiə naziri David Tonoyanın "Dağlıq Qarabağ məsələsi həll olunub" bəyanatına Moskvada verilən reaksiyanı göstərmək olar.
Tonoyanın bir müddət əvvəl qeyd edilən xüsusda səsləndirdiklərinə rəsmi Bakı da sərt münasibət sərgiləyib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bunu xəstə təfəkkürün məhsulu adlandırıb: “Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə beynəlxalq vasitəçilərin iştirakı ilə uzun illərdir ki, səylərin davam etdiyi bir vaxtda işğalçı ölkənin müdafiə nazirinin belə bir fikirlə çıxış etməsi yalnız xəstə təxəyyülün məhsulu ola bilər. Bilirsiniz, faşizmi qəhrəmanlaşdıran, Azərbaycanın ərazilərini işğal edərək bu torpaqlarda yaşayan yerli azərbaycanlılara qarşı qanlı etnik təmizləmə həyata keçirən və Xocalı soyqırımı kimi vəhşilik törədən bir ölkənin müdafiə nazirindən daha nə gözləmək olar?! Ancaq bir məqamı vurğulamaq istərdim, Ermənistanda qəhrəman səviyyəsinə yüksəldilən faşist cəlladı Qaregin Njde də vaxtilə məsələnin həll edildiyini düşünürdü, ancaq onun aqibətinin necə olduğu hamıya bəllidir. Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq hüququn prinsipləri tam təmin edildikdən və ədalət bərpa olunduqdan, beynəlxalq ictimaiyyətin də tələb etdiyi kimi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinin və ərazi bütövlüyü bərpasından sonra həll olunacaq”.
Bu məsələyə indi Rusiya tərəfindən də sərt münasibət sərgilənir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni nazirin yanaşmasının Qarabağ münaqişəsinin nizamlanması istiqamətində problemlər yaratdığını qeyd edir: "Bu kimi bəyanatlar, yəqin ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan işə kömək etmir". Nazir bildirib ki, səslənən emosional bəyanatlar işə kömək etmir: "Mövqeləri yaxınlaşdırmaq və güzəşt əldə etmək üçün həmsədrlərin davamlı səyləri lazımdır". Xatırladaq ki, son dövrlərdə Rusiya nazir səviyyəsində artıq ikinci dəfədir ki, Ermənistan rəsmilərinin absurd bəyanatlarını qəbuledilməzlyini bəyan edir. Bundan öncə Ermənistanın baş naziri Nikol Paşinyanın avqustun 5-də Xankəndidə səsləndirdiyi “Qarabağ Ermənistandır, vəssalam” bəyanatına da Moskva neqativ münasibət sərgiləmişdi. Xatırladaq ki, Soçidə “Valday” diskussiya klubunun iclasında Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyət barədə danışarkən Sergey Lavrov Ermənistanın baş nazirini möhkəm pərt edə biləcək bəyanat verib. O, Paşinyanın “Qarabağ Ermənistandır, vəssalam” bəyanatının danışıqlar prosesini əngəllədiyini bildirib. Buna qədər isə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova eyni mövqe sərgiləmişdi. O, Paşinyana xitabən bildirmişdi ki, bəyanatlar səsləndirilərkən çox diqqətli olmaq lazımdır: “Azərbaycan və Ermənistan arasında münaqişə çox çətin bir prosesdir. Bu baxımdan bəyanatlara diqqət edilməlidir. Bu, başlanğıc nöqtəyə qayıtmamağımız və prosesin sıfıra düşməməsi üçün vacibdir. Əlbəttə ki, biz tərəflərin bəyanatlarının sülh yolu ilə münaqişənin həllinə yönəlmiş ümumi səylər kontekstinə uyğun gəlməli olduğu qənaətindəyik. Çox istərdik ki, daxili siyasi proseslərə hörmətlə yanaşaq. Lakin bununla yanaşı, bütün tərəflərin eyni prinsipdən - sürətli sülh yolu ilə həll etmə prinsipindən çıxış etməsini də istərdik”.
İndi isə Lavrov bu dəfə Tonoyanın sərsəmləmələrinin Qarabağ münaqişəsinin həllinə xidmət etmədyini diqqətə çatdırır və bu hal Moskvanın İrvanın konfliktə yanaşamasından narazı olduğunu aydın nümayiş etdirir. Nəzərə alsaq ki, Rusiya Minsk Qrupu həmsədr ölkələrindən biridir, belə olan vəziyyətdə İrəvan rəsmilərinin davranışı Rusiyanın vasitəçilik missiyasına daban-dabana ziddir. Bunu isə Rusiya siyasi hakimiyyəti qəbul etmir. Sergey Lavrovun son açıqlamaları da qeyd edilənləri təsdiq edir. Göründüyü kimi, Rusiya artıq Lavrov səviyyəsində bu məsələyə reaksiya verir. O da aydındır ki, Lavrov burada həm də prezident Vldaimir Putinin mövqeyini əks etdirir. Beləliklə, baş verənlərin təhlili göstərir ki, Moskva İrəvanın mövqeyindən əsaslı surətdə narazıdır. Bunu rus politoloq Stanislav Tarasov Dağlıq Qarabağ münaqişəsi ətrafında baş vermiş son inkişaflara toxunarkən da təsdiq edir: “Moskva Qarabağ münaqişəsi ətrafında yaranan vəziyyətdən məmnun deyil. Özü də bunların Erəmnistandan qaynaqlandığı da sirr deyil. Belə vəziyyətdə Azərbaycan tərəfi hesab edir ki, Paşinyan yeni səhvlərə yol verəcək, Rusiyadan uzaqlaşacaq. Həqiqətdir ki, Paşinyan səhvlərə davam etsə, o zaman Azərbaycan Qarabağ istiqamətində manevr etmək üçün yeni çoxlu imkanlar qazanacaq. Erməni rəsmilərinin yanaşmaları Bakıınn bu imkanları əldə etməsinə münbit zəmin yaradır”. O, bu vəziyyətdə danışıqların da müsbət nəticələrlə sonuclanmasını mümkünsüz adlandırıb. Ekspert, bu mənada, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın Bratislavada baş tutacaq görüşü barədə bildirib ki, bu adi bir görüşdür: “Hər hansı mövzulu sensasiya və ya irəliləyiş gözləmirik, çünki nazirlərin nədən danışacağı ilə bağlı görüşün ilkin gündəmi belə açıqlanmayıb. Paşinyan hakimiyyətə gəldikdən sonra başlayan Qarabağ danışıqlarının yeni intensiv dövrü kəskin şəkildə yavaşlayıb. Biz bilirik ki, həmin dövrdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında bir neçə görüş baş tutub. Daha sonra isə Əliyev və Paşinyan arasında əlaqələr oldu. Lakin bu gün dialoq templəri kəskin şəkildə yavaşlayıb. Bu gün biz Əliyev və Paşinyanın yeni görüş imkanlarını görmürük. Gələcəkdə hadisələrin necə inkişaf edəcəyini söyləmək isə çətindir”. Politoloq qeyd edib ki, Azərbaycan tərəfi hazırda gözləmə mövqeyindədir: “Serj Sarkisyanın hakimiyyət illərində olduğu kimi hazırda Paşinyanın Rusiya ilə əlaqələri yaxşı deyil. Həqiqətən də Rusiya Ermənistan hakimiyyətindən çox narazıdır”. Bütün bunlardan bir daha bəlli olur ki, Bakı mövqelərini yeni geosiyasi durumda xeyli möhkəmləndirib.
İndi Ermənistanı narahat edən məqamlardan biri də budur ki, belə vəziyyətdə Azərbaycanın hərbi əməliyyatlarla ərazi bütövlüyünü bərpa etməsinə heç kim, o cümlədən Rusiya mane olmayacaq. Bunu erməni şərhçi Aram Sarkisyan da xüsusi olaraq vurğulayır:“Bakı mövqeyini gücləndirir, beynəlxalq miqyasda əlavə dəstək alır. Paralel olaraq hərbi hazırlığını da artırır. Gələn il üçün Azərbaycanın hərbi xərcləri də bunu təsdiq edir. 2020-ci il üçün Ermənistan dövlət büdcəsi layihəsində nəzərdə tutulan hərbi xərclər isə çox azdır. Belə ki, 2019-cu ildə hərbi xərclərlə müqayisədə 2020-ci il üçün hərbi və ya müdafiə büdcələrində artım olduqca kiçikdir. Cəmi 0,8 faiz artım olacaq. Təbii ki, Ermənistan-Azərbaycan münaqişə vəziyyəti və Ermənistanın təhlükəsizlik problemləri nəzərə alınaraq, bu rəqəm və göstəricilərin təhlili ümumiyyətlə Ermənistan və Azərbaycan arasındakı rəqabət məntiqində aparılır, Azərbaycanın qeyd etdiyi rəqəmlərlə müqayisə edilir. 2018-ci ildə Stokholm İnstitutuna görə, Azərbaycanın hərbi xərcləri (təqribən 1.7 milyard dollar) 2017-ci illə müqayisədə əhəmiyyətli dərəcədə artmayıb (təxminən 1.5 milyard dollar), rəsmi məlumatlara görə, 2019-cu ildə qonşu ölkənin hərbi büdcəsi 1.88 milyard dollar təşkil edib. Azərbaycan hökuməti 2020-ci ilin büdcə layihəsinə əsasən müdafiə və milli təhlükəsizlik üçün 2 milyard 267 milyon dollar ayırmağı planlaşdırır. Bu, 2019-cu ildə ayrılan məbləğdən 20,9% çoxdur. Burada, əlbəttə ki, müdafiə və təhlükəsizlik xərclərinin real həcmi barədə daha dəqiq məlumat əldə etmək üçün nəzərə alınmalı bəzi nüanslar var. Bu həm Ermənistana, həm də Azərbaycana aiddir. Hesablanmayan bəzi rəqəmləri nəzərə alsaq, Ermənistanın hərbi büdcəsinin həcmi təhlükəsizlik problemlərimizlə müqayisədə təsiredici görünmür. Bu, Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin tənqidçilərinə ölkəmizin təhlükəsizlik sahəsinə laqeyd qaldığı bir vaxtda Azərbaycanın yeni müharibəyə hazırlaşdığını bəyan etmə imkanı verir. Özü də bunlar o fonda cərəyan edir ki, Azərbaycan burada yanına yeni güclər alır. Məsələn, Rusiyanın Bakı və İrəvana münasibəti artıq fərqlidir. Moskvanın bizi müdafiə edəcəyinə artıq inam yoxdur. Ümumiyyətlə, Rusiya Ermənistanda yürüdülən Qarabağ siyasətindən də narazıdır”. Digər tərəfdən, erməni ekspert etiraf edir ki, Azərbaycandan fərqli olaraq, ölkəsində hərbçilərin durumu da olduqca ağırdır: “Keyfiyyətli və səmərəli olmaq üçün ordunun hərbi qulluqçularının yaşayış səviyyəsini qaldırmalı, onların ən yüksək sosial təbəqə olmasını təmin etməyi bacarmalıyıq. Təəssüf ki, bu gün tamamilə əksinədir. Bu gün hərbi personal sosial sahənin ən aşağı səviyyəsindədir. Amma Azərbaycanda əks proses müşahidə olunur və onlar orduya daha çox diqqət yetirir”.
Bütün bunlar yaranmış durumda erməni tərəfinin ciddi narahatlıq içində olduğunu aydın nümayiş etdirir. İndi Rusiyadan da əli üzülən Ermənistan Qarabağ münaqişəsinin hərbi həlli halında çox sarsıdıcı zərbələr alacağını yaxşı bilir. Hadisələrin elə bu istiqamətdə inkişafı isə düşmənin təşviş və qorxusunu daha da artırır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.