17/11/2019 04:11
728 x 90

Prezidentin kadr inqilabı – Mikayıl Cabbarova ən böyük nazirlik etibar edildi, Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının tərkibinə daxil edildi

img

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”nə “Azərbaycan Respublikasının daxili işlər naziri;” sözlərindən sonra “Ramiz Ənvər oğlu Mehdiyev;” sözləri əlavə edilsin.

Xatırladaq ki, Prezident sərəncamı ilə Ramiz Mehdiyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamı ilə R.Ə.Mehdiyev “Heydər Əliyev” ordeni ilə təltif edilib. Prezident İlham Əliyev oktyabrın 23-də Ramiz Mehdiyevi qəbul edib və onu “Heydər Əliyev” ordeni ilə təltif edib.

Prezident İlham Əliyev Mikayıl Cabbarovu Azərbaycan Respublikasının Vergilər naziri vəzifəsindən azad edərək, Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edib.

Prezident İlham Əliyev oktyabrın 23-də Mikayıl Cabbarovu yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib.

Prezident Əliyev Ramiz Mehdiyevi Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edib. Xatırladaq ki, daha öncə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadənin vəzifəsindən azad olunması üçün yazdığı ərizə ilə bağlı AMEA Rəyasət Heyətinin iclası keçirilib, akademik Ramiz Mehdiyev AMEA-nın prezidenti vəzifəsinə seçilib.

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında da fərman imzalayıb.

Fərmanda qeyd edilir ki, ölkənin davamlı inkişafının təmin edilməsi məqsədilə aparılan sosial-iqtisadi islahatlarının dərinləşdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda daha yüksək əlavə dəyərin yaradılması və ixrac potensialın artırılması vəzifələri müvafiq sahələrdə struktur dəyişikliklərinin sürətləndirilməsini və dövlət idarəetmə strukturunun təkmilləşdirilməsini zəruri edir. Fərmana əsasən, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.

İqtisadiyyat Nazirliyinin yeni strukturu təsdiq edilib.

Müəyyən olunub ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının və onların tabeliyində olan qurumların strukturu, işçilərinin say həddi, hüquqi vəziyyəti, vəzifə maaşları, əməyin ödənilməsi sistemi və xidmətkeçmə ilə bağlı hüquq və vəzifələri ilkin mərhələdə dəyişməz olaraq qalır.

Son xəbərlər