20/11/2019 23:08
728 x 90

ABŞ səfirliyi Azərbaycanın daxili işinə müdaxilədə bu dəfə əvvəlki hədləri gözləmədi...

Qabil Hüseynli: “ABŞ səfirliyinin hərəkətləri diplomatik missiyanın səlahiyyətlər həddinə uyğun deyil”

img

ABŞ-ın Azərbaycandakı səfirliyi 19 oktyabrda yer alan etiraz aksiyası ilə bağlı bəyanatla çıxış edib.

Bəyanatda deyilir: "Birləşmiş Ştatların Azərbaycandakı səfirliyi Avropa Birliyinin bəyanatına dəstək verərək oktyabrın 19-da keçirilən dinc etiraz aksiyasının dağıdılması, həmçinin, aksiya iştirakçılarının və müşahidə edən insanların həbs edilməsi üçün polis tərəfindən göstərilən zorakılığı qəti şəkildə pisləyir. Biz hökuməti polis zorakılığına dair yayılan məlumatları araşdırmağa, aidiyyəti olan şəxsləri məsuliyyətə cəlb etməyə və həbsdə olan şəxlərin tezliklə azadlığa buraxılmasını təmin etməyə çağırırıq”.

Səfirliyin bəyanatında sonra qeyd edilir ki, bu cür hallar Azərbaycanı zəiflədir: “Etiraz aksiyaları zamanı internetdən istifadə imkanlarını məhdudlaşdırmaq Azərbaycanın maraqlarını qorumur, əksinə, Azərbaycanın imkanlarını məhdudlaşdırır. Toplaşmaq və söz azadlıqları Azərbaycanın Konstitusiyası tərəfindən təmin olunan fundamental azadlıqlardır və biz hökuməti sözügedən azadlıqları təmin etməyə və qorumağa çağırırıq”.

Göründüyü kimi, ABŞ səfirliyi sanki Azərbaycanda fəaliyyət göstərən hansısa radikal müxalif partiyanın mövqeyinə bənzər bir yanaşma ortaya qoyur. Əvvəl səfirlik bu tip məsələlərə münasibət bildirərkən məsuliyyəti bərabər şəkildə ifadə etməyə çalışırdısa, hazırda bütün məsuliyyəti hakimiyyətin üzərinə qoymaqla tam qərəzli mövqe nümayiş etdirmiş olub. ABŞ səfirliyinin bu mövqeyini ölkənin daxili işlərinə qarışmaq kimi dəyərləndirə bilərik.

  • “Ölkənin daxili işlərinə kobud müdaxilə kimi səciyyələndirilə bilər”

Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, ABŞ səfirliyinin bu məzmunda bəyanat verməsi təəccüblüdür: “Bununla yanaşı, diplomatik normalara ziddir. Demək olar ki, sözbəsöz Avropa Birliyinin bəyanatını təkrarlayıb. Hətta bəyanatda xüsusi olaraq vurğulanır ki, Aİ-nin mövqeyini tam bölüşürlər. Ola bilər ki, aksiyada polisin hansısa sərt davranışı olub. Amma bunu da nəzərə almalıyıq ki, söhbət icazəsiz aksiyadan gedir. Bu tip aksiyaları elə ABŞ-ın özündə də sərt şəkildə dağıdırlar. Mən hər zaman icazəsiz mitinqlərin əleyhinə olmuşam. Çünki bu cür aksiyalar gələcək mitinqlərin effektini aşağı salır. Yəni üzvlər qorxub çəkinməyə başlayır ki, bunun ən böyük ziyanı elə müxalifətin özünədir. Gördünüz ki, aksiyanın lideri necə hörmətsiz vəziyyətə düşdü. Gərək belə şeylər olmasın. Çünki biz elə həssas coğrafiyada yaşayırıq ki, burada daxildə olan hər hansı bir qarışıqlıq erməninin dəyirmanına su tökür. Eyni zamanda, onları danışıqlar masası ətrafında daha inamlı edir. Bu nöqteyi-nəzərdən ABŞ səfirliyinin hərəkətləri diplomatik missiyanın səlahiyyətlər həddinə uyğun deyil. Həm də ölkənin daxili işlərinə kobud müdaxilə kimi səciyyələndirilə bilər”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər