20/11/2019 23:58
728 x 90

Prezident iri məmurlarla işgüzar qəbulun yeni formasını tətbiq etdi - analitik reaksiyalar...

İlqar Hüseynli: “Prezidentin yeni işgüzar qəbul forması da həmin nəzarətin bir növünə aid edilə bilər”

img

Prezident öz ərizələri ilə ona müraciət edən Baş nazirin iki sabiq müavinini qəbul etdi. Həm Hacıbala Abutalıbov, həm də Əli Həsənovla təkbətək söhbət etdi və həmin söhbətin məzmunu televiziyalar tərəfindən yayımlandı. Qeyd edək ki, ölkə başçısı son günlərdə bir neçə belə qəbul keçirib.

Formaca yeni olan bu görüşlərdə məmurlar onun tərəfindən tək qəbul edilir və görüşün ümumi məzmunu televiziyada yayımlanır. Bunda əvvəl eyni formada görüş “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinın sədri Saleh Məmmədov və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə keçirildi. Ölkə başçısının iri məmurlarla yeni formada görüşməsi hansı effektə səbəb ola bilər?

  • “Birbaşa hesabatlıq məsuliyyətini yaradır” 

Ekspert İlqar Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, yeni formatın uğurlu olacağına ümid etməliyik: “Son iki istefa qəbulundan əvvəl Prezident başqa iki məmuru qəbul etdi. Bunlar o məmurlardır ki, böyük büdcə ilə işləyirlər və cəmiyyətdə həmin qurumlarda korrupsiyanın olması ilə bağlı müxtəlif fikirlər səslənir. Görüş formatı birbaşa idarəetmənin effektini artıra bilməz. Ancaq bunun  müsbət nəticələrin əldə olunmasına yaxşı təsiri ola bilər. Çünki yeni görüş formatı həm də hesabat xarakteri daşıyır. Ümumi müşavirələrdə məmurlar bir qədər proqram xarakterli çıxış edirlər. Bəzən bütün kiçik detalların üzərində durmağa, ətraflı araşdırma aparmağa vaxt yetmir. Bu baxımdan da belə formatın seçilməsi məqsədəuyğundur. Yəni ölkə başçısı hər sahəyə rəhbərlik edən şəxslə ayrılıqda görüşür, həmin sahədəki neqativlikləri müzakirə etmək üçün kifayət qədər zaman olur. Bu da məmurların məsuliyyətini artırır. Xüsusilə də görüşün məzmununun media tərəfindən işıqlandırılması çox yaxşıdır. Dürüst və şəffaf idarəetmə sisteminin oturuşması yalnız ölkə başçısından asılı deyil. Burada məmurların da məsuliyyəti böyük olmalıdır. Ölkə başçısının qəbul etdiyi iki qurum rəhbəri yenidir. Onlardan əvvəlki rəhbərlərin zamanında qurumlarda ciddi korrupsiyalara yol verilib. Hesab edirəm ki, həmin detalların da araşdırılmasına çalışılmalıdır. Yeni rəhbərlərə lazımi tapşırıqlar verməklə yanaşı, keçmişdən qalanların da araşdırılması aparılmalıdır”.

Ekspertin sözlərinə görə, korrupsiyaya və digər neqativliklərə son qoymaq üçün ciddi nəzarət mexanizmləri olmalıdır: “Bir hüquqi nəzarətlə bunu təmin etmək olmur. Bura ictimai nəzarətdən tutmuş, başqa vasitələri də əlavə etməliyik. Prezidentin yeni işgüzar qəbul forması da həmin nəzarətin bir növünə aid edilə bilər. Çünki birbaşa hesabatlıq məsuliyyətini yaradır. Biz ümid edək ki, Prezidentin qəbul edib müəyyən tapşırıqlar verdiyi məmurlar da öz işlərinin öhdəsindən layiqincə gələcəklər. Əvvəl buraxılan səhvləri təkrarlamaq olmaz. Xüsusilə də yol infrastrukturu ilə bağlı nəzarət daha güclü olmalıdır. Biz vaxtilə böyük layihələrdə yol verilən korrupsiyadan, şişirdilmiş rəqəmlərdən yazırdıq. Eyni zamanda, məcburi köçkünlər üçün dövlət hesabına tikilən mənzilləri biz başqa beynəlxalq donorların hesabına tikilənlərlə müqayisə edəndə ortaya ciddi fərqlər çıxırdı. Ümid edək ki, Prezidentin yeni yanaşması bu sahələrdə inkişafa və məsuliyyətin artmasına səbəb olacaq”.

Məhəmmədli QƏRİBLİ

Son xəbərlər