21/11/2019 17:49
728 x 90

Azərbaycanda media azadlığını qaralayan xaricilərə daha bir fakt - iki gün icazəsiz aksiyalarda jurnalistlər tam toxunulmaz işlədilər

Azər Həsrət: “Sosial şəbəkə vasitəsilə çoxsaylı jurnalistin öz fəaliyyətini rahat və maneəsiz şəkildə həyata keçirdiyinin şahidi olmuşam”

img

Məlum olduğu kimi, ötən həftənin son günləri Bakıda iki icazəsiz aksiya keçirildi. Biri oktyabr ayının 19-da “Milli Şura”nın razılaşdırılmamış mitinqi idi. Həmin günün səhərisi isə bir qrup feminist qadın Bakının Nizami küçəsində, “Torqovı” adlanan ərazidə aksiya keçirib. Aksiya iştirakçıları qadınlara qarşı zorakılıq edilməsini və qadınların qətlə yetirilməsini pisləyib, “Şiddətə susma!”, “Şiddətə dözmə!” şüarları səsləndiriblər. Qeyd edək ki, hər iki mitinqdə polis icazəsiz aksiyanın qarşısını alıb. Aksiya zamanı heç bir insident baş verməyib.

Məlumdur ki, aksiyanı işıqlandırmaq üçün mitinqin keçirildiyi məkanda jurnalistlər də iştirak edirdi. Reportaj hazırlamaq üçün gələn jurnalistlərin tam əksəriyyəti mitinq zamanı üzərində "Press" yazılmış gödəkçələrdə oldular. Ümumən jurnalistlərin aksiyanı işıqlandırmaları üçün şərait yaradıldı. Ancaq aksiya ilə bağlı bir sıra təhlükəsizlik xarakterli məhdudlaşdırıcı tədbirlər, eyni zamanda, media mənsublarına da tətbiq edildi, belə məhdudiyyətlər peşəkar jurnalistlər tərəfindən anlayışla qarşılandı. Bununla belə, bu tələbə məhəl qoymayanlar və ya "yalançı gödəkçələrdə" gələnlər də az deyildi.

Ümumiyyətlə, aksiyada iştirak edən jurnalistlərə peşə fəaliyyətlərini yerinə yetirilmələri üçün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hər bir şərait yaradılmışdı. Ancaq müxalifət düşərgəsində olan bəzi şəxslər sosial şəbəkə vasitəsilə jurnalistlərə öz fəaliyyətlərini icra etmələri üçün şərait yaradılmadığını, maneçilik törədildiyini iddia edirlər. Müşahidələr və hər iki aksiyada iştirak edənlər bunun tam əksini bildirir.

  • “Aksiyanı işıqlandıran jurnalistlərə hüquq-mühafizə orqanlarının əməkdaşları mane olmurdu, əksinə, onlara peşə fəaliyyətlərini yerinə yetirmələri üçün şərait yaradırdı”

Media eksperti Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, aksiyanı işıqlandıran jurnalistlərə hüquq-mühafizə orqanlarının əməkdaşları mane olmurdu. Əksinə, hər iki mitinqi işıqlandıran media əhli aksiyanın gedişatını ictimaiyyətə çatdırmaq üçün mütəmadi olaraq canlı yayımlar açırdı: “Elə özüm də evimdə oturaraq jurnalistlərin aksiyadan canlı paylaşımlarını izləyirdim. Sosial şəbəkə vasitəsilə çoxsaylı jurnalistin öz fəaliyyətini rahat və maneəsiz şəkildə həyata keçirdiyinin şahidi olmuşam. Görüntülərdən açıq-aşkar bəlli olur ki, polislər jurnalistlərə heç bir maneçilik törətməyiblər. Polislər media əhlinə öz fəaliyyətini sərbəst şəkildə həyata keçirmək üçün şərait yaradırdı”.

Günel CƏLİLOVA

Son xəbərlər