İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası, sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış bədii qiraətçi Zülfiyyə Eldarqızı Gəncədə bir qrup şəxsin həyata keçirmək istədiyi pozuculuq fəaliyyətini pisləyir və hesab edir ki, qara qüvvələrin atdığı hər bir neqativ addım ölkə ziyalıları, mədəniyyət və incəsənət adamları tərəfindən etirazla qarşılanır:
“10 iyul 2018-ci il tarixində bir qrup şəxs Gəncə şəhərində iğtişaş yaratmağa, asayişi pozmağa cəhd göstərib. Asayiş pozucularını sakitliyə, qanunlara əməl etməyə çağıran polis əməkdaşları küt, kəsici və deşici alətlərlə silahlanmış şəxslərin hücumuna məruz qalıblar. Nəticədə iki yüksək çinli zabitimiz şəhid olub. Ruhları şad olsun! Mən bir səhnə adamı kimi, dövlətini, dövlətçiliyini sevən bir vətəndaş kimi, Gəncə şəhərində baş vermiş terror hadisəsinə həyəcansız yanaşa bilmədim. Ölkəmizdə pozuculuq fəaliyyəti ilə məşğul olmaq istəyənlərin hərəkətlərini etirazla qarşılayıram. Mən asayiş pozucularının din pərdəsi altında meydana çıxmasını, əslində, xaos, qarşıdurma və insanlıq əleyhinə olan bir akt hesab edirəm. Dövlətinin müstəqilliyini, xalqının firavanlığını istəyən kəs heç vaxt xalqa və dövlətə, ali qanunlarımıza, bayrağımıza və torpağımıza xəyanət yolunu tutmaz. Mən ölkədə pozuculuq, xaos yaratmaq istəyən qüvvələrin hərəkətini kəskin pisləyirəm. Hesab edirəm ki, pozucu qüvvələr layiqli cəzalarını alacaqlar. Azərbaycan dövlətçiliyi əleyhinə yönələn istənilən hadisə xalqın müqaviməti ilə üzləşəcək. Mən bir sənətkar kimi siyasi baxışından, tutduğu vəzifədən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşını milli maraqlar, dövlətçilik və Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşməyə, ölkəmizi istəməyən qüvvələrin təxribatına uymamağa çağırıram. Azərbaycanda, hər zaman olduğu kimi, bu gün də çox etibarlı, sarsılmaz təməllər üzərində qurulan xalq və iqtidar birliyi var. Xalq dövlətin, dövlət də xalqın yanındadır. Bunu insanları terrora çağıran qüvvələr bilməlidirlər. Azərbaycan xalqı heç bir vəchlə ona düşmən qüvvələrin respublikamızda yaratmaq istədikləri özbaşınalığa, vətəndaş tabesizliyinə, xaosa yol verməyəcək". Z.Eldarqızı, həmçinin, qeyd etdi ki, ölkəmizdə pozuculuq fəaliyyəti ilə məşğul olan bütün qüvvələrlə bağlı hüquq müstəvisində tədbirlər görülməlidir. Xəbər xidməti