Arzu Nağıyev: “Hüquq-mühafizə və xüsusi xidmət orqanları da əməliyyat şəraitini tam nəzarətə götürə bildilər”
Gəncədəki hadisələr günlərdir Azərbaycanın ən çox müzakirə olunan mövzularından birinə çevrilib. İki polis zabitinin qətlə yetirilməsi ilə nəticələnən olaylarda sirr pərdəsi yavaş-yavaş aralanmağa başlayır. Məlum olur ki, bu xəyanətkar plan aylar əvvəl hazırlanıb. Sadəcə, Azərbaycanı qarışdırmaq üçün fürsət axtarılıb. Gəncə hadisələri Azərbaycanda xain və satqın qrupları gün üzünə çıxardı.
Şübhəsiz ki, Gəncədə baş verənlər xaricdən, Azərbaycanı istəməyən və erməni lobbisi ilə əməkdaşlıq edən qüvvələrin rəhbərliyi ilə hazırlanıb. Amma şərəfsiz və xəyanətkar dəstənin namərdcəsinə hazırladığı Azərbaycan planı baş tutmadı! Çünki bu plana Gəncə əhalisi və ümumilikdə, Azərbaycan xalqı öz dəstəyini vermədi! Artıq Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında iyulun 10-da Gəncə şəhərində törədilən qanlı cinayətin bütün iştirakçılarının müəyyənləşdirildiyi, 11 nəfərin həbs olunduğu, Rəşad Böyükkişiyevin isə məhv edildiyi bildirilib. Bu böyük təxribatın belə qısa müddətdə qarşısının alınması və Gəncədəki bütün situasiyanın tam nəzarətə götürülməsi nəyin sayəsində mümkün oldu?
Təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev qəzetimizə bildirdi ki, araşdırmalar və təhlillər göstərir ki, Gəncədə baş verən hadisələr, birmənalı şəkildə, dövlətə və dövlətçiliyə qarşı atılan addım olub: “Gəncə şəhərinin icra başçısına qarşı törədilən sui-qəsddən sonra bunların baş verməsi gözlənilən idi. Yəni terror hadisələri müəyyən plana uyğun həyata keçirilir. Qısa bir zamanda fiziki terror informasiya terroru ilə müşayiət olunur, səbəb və məqsəd aydınlaşmağa başlayır. Belə də oldu. Çünki o hadisədən sonra sosial şəbəkələrdə və bir sıra kütləvi informasiya vasitələrində informasiya terroru başladı. Əsas məqsəd də məişət problemlərinin dini zəminə yönəldilməsi üçün çox cəhdlərdən ibarət idi. Bu da ona görə baş verdi ki, Gəncə həm Azərbaycanın ikinci böyük şəhəridir, həm də orada şiəlik çox yayılıb, Azərbaycanın qərb qapısıdır, İmamzadə məqbərəsi və ziyarətgah orada yerləşir. Bu məqamlardan istifadə edən maraqlı xarici dövlətlərin xüsusi xidmət orqanları və düşmən şəxslər bu məsələni qabartmağa başladılar. Buna görə də düşünmək olar ki, bu hadisələr qabaqcadan planlaşdırılmış addımlardır. Təəssüf ki, polisin demokratik və humanist davranmasından sui-istifadə edənlərin əməli böyük faciəyə yol açdı. Əsas məsələ ondan ibarətdir ki, düşmən qüvvələrin gözlədiyinin əksinə olaraq, tez bir zamanda münaqişə sakitləşdirildi. Burada Gəncə sakinlərinin də rolu mühüm əhəmiyyətli idi və hüquq-mühafizə, xüsusi xidmət orqanları da əməliyyat şəraitini tam nəzarətə götürə bildilər, cinayətdə şübhəli bilinən şəxslər həbs edildi. Azərbaycanın dövlətçiliyini sarsıtmaq, müstəqilliyinə xələl gətirmək mümkün olmadı. Zənnimcə, Azərbaycan son illər istər siyasi, istər iqtisadi, istərsə də hərbi baxımdan çox güclənib. Bu isə bəzi dairələrə sərf etmir. Ona görə də bunun qarşısını almağa çalışırlar. Lakin bu istiqamətdə indiyədək lazım olan addımlar atılıb və atılacaq”.
Məhəmmədəli QƏRİBLİ