Məhərrəm Zülfüqarlı: “Azərbaycan xalqı öz dövlətinə tam sadiqdir və Prezidentin ətrafında sıx birləşib”
Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə Bakıda keçirilən möhtəşəm paraddan düz bir həftə sonra ölkənin ikinci böyük şəhəri Gəncədə törədilən terror hadisəsinin arxasında ilk anlardan ölkəmizin artan güc və qüdrətindən narahat olan daxili və xarici dairələrin mütəşəkkil təxribatının dayana biləcəyi versiyası da istisna edilmədi. Aydın görünürdü ki, törədilən qanlı cinayət adi qəsd, sıradan bir terror deyil, məhz siyasi aksiyanın ilkin görüntüsüdür. Bunun arxasında müəyyən məkrli dairələrin çirkin niyyətləri dayanır.
Müəyyən dairələr istədilər ki, bunu sosial ədalətlə əlaqələndirsinlər. Ancaq bu da alınmadı. Çünki məsələnin sosial ədalətlə bağlılığı iddiası inandırıcı deyildi. Axı Gəncə şəhəri sosial problemlərin geniş miqyasda və sürətlə həll edildiyi bölgələrdən biridir.
Gəncə Azərbaycan tarixində məxsusi yeri və çəkisi olan bir şəhərdir. Orta əsrlər intibahının bəşəri dahisi Nizami 9 əsrdir ki, doğulduğu şəhərlə yanaşı, Azərbaycanı və xalqımızı da dünyada ən yüksək səviyyədə tanıdır. Gəncə orta əsrlərin bir neçə Azərbaycan dövlətinin paytaxtı olaraq həm də ümummilli mədəni mərkəz missiyasını bu günədək yaşadan məfkurə şəhəridir. Bu il bərpasının 100 illiyini qeyd etdiyimiz dövlətçiliyimizin bir əsr əvvəl dirçəldilməsi prosesində də Gəncə yeni doğulan müstəqil dövlətimizin ilk beşiyi olub. Bu gün isə Gəncə Azərbaycanda gedən yeniləşmə və tərəqqinin pilot meydanlarından, lokomotivlərindən biridir.
Bütün bunlarla yanaşı, diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, Gəncədə baş verən iğtişaşlar nə Gəncənin özündə, nə ətrafda, nə də bütövlükdə Azərbaycan səviyyəsində heç bir ictimai dəstək qazanmadı. Bu nəyin göstəricisidir? Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, bu ona görə ictimai dəstək qazanmadı ki, kənar qüvvələrin yaratmaq istədiyi bir iğtişaş idi: “Məsələ ondadır ki, qonşu respublikalarda və Yaxın Şərq ölkələrində baş verən ssenariləri Azərbaycanda həyata keçirmək istədilər. Ancaq xalq buna dəstək vermədi və qısa müddətdə iğtişaşlar yatırıldı. Əvvəllər də belə olub. Bəzi dairələr müəyyən təxribatlar həyata keçirmək istəyiblər, amma buna nail ola bilməyiblər. İş ondadır ki, böyük dövlətlərin təxribat yaratmaqla bağlı müəyyən institutları var. Xalqı müxtəlif vasitələrlə təxribata cəlb etmək istəyirlər. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycan xalqı 1988-ci ildən bu cür təxribatları çox görüb. O üzdən, xalq Prezidentə və dövlətə dəstək verir. Ona görə də qısa müddətdə iğtişaşın qarşısı alındı və bunu törədənlər məsuliyyətə cəlb edildilər. Düşünürəm ki, Azərbaycan xalqı öz dövlətinə tam sadiqdir və Prezidentin ətrafında sıx birləşib. O üzdən, narahatlığa heç bir əsas yoxdur. Bundan sonra da belə pozucu hallara yol verilməyəcək”.
Vidadi ORDAHALLI