Zahid Oruc: “Son səfərdə Ermənistanın yeni hökumətini xəyal qırıqlığına uğradan yanaşmalar tətbiq olundu”
Məlum olduğu kimi, Brüsseldə NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşü olub. Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib. Prezident İ.Əliyev görüşdə bir sıra maraqlı mülahizələr yürüdüb və qeyd edib ki, Azərbaycanla NATO arasında güclü tərəfdaşlıq əlaqələri regional təhlükəsizlik və sabitlik məsələlərində mühüm rol oynayır.
Azərbaycanla NATO arasında tərəfdaşlıq əlaqələrinin regional təhlükəsizlik və sabitlik məsələlərində oynadığı rol barədə danışan millət vəkili Zahid Oruc “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, son 20 il ərzində daxil olduğumuz regionun geopolitikası sürətlə dəyişib: “NATO ilə münasibətləri uğurlu şəkildə qurmaq üçün peşəkar diplomatiya, sistemli fəaliyyət, bölgədə qüvvələr nisbətinin düzgün dəyərləndirilməsi, maraqların uzlaşdırılması tələb olunurdu. Bu səbəbdən də ötən illər ərzində bu qurumla bizim siyasətimiz müəyyən bir mərhələyə çatıb. Biz qeyd olunan təşkilatın müxtəlif proqramlarında iştirak edirik. Bu imkan verir ki, ordumuz müasirləşsin, ən qabaqcıl tədris metodlarını, təlimlərini, koordinasiya işlərini bilsin. Həmçinin, biz qətiyyən NATO-nun ölkəmiz üzərindən Rusiya ilə toqquşmasını istəməmişik və buna yol verməmişik”.
Həmsöhbətimizin sözlərinə görə, ölkə başçısının Brüsselə səfəri çərçivəsində NATO-nun yekun sənədində Azərbaycanla bağlı prinsipial məsələlər: ərazi bütovlüyünün təminatı, sərhəd toxunulmazlığı prinsiplərinin əks olunması olduqca önəmlidir: “Bəllidir ki, buna qədərki illərdə bir sıra tərəddüdlər mövcud idi. Baxmayaraq, NATO-nun əksər zirvə görüşlərində Azərbaycanla bağlı son yekun qətnamələrdə israrımızla Ukrayna, Moldova və Gürcüstanla bağlı seçilmiş mövqeni bizə də yönəldiblər. Ancaq son illər Avropa Birliyinin özündə də müəyyən tərəddüdlər var idi. Çox böyük diplomatik bir uğurdur ki, ölkə rəhbəri açıq şəkildə NATO generallarına və Avropa rəsmilərinə Ermənistanın manevr etməsinə yol açan hər hansı bir yanaşmaların qəbulolunmaz olduğunu bildirib. Son səfərdə isə Ermənistanın yeni hökumətini xəyal qırıqlığına uğradan yanaşmalar tətbiq olundu”.
Günel CƏLİLOVA