Məhəmməd Əsədullazadə: “Belə gərgin olan konyukturada ölkəmizin təsiretmə reytinqi üzrə 45-ci yerdə qərarlaşması aparılan geosiyasətin məntiqi nəticəsidir”
Azərbaycan beynəlxalq arenada təsir reytinqində iki pillə irəliləyərək 45-ci yerə yüksəlib. Bu barədə “U.S. News & World Report” saytının reytinqinə istinadən məlumat yayılıb.
O da məlum olub ki, reytinqə ABŞ rəhbərlik edir. Güc və təsir meyarlarına görə Rusiya ikinci, Çin üçüncü yerdə qərarlaşıb.
İlk onluqda Almaniya, Böyük Britaniya, Fransa, Yaponiya, İsrail, Səudiyyə Ərəbistanı və BƏƏ qərarlaşıb. Reytinqdə sonuncu yeri Sloveniya tutur.
Azərbaycan bu meyarlara əsasən Polşa, Yunanıstan, Kolumbiya, Çexiya, Rumıniya, Macarıstan kimi ölkələri qabaqlayır və reytinqdə yer alan yeganə Cənubi Qafqaz ölkəsidir. Bundan başqa, Azərbaycan ən yaxşı ölkələrin reytinqində 64-cü yerdə qərarlaşıb. Bu reytinqdə isə Azərbaycan Ukrayna, Qazaxıstan, Belarus, İran və Serbiya kimi ölkələri qabaqlayır.
Reytinqdə ilk üç yeri İsveçrə, Kanada və Almaniya tutub. İlk onluqda Böyük Britaniya, Yaponiya, İsveç, Avstraliya, ABŞ, Fransa və Niderland yer alıb. Reytinqdə sonuncu yerdə Əlcəzair qərarlaşıb.
Görünən odur ki, Azərbaycanın davamlı və dinamik olaraq inkişaf etməsi bütün parametrlər üzrə göstəricilərinin yaxşılaşmasına öz müsbət təsirini göstərir. Təsadüfi deyil ki, dünyanın bir sıra reytinq agentliklərinin hesabatlarında Azərbaycan ilbəil daha üstün yer tutur. Bu tendensiya hər dəfə dəyişir. Şübhəsiz ki, bütün bunların kökündə ölkədə aparılan məqsədyönlü siyasət və həyata keçirilən islahatlar dayanır. O baxımdan Azərbaycanın beynəlxalq arenada təsir reytinqində iki pillə irəliləyərək 45-ci yerdə qərarlaşmasını ekspertlər necə dəyərləndirirlər? Bu nəyin göstəricisidir?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə bunu bir sıra amillərlə əlaqələndirdi: “Azərbaycanın Avropa ilə sıxlaşan siyasi-iqtisadi əlaqləri, həmçinin, ABŞ-la enerji və təhlükəsizlik sahəsində inkişaf edən münasibətləri ölkəmizin beynəlxalq siyasətdə reytiniqinin yüksəlməsinə səbəb olan əsas amillərdən biridir. Bundan əlavə, rəsmi Bakının müstəqil siyasəti və güclü iqtisadiyyat regionda aparıcı ölkə olmağımızı şərtləndirir. Hazırda ölkəmiz nəqliyyat və enerji sahəsinə, dünyanın enerji xəritəsinin dəyişməsinə töhfə verib. TANAP və TAP layihələri, reallaşması gözlənilən “Transxəzər” enerji layihəsi təbii ki, Azərbaycanın Cənubi Qafqazdan dünyanın reytinq siyahısına düşməsinə başlıca səbəb olub. Biz Ermənistan və Gürcüstana baxdıqda daha əlverişli mövqedəyik. Çünki bu ölkələrin iqtisadiyyatı inkişaf tempində deyil, digər dövlətlərin siyasi təsiri altındadır. Ona görə də Azərbaycan öz müstəqil siyasəti ilə daim dünyanın aparıcı təşkilatlarının diqqətini cəlb edib. Bu gün dünyada qlobal miqyasda gərginlk hökm sürür. Belə gərgin olan konyukturada ölkəmizin təsiretmə reytinqi üzrə 45-ci yerdə qərarlaşması aparılan geosiyasətin məntiqi nəticəsidir. Biz Cənubi Qafqaza fikir versək görərik ki, yalnız ölkəmiz regionun aparıcı ölkəsidir. Fikrimcə, bu tempdə aparılan siyasət göstərdi ki, dünya ilə ümumi maraqlar fonunda əməkdaşlıq daha da məqbul siyasətdir. Azərbaycan daim sülh və təhlükəsizlik üçün siyasət aparan ölkədir. Ölkəmiz beynəlxalq təşkilatlarda öz ərazi bütövlüyünün ədalətli həlli və digər münaqişəli zonalarda beynəlxalq hüququn tanınması istiqamətində təsiredici ölkədir. Artıq dünya dövlətləri də bunun fərqindədirlər”.
Vidadi ORDAHALLI