Azər Həsrət: “Bax, ona görə də dövlət, hakimiyyət və Azərbaycan xalqı əl-ələ verərək o cür ünsürləri faş etməlidir”
Azərbaycanı sevməyən, onun stabil inkişafını həzm edə bilməyən qüvvələr müxtəlif vasitələrlə ölkəyə qarşı qarayaxma kampaniyası aparırlar. Bu zaman həmin qüvvələr əsasən internet resurslarının imkanlarından istifadə edirlər.
Məlum olduğu kimi, bu günlərdə Gəncədə baş verən məlum iğtişaşlar zamanı Azərbaycana qarşı düşmən kəsilən bəzi saytlar, bloq və sosial şəbəkə istifadəçiləri cəmiyyətdə qarışıqlıq yaratmaq üçün müxtəlif çağırışlarla çıxış etdilər. Sözügedən bədniyyətli qüvvələr bütün qarayaxma, şər-böhtan, qızışdırıcı üsullardan istifadə edərək ölkədə qarışıqlıq yaratmağa səy göstərdilər. Faktiki olaraq bəzi saytlar, bloqlar, elektron səhifələr, sosial şəbəkə istifadəçiləri Azərbaycan dövlətçiliyinin əleyhinə işlədilər. Sözügedən internet resursları vasitəsilə cəmiyyəti dövlətə qarşı yönəltməyə çalışdılar. Onların internet resursları üzərindən səsləndirdikləri çağırışlar sırf buna hesablanmışdı. Ölkədə xaos, qarışıqlıq yaratmaq istəyən qüvvələr bəzi sayt, bloq və sosial şəbəkə səhifələrində camaatı məmurları öldürməyə səsləyirdilər. Bu təxribatçılara da bəzi saytlar, bloqlar və sosial şəbəkə istifadəçiləri açıq-aşkar dəstək göstərdilər. Ancaq onların bütün cəhdləri fiaskoya uğradı.
Bu arada o da məlum olur ki, sözügedən neqativ çağırışlarla çıxış edən internet resursları 3 mənbədən qaynaqlanır. Birincisi, əvvəldən Azərbaycana qarşı pozuculuq, qarayaxma fəaliyyəti ilə məşğul olanlardır ki, ölkədəki inkişafı görməzdən gəliblər. İkincisi, xaricdə məskunlaşıb Azərbaycan əleyhinə davamlı olaraq fəaliyyət göstərən radikal müxalifətçi və separatçı şəxslər bu cür xoşagəlməs çağırışların başlıca təmsilçiləridirlər. Ən nəhayət, üçüncüsü, Azərbaycana qarşı hər zamam mənfi münasibət bəsləyən, hətta onların içərisində ermənilərin də olduğu bəzi xarici QHT-lər və siyasi mərkəzlər bu işin içində olublar. Yəni Azərbaycana qarşı məlum çağırışların, ideoloji təbliğat və təxribatların kökü sadalanan bu üç mənbədən qaynaqlanır. Bu baxımdan ekspertlər sözügedən məsələni necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən media eksperti Azər Həsrət buna bir neçə kontekstdən yanaşdı: “Birincisi, məqsədli şəkildə bu işlə məşğul olanlar var. Onların məqsədi ölkəni qarışdırmaqdır. İkincisi, bilməyərəkdən sadəlövhlüyü üzündən o qrupların təsiri altına düşənlər var. Yəni onlar anti-Azərbaycan fəaliyyətinə vasitə olmuş adamlardır. Bunların məqsədi Azərbaycanda qarşıdurma yaratmaq və vətəndaş narazılığını yüksək həddə çatdırmaqdır, eyni zamanda, ümumilikdə, xalqla hakimiyyət arasında uçurum yaratmaqdır, Azərbaycan xalqının hakimiyyətə etimadını sarsıtmaqdır. Xaricdə müəyyən dairələr zaman-zaman Azərbaycana qarşı təbliğat aparıb və bu hələ də var. Ümumilikdə, belə hallara qarşı tədbirlərin görülməsi zəruridir. Hesab edirəm ki, belə hallara qarşı bir qədər sərt və daha konkret addımlar atılmalıdır. Sosial mediadan şəxsən özüm də müşahidə edirəm ki, nə yazdığını, danışdığını, paylaşdığını bilməyən insanlar həddən artıq çoxdur. Yəni baxırlar ki, harda narazılıq var, xoşagəlməz çağırışlar var, o zaman paylaşım edirlər. Görürsən ki, yalandan əsgər ölümləri barədə məlumat yayırlar. Dəfələrlə elə olub ki, mən özüm də belə məlumatları faş etmişəm. Bu cür aldadıcı və əsassız informasiyalar yaymaqla cəmiyyəti çaşdırmaq istəyirlər. Ona görə də dövlət belə hallara qarşı daha sərt və konkret addımlar atmalıdır. Eyni zamanda, biz vətəndaşlar da daha ayıq-sayıq olmalıyıq. Çalışmalıyıq ki, bu halların faş edilməsinə öz töhfəmizi verək. Çünki onların son məqsədi Azərbaycanda vətəndaş qarşıdurması yaratmaqdır. Ölkəni Suriya və İraqa çevirməkdir. Bundan isə təkcə dövlət deyil, Azərbaycan xalqının hər bir fərdi əziyyət çəkəcək. Bax, ona görə də dövlət, hakimiyyət və Azərbaycan xalqı əl-ələ verərək o cür ünsürləri faş etməlidir. Onların cəzalandırılması üçün əlimizdən gələni etməliyik”.
Vidadi ORDAHALLI