Qabil Hüseynli: “Həm Aİ, həm də Rusiya tərəfindən edilən təzyiqlərin nə qədər effektli olduğu...”
Brüsseldə ATƏT-in Minsk Qrupu həmsədrlərinin (İqor Popov – Rusiya, Stefan Viskonti – Fransa və Endryu Sxofer – ABŞ) vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN başçıları Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın ilk rəsmi görüşü baş tutub, tərəflər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini müzakirə ediblər.
Məlum görüşdə habelə ATƏT-in fəaliyyətdəki sədrinin şəxsi təmsilçisi Anjey Kaspşik də iştirak edib. Bildirilir ki, Elmar Məmmədyarov bunadək ATƏT-in MQ həmsədrlərilə ayrıca görüş keçirib. Ermənistan XİN nəticələr üzrə məlumat verib ki, xarici siyasət idarələri başçılarının söhbəti “tanışlıq xarakteri daşıyıb”. Amma Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev önəmli bir ayrıntı haqda xəbər verib: “Söhbət dörd saata yaxın çəkib, bu da hər halda ciddi dialoq, ya da mühüm problemlər üzrə diskussiyanı nəzərdə tutub”. Amma nələr üzrə? Heç bir məlumat verilməyib.
Bununla yanaşı, Hacıyevin “görüşün gedişində Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesinin dolğun müzakirə olunduğu” və “danışıqların mövcud formatda davam etdirilməsinin önəmi qeyd olıunduğu” haqda sözləri mühüm bir nəticəyə gəlmək üçün əsas verir. Belə çıxır ki, Paşinyan hakimiyyəti ilkin şərt kimi irəli sürdükləri qondarma qurumun danışıqlara cəlb edilməməsilə tam razılaşıb.
Ümumiyyətlə, Ermənistanın yeni hakimiyyət nümayəndələri ilə baş tutan 4 saaatlıq Qarabağ danışıqlarından nəyi gözləmək olar?
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Ermənistanda Paşinyan hakimiyyətə gəldikdən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda fasilə yaranmışdı: “Belə təsəvvür yaranırdı ki, bütövlükdə görüşü yenidən bərpa etmək çox çətin olacaq. Çünki düşmən tərəfi danışıqlara mane olan şərtlər irəli sürürdü. ATƏT-in Minsk Qrupu Rusiyanın köməyi ilə danışıqlar prosesini bərpa etməyə nail oldu. Bu mənada Brüsseldə keçirilən görüş həlledici sayıla bilər. Çünki bu görüşdən sonra tərəflərin mövqeləri aydın olacaq. Ermənistan sülh istəyirsə, indiyədək aparılan danışıqların nəticələri ilə hesablaşmalı və görüşlər seriyasını həmin silsilədən davam etdirməlidir. Amma belə görünür ki, düşmən ölkə Rusiyanın təzyiqi altında görüşlərə getsə də, bu danışıqlara tam hazır deyil. Çünki onlar danışıqlarda qondarma separatçı rejimin iştirakının təminini istəyirlər. Ermənistan tərəfi beynəlxalq hüququn şərtlərini də nəzərə almaqla görür ki, Azərbaycan siyasi üstünlük qazanmağa yaxındır. Danışıqlar prosesində Azərbaycanın ərazi bütövlüyünü sual altına ala biləcək iddia irəli sürmək mümkün deyil. Bu nöqteyi-nəzərdən deyə bilərik ki, düşmən ölkə ilə danışıqlar prosesi bu görüşdəki nəticədən asılı olacaq”.
Politoloqun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü məsələsini haqlı olaraq təkidlə tələb etməsi Ermənistanın Dağlıq Qarabağın statusu məsələsini yenidən gündəmə gətirməsinə səbəb ola bilər: “Amma bu təklif və tələblərlə danışıqları irəli aparmaq mümkün olmayacaq. Çünki Ermənistan tərəfi təcavüzkar, Azərbaycan isə təcavüzə məruz qalandır. Bu nöqteyi-nəzərdən düşmən ölkənin lovğalığı və təkəbbürlüyü üçün heç bir əsas yoxdur. Xüsusilə də bölgədə gedən dəyişiklikləri hökmən nəzərə almaq lazımdır. Beynəlxalq hüququ müdafiə edən dövlətlər birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu da onu deməyə əsas verir ki, danışıqlarda ölkəmizin əli daha qüvvətlidir. Bir faktı da deyim ki, hər bir diplomatiyanın arxasında güclü hərbi potensial dayanır. Belə olan halda, diplomatiyanın danışıqları daha kəsərli və təsirli olur. Rusiyanın son dövrdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyində də müəyyən dəyişikliklər sezilir. Çünki indiyədək danışıqların davam etdirilməsində, prosesin dondurulmasında Rusiyanın da əli var. Görünür, qonşu ölkə bu mövqeyindən imtina etmək fikrindədir və Ermənistana təzyiq edir. Bu baxımdan hesab edirəm ki, həm Aİ, həm də Rusiya tərəfindən edilən təzyiqlərin nə qədər effektli olduğu Brüsseldə keçirilən XİN başçılarının görüşündə düşmən ölkənin ortaya qoyduğu mövqedən aydın olacaq. Ermənilər danışıqlarla vaxtı uzatmağa çalışmaq istəsə də, Azərbaycan mənasız və əhəmiyyətsiz olan danışıqlara getməyəcək. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi naminə hərbə hazırdır. Amma Ermənistanın sülhə nail olması üçün danışıqlardan başqa alternativ yolu yoxdur”.
Məhəmmədəli QƏRİBLİ