Elşən Mustafayev: “Bu onların ayılması üçün sərin duş effektini də daşıya bilər”
Məlum olduğu kimi, Avropa İttifaqı və NATO üzv dövlətləri tərəfindən qəbul edilən Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri Sənədində və NATO-nun Brüssel zirvə toplantısının kommunikesində növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü, suverenliyinə, o cümlədən sərhədlərinin toxunulmazlığına hörmət və dəstək ifadə olunub.
Azərbaycanın Xarici İşlər Nazirliyi də bununla bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, 2006-cı ildən başlayaraq NATO üzv dövlətləri zirvə toplantılarının yekununda qəbul olunan bəyanatlarda Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə davamlı olaraq dəstəklərini ifadə edirlər: “Azərbaycan Respublikası Avropa İttifaqı və NATO üzv dövlətləri tərəfindən müvafiq olaraq Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri Sənədi və NATO-nun Brüssel zirvə toplantısının kommunikesində növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü, suverenliyinə, o cümlədən sərhədlərinin toxunulmazlığına hörmət və dəstəyin ifadə olunmasını təqdir edir. Beynəlxalq hüququn norma və prinsipləri, Helsinki Yekun Aktı əsasında dövlətlərin suverenliyi, ərazi bütövlüyü və toxunulmazlığına hörmət edilməsi və dəstək beynəlxalq münasibətlərin əsasını təşkil edir, davamlı sülh və təhlükəsizliyi şərtləndirən vacib amildir”.
NATO və Avropa İttifaqı kimi dünyanın mühüm təsisatlarının ölkəmizin ərazi bütövlüyünə verdiyi növbəti birmənalı dəstəyi necə dəyərləndirmək olar?
Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, belə həssas məqamda ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı iki mühüm qurumun verdiyi birmənalı dəstək olduqca önəmlidir: “Qeyd edim ki, NATO və Avropa İttifaqı bundan əvvəl də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyiblər. Bununla bağlı həmin təsisatların konkret bəyanatları, imzaladıqları yekun aktları var. Ermənistan diplomatiyası uzun illərdən bəri ölkəmizin ərazi bütövlüyünün belə sənədlərdə əks olunmasının qarşısını almaq üçün ortaya başqa bir termin atıb və onun ətrafında manipulyasiya edir. Bu, xalqların öz müqəddəratını təyin etmə prinsipidir. Dəfələrlə vurğulanıb ki, xalqların öz müqəddəratını təyin etmə məsələsi heç bir ölkənin ərazi bütövlüyünün pozulması hesabına başa gələ bilməz. Ancaq ermənilər ikinci amilin ərazi bütövlüyü məsələsindən guya ümdə olduğunu beyinlərə yeritmək istəyirlər. Belə qərarların qəbulu beynəlxalq konvensiyalara əsaslanaraq qəbul edilir. Hay-küylə nəyəsə nail olmaq mümkün deyil. Belə hay-küyü Paşinyan etdi və NATO qarşısında şərt irəli sürdü ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi qurumun yekun sənədində təsbit edilsə, tədbirə qatılmayacaq. Nəticədə Paşinyan deyən olmadı, amma o həm də tədbirdə iştirak etdi. Avropa İttifaqının da eyni anda NATO ilə həmrəylik nümayiş etdirməsi daha səmərəli oldu. Sual oluna bilər ki, qurumlar əvvəl də belə müddəanı sənədlərinə salıblarsa, indiki məqamda bunu daha əhəmiyyətli edən nədir? Bilirsiniz ki, hazırda Ermənistanda yeni hakimiyyət formalaşıb. Həmin hakimiyyət özünü hər vəchlə anti-Rusiya mövqeli, lakin Qərbə yaxın kimi göstərir. NATO və Aİ Qərbə daha yaxın olan təsisatlar sayılır. Paşinyanın tərəfdarları bu qənaətdəydilər və belə təbliğat aparırdılar ki, Qərb Paşinyanı bəsləyəcək və onun nazı ilə oynayacaq. Bu iki sənədin qəbulu bir daha sübut etdi ki, ciddi təsisatlar insan faktoruna deyil, daha dərin strateji məsələlərə önəm verirlər. Bəlli oldu ki, onlar üçün Azərbaycan daha yaxın və əlverişli partnyordur. Bizim ərazi bütövlüyümüzü bütün vacib qurumlar və ölkələr birmənalı olaraq dəstəkləyir. Bir daha xatırladıram ki, bu iki sənədin bizim üçün ən başlıca əhəmiyyəti Paşinyanın Qərbdən gözlədiyi yersiz dəstəyin daşa dəyməsi ilə bağlı oldu. Bu onların ayılması üçün sərin duş effektini də daşıya bilər”.
Məhəmmədəli QƏRİBLİ