Günel Fərhadqızı: “Səfirin son açıqlaması İrəvanın bu xülyasının da reallaşmayacağını təsdiqləmiş oldu”
Ermənistan düşdüyü çətin vəziyyətdən çıxış yolları axtarmaqdadır. Ancaq ən maraqlısı budur ki, həmin ölkə iqtisadi böhrandan çıxmağın yolunu işğalçı siyasətindən imtina etməməklə tapmağa cəhd edir. Bu xüsusda İranla hansısa layihələrin başlanmasına can atır. Ancaq həmin təkliflər İran üçün cəzbedici olmadığı səbəbindən Ermənistanın bu istəkləri də reallaşmır.
İranın İrəvandakı səfiri Seyid Kazım Cəcadi bu günlərdə bildirib ki, Tehran onlara dəmir yolu çəkməyə hazırlaşmır (ən azı, öz hesabına). Diplomat məsləhət görüb: “İran bu dəmir yolunu öz vəsaiti hesabına inşa edə bilməz. İrəvan yatırımçı təqdim edərsə, biz dəmir yolunu işə salmağa hazırıq. Birinci addımı siz atın, biz isə növbətisini atarıq”.
Az ağlabatandır ki, Ermənistan Tehranın bu təklifinə əməl edərək dəmir yolu layihəsi üçün yatırımçı tapa bilər. Məsələnin qiyməti 200 milyon dollardır, amma heç bir yatırımçı risq etmək istəmir: Azərbaycanla münaqişə tənzimlənməyib, buna görə də qarşıdurmanın “qaynar” mərhələsi təzələnəcəyi halda gələcək magistral hərbi zərbələr nəticəsində dağıdıla bilər.
Bununla belə, Ermənistan özünə yatırımçı axtarması təklifi üzərində fikrə gedincə, Azərbaycan təşəbbüsü ələ alıb və nəqliyyat diplomatiyası sahəsində həmləyə keçib. Bakı və Tehran danışıqların gedişində Qəzvin-Rəşt-Astara dəmir yolunun inşası vasitəsilə Azərbaycanın cənubunu İranın şimalı ilə birləşdirməyi qət ediblər.
Səfirin bu açıqlaması İranın Ermənistandan tamamilə üz döndərdiyi anlamına gələ bilərmi?
İqtisadçı Günel Fərhadqızı qəzetimizə bildirdi ki, İranın bu bəhanəsinin kökündə Ermənistanın təklif etdiyi layihələrdən birdəfəlik imtina etmək marağı durur: “Çünki həmin təkliflər İran üçün əlverişli deyil. Xüsusilə də dəmir yolu layihəsilə bağlı artıq İran öz dəqiq seçimini edib. Artıq İranla Azərbaycan arasında yaranacaq dəmir yolu dəhlizində son işlər aparılır. Ermənistanın bu vəziyyətə düşməsinin konkret səbəbkarı özüdür. Ermənistanın yaxın qonşuları ilə münasibətləri gərgin və düşmənçilik həddindədir. Bu da həmin ölkəni regionu əhatə edən bütün infrastruktur layihələrdən məhrum edib. Ermənistanın mövcud rejimi normal siyasət aparsaydı, ölkənin yerləşdiyi coğrafi mövqe onun da layihələrdə iştirakını mümkün edərdi. Ancaq görünən budur ki, Ermənistan həm yürütdüyü siyasətdən əl çəkmək istəmir, həm də layihələrdən kənarda qalmağı həzm etmir. Bu səbəbdən də İranla, Gürcüstanla müxtəlif müştərək layihələrin anonsunu verməyə başladı. Bura birgə dəmir yolunun çəkilişi, avtomagistralın düzəldilməsi, Fars körfəzi ilə Qara dənizə çıxış kimi layihələri aid edə bilərik. Hansıların ki, anonsu yalnız Ermənistan tərəfindən səsləndirilib və ideya olaraq da masa üzərində qalıb. İran və Gürcüstan həmin layihələrə dəstək verdiklərini bəyan etməyiblər. Belə deyilsə, İran və Ermənistanın iştirakı ilə reallaşan böyük layihələrdən birinin adını çəkin. Bunu Ermənistanın blefi də adlandırmaq olar. Məlumdur ki, o cür layihələrin reallaşması üçün külli miqdarda vəsait lazımdır. Həmin məbləğ dilənçi vəziyyətində yaşayan Ermənistanda yoxdur. İran üçün də təklif edilən layihələrin heç bir perspektivi və iqtisadi səmərəsi yoxdur. Səfirin son açıqlaması İrəvanın bu xülyasının da reallaşmayacağını təsdiqləmiş oldu”.
Məhəmmədəli QƏRİBLİ