Şəlalə Cəsur: “Dağlıq Qarabağdakı hadisələrin saxtalaşdırılması cəhdi elə ermənilərin öz əleyhinə işləyəcək”
Tarixi saxtalaşdırmaq üzrə kifayət qədər təcrübə əldə etmiş ermənilər bu yöndə növbəti addım atmaq istəyirlər. Onlar Dağlıq Qarabağdakı separatçı hərəkatın 30-cu ildönümünü tarixləşdirməyə cəhd edirlər. Bununla da saxta bir tarixin əsasını qoymağı planlayırlar.
Azərbaycanın Dağlıq Qarabağ vilayətində erməni separatçı hərəkatın başlanmasının doğrudan da 30-cu ildönümü tamamlanır. 30 il öncə - 1988-ci il fevralın 20-də keçmiş DQMV-nin Xalq Deputatları Soveti bölgənin Azərbaycan SSR-in tərkibindən çıxarılaraq Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqda antikonstitusion bir qərar qəbul edərək, Bakı və İrəvana bu qanunsuz sərhəd dəyişikliyi ilə bağlı müraciət göndərmişdi. Bundan sonra nələrin yaşandığı isə bəllidir. Ermənilər bu separatçı addımlarını “milli azadlıq hadisəsi” kimi tarixə salmağa cəhd edirlər. Onların bütün iddiaları saxta olduğundan, cəhdləri heç vaxt uğur gətirməyib. Uzun illərdir 1915-ci ildə baş verən hadisələri erməni xalqına olan “soyqırım” kimi qəbul etdirməyə çalışsalar da, buna nail ola bilmirlər. İrəvan şəhərinin tarixini saxtalaşdırıb onun erməni şəhəri olduğuna dair saxtakarlıq cəhdləri də uğursuz alınıb. Mötəbər dəlillərlə sübuta yetirilib ki, İrəvan tarixi türk şəhəridir. Ən azı orada olan qədim abidələr bunu sübut etməyə əsas verir. Bundan başqa, Ermənistan prezidenti Serj Sarkisyan bu yaxınlarda Münhen Təhlükəsizlik Konfransında etdiyi çıxışında ermənilərin bölgədə yaşayan aborigen millət olduğunu sübut etmək üçün onların 5 minillik tarixinin olduğunu söyləyib. Onun bu fikri də saxta olduğu üçün, ironik qarşılanıb. Ermənilərin Dağlıq Qarabağdakı separatçı hərəkatı başqa donda tarixə salmaq cəhdləri alınacaqmı?
Ekspert Şəlalə Cəsurun sözlərinə görə, Ermənistanın bu cəhdi alınmayacaq: “Çünki onlar daha çox uzaq tarixi saxtalaşdırmağa cəhdlər ediblər. “30 illik yubiley” iddiaları isə daha çox hadisənin mahiyyətini saxtalaşdırmağa hesablanıb. Ermənistanın ərazi iddiasından doğan və Moskvanın bilavasitə körüklədiyi, müstəsna olaraq Rusiyanın imperiya maraqlarına cavab verən bu böyük avantüranın iki qonşu xalqa hansı müsibətlər gətirdiyini xatırlatmağa yəqin ki, lüzum yoxdur. Ələlxüsus ermənilər hələ də sonu görünməyən bu münaqişəyə görə ilbəil daha ağır bədəl ödəməkdədirlər. Bundan əlavə, ermənilərin atdığı bu addım keçmiş SSRİ-dəki separatçı ocaqların alovlanmasına stimul verdi. Bir sözlə, xalqlara bədbəxtlik gətirdi. Həmin hadisələrdən doğan problemlər hələ də öz həllini tapmayıb. Əslində, ermənilər bu tarixdən utanmalı, onun ört-basdır olunmasına can atmalıdırlar. Ancaq təəssüflər olsun ki, biz bu məsələdə də erməni üzlülüyü, abırsızlığı görürük. Artıq onların o gücü də qalmayıb ki, belə iddiaların rəsmiləşdirilməsinə, tarixə salınmasına nail olsunlar. Bütün dünya erməni disaporunun səylərilə aparılan saxta soyqırımın tanıdılması əməlli-başlı rezonans doğurmayıbsa, bunun heç bir perspektivi yoxdur. Çünki Ermənistandan kənarda olan nüfuzlu diaspor nümayəndələri, demək olar ki, onlardan üz döndəriblər. Onlar Ermənistanla əlaqələrin kəsilməsinə dair diaspor fəallarına açıq müraciətlər edirlər. Düşünürəm ki, Dağlıq Qarabağdakı hadisələrin saxtalaşdırılması cəhdi elə ermənilərin öz əleyhinə işləyəcək”.
Məhəmmədəli QƏRİBLİ