Azərbaycan qazını Türkiyə və Avropa bazarlarına çıxaran və əsrin ən böyük layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”nin sürətlə reallaşması fonunda ona beynəlxalq miqyasda marağın daha da artması müşahidə edilməkdədir. Eyni zamanda öz təbii qaz resurslarını məhz “Cənub Qaz Dəhlizi” vasitəsilə dünya bazarlarına çıxarmaq istəyən ölkələrin də sayında artım müşahidə olunur. Bu xüsusda son dövrlər böyük qaz ehtiyatına malik Türkmənistanın mövqeyi xüsusi diqqət cəlb edir.
Proseslərin gedişi göstərir ki, yaxın tezlikdə Türkmənistanın “Cənub Qaz Dəhlizi”nə qoşulmasını gözləmək olar. Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov da təsdiq edir. O qeyd edir ki, Türkmənistanın “Cənub Qaz Dəhlizi”nə qoşulma imkanları kifayət qədər realdır. Nazir bildirib ki, Türkmənistanın “Cənub Qaz Dəhlizi” layihəsinə qoşulması ilə bağlı danışıqlar artıq uzun müddətdir gedir, bununla bağlı xüsusi formatlar var: “Bu formatlardan biri də Avropa İttifaqının Türkiyə, Azərbaycan və Türkmənistanla birgə apardığı bir sıra danışıqlardır. Bilirsiniz ki, “Cənub Qaz Dəhlizi”nin tikintisi uğurla davam edir, hətta qrafiki qabaqlayır. Artıq layihə yekun fazasına daxil olur. Son zamanlar Türkmənistanın da bu layihəyə marağı artıb. Bir müddət əvvəl Bakıda “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında Türkmənistan Prezidentinin müşaviri Yaxşıgəldi Kakayevin iştirakını bu marağın göstəricisi saymaq olar. Onun tədbirdəki çıxışında da layihəyə maraq əyani şəkildə göründü. Bu çox müsbət haldır”. P. Şahbazov bildirib ki, həm Azərbaycan, həm də Türkmənistan qonşu dövlətlər olaraq enerji sahəsində bir sıra fəaliyyət həyata keçirən dövlətlərdir. Nazir xatırladıb ki, hazırda Azərbaycan və Türkmənistan uğurla əməkdaşlıq edir: “Məsələn, türkmən nefti Bakı-Tiflis-Ceyhan əsas neft ixrac boru kəməri ilə Avropaya nəql olunur. Bir sıra maraqlı layihələrimiz də var”.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakıda olarkən Avropa Komissiyasının Enerji Birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç də Türkmənistanın “Cənub Qaz Dəhlizi”nə qoşulması imkanlarının müzakirə edildiyini açıqlamışdı: “Biz Türkmənistan hökumətinin nümayəndələri ilə dövri olaraq görüşlər keçirir və təmaslar saxlayırıq. Bir neçə il öncə "Transxəzər" boru kəmərinin çəkilməsi ilə əlaqədar Türkmənistan tərəfi ilə danışıqların aparılması üçün Avropa İttifaqı və Avropa Komissiyası bizim nümayəndələrə mandat həvalə edib”. O qeyd edib ki, bu gün türkmən qazının Avropa bazarına çatdırılmasında danışıqlara maraq var: "Şadıq ki, Azərbaycan tərəfi bu danışıqların davam etdirilməsində bizə dəstək verir".
Ekspertlər isə qeyd edir ki, Azərbaycan “Cənub Qaz Dəhlizi” çərçivəsində uğurlu əməkdaşlıq formatı yaradıb. Bu fonda “Cənub Qaz Dəhlizi” ilə bağlı yaradılmış əməkdaşlıq qrupuna İranın da daxil olması gözlənir. Tehran öz qazını artıq Şərqdən Qərbə, məkanları birləşdirən Azərbaycanın energetik infrastrukturundan istifadə etməklə Avropaya çatdıra bilər. İran və türkmən qazının “Cənub Qaz Dəhlizi”nə daxil olması isə onun Qərb üçün cəlbedicilyini daha da artırır. Elə Avropanın özü də hadisələrin məhz bu istiqamətdə inkişafında maraqlıdır. Artıq “Cənub Qaz Dəhlizi”nin əsas tərkib hissələrindən olan TANAP bu ilin iyununda tam istismara veriləcək. Azərbaycan təbii qazını Türkiyədən Avropaya daşıyacaq TAP boru kəməri ilə də bağlı intensiv işlər gedir. TAP-ın icraçı direktoru Luka Sşieppati qeyd edib ki, TAP və “Cənub Qaz Dəhlizi” daha təhlükəsiz, saxələndirilmiş və davamlı enerji qarışığına nail olmaq üçün ən vacib və konkret layihələrdən biridir.
Xatırladaq ki, bu ay Avropa İnvestisiya Bankının İdarə Heyəti Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın təbii qaz şəbəkəsinə qoşulmaq üçün Cənubi İtaliya sahillərinə çıxan TAP boru kəməri üçün 1,5 milyard avro məbləğində maliyyələşdirməni təsdiqləyib. Bank bildirir ki, layihə “Cənub Qaz Dəhlizi”nin bir hissəsidir və Avropa İttifaqının enerji siyasəti çərçivəsində strateji cəhətdən əhəmiyyətli bir komponent kimi Avropa Şurası, Avropa Komissiyası və Avropa Parlamenti tərəfindən müəyyən edilən təşəbbüsdür. Qeyd edək ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) da TAP üçün 1,2 milyard avroya qədər kredit ayırmağı planlaşdırır. Bu məbləğın 500 milyon avrosu EBRD tərəfindən birbaşa kreditlə, 700 milyon avrosu isə sindikatlaşdırılmış kredit formasında olacaq. Kreditin ayrılması barədə qərarın cari ilin ortalarına qədər qəbul ediləcəyi gözlənir. Bunlar Avropada TAP-a böyük marağın göstəricisdir. Layihə qrafikə uyğun icra edilir və TAP 2020-ci ilədək Azərbaycanın “Şahdəniz” yatağından ilk qazı almağa hazır olacaq. İşə düşdükdən sonra TAP boru kəməri Yunanıstan və Albaniya ərazisini qət edərək Şərqdən Qərbə - Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Boru kəməri burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. İşlərin belə intensiv getməsi isə İran və Türkmənistanın boru kəmərinə marağını daha da artırır.
NAHİD