Aydın Mirzəzadə: “Seçki Məcəlləsində edilən dəyişikliklər, seçkinin ədalətli və şəffaf keçirilməsi üçün atılan addımlar...”
Azərbaycanda bütün seçkilərin şəffaf, demokratik və beynəlxalq standartlara uyğun keçirilməsi artıq bir ənənə halını alıb. Seçki demokratiyanın əsas atributlarındandır. Hər dəfə ölkədə seçki keçirilərkən bu kimi məqamlara xüsusi önəm verilir. Eyni zamanda, bu istiqamətdə nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq davam etdirilir.
Nəzərə almaq lazımdır ki, Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərinin də azad və ədalətli keçirilməsi üçün zəngin qanunvericilik bazası mövcuddur. Seçki hər bir ölkənin həyatında mühüm əhəmiyyət kəsb edir. Azərbaycan hökuməti də bunu nəzərə alaraq, istər seçki qanunvericiliyinin təkmilləşdirilməsi, istərsə də seçkilərə hazırlıq məsələlərinə xüsusi diqqət göstərir. Ən əsası da seçkinin azad və şəffaf keçirilməsi üçün bütün imkanlardan istifadə edir.
O da məlumdur ki, seçkilərdə şəffaflığın təmin olunmasında müşahidəçilərin rolu böyükdür. Hər seçkidə həm yerli, həm də beynəlxalq müşahidəçilərə seçkini izləmək üçün əlverişli şərait yaradılmasında da əsas məqsəd məhz şəffaflığın təmin olunmasıdır. Bütün bunların nəticəsidir ki, nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanda aprelin 11-nə təyin edilən prezident seçkilərinə yönəlik fəallığı artmaqdadır. Bir müddət əvvəl ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) belə bir istəkdə olduğunu bəyan etdi. Bu arada məlum olub ki, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) beynəlxalq müşahidəçilər missiyası Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün ölkəyə səfər edəcək. Təşkilatdan bildirilib ki, Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün dörd üzv ölkədən müşahidəçilər gələcək.
Görünən odur ki, Azərbaycanda keçiriləcək seçkiləri müşahidə etmək üçün beynəlxalq təşkilatlar tərəfindən maraq artır. Ümumən bu tendensiyanı ekspertlər necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, Azərbaycanda keçirilən seçkilərin beynəlxalq standartlara cavab verməsi seçkilərin müşahidə olunmasına marağı artırır: “Əvvəla Azərbaycan seçkilərin müşahidəsi üçün açıq bir ölkədir. Həm daxili, həm də xarici müşahidəçilərə bunun üçün bütün şəraiti yaratmağa hazırdır. Necə ki, bundan əvvəl belə şərait yaradılıb. Eyni zamanda, Seçki Məcəlləsində edilən dəyişikliklər, seçkinin ədalətli və şəffaf keçirilməsi üçün atılan addımlar da beynəlxalq təşkilatların marağının artmasına səbəb olur. Onların seçkilərə öz müşahidəçilərini göndərməsi onu göstərir ki, Azərbaycan dünya üçün maraqlıdır. Ölkədə demokratiyanın inkişafı bu gün dünyanın diqqətini cəlb edir. Heç bir şübhəm yoxdur ki, seçkinin nəticələri barəsində beynəlxalq müşahidəçilərdə müsbət rəy yaranacaq. Seçkiyə qədər beynəlxalq müşahidəçilərin sayının artırılması məsələsində Azərbaycan qarşısına konkret bir məqsəd qoymur. Yəni seçkini müşahidə etmək istəyən və müraciət edən hər bir təşkilat üçün lazımi şərait yaradılacaq. Seçkiləri neçə təşkilatın müşahidə etməsi bizim üçün bir o qədər əhəmiyyət kəsb etmir. Əsas odur ki, seçkilər demokratik, şəffaf şəraitdə keçiriləcək. Necə ki, bundan əvvəl seçkilər yüksək səviyyədə keçirilib, qarşıdakı seçkilər də o cür keçiriləcək. Azərbaycan sözügedən məsələdə beynəlxalq standartlara hər zaman əməl edib və bu ənənəsinə sadiqdir. Düşünürəm ki, 11 aprel seçkilərində beynəlxalq müşahidəçilər bir daha bunun şahidi olacaqlar”.
Vidadi ORDAHALLI