Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri, heç şübhəsiz ki, 26 il əvvəl baş verən Xocalı soyqırımıdır. Bir vaxtlar dünyanın nizamını müəyyən edən əsas güc mərkəzlərindən biri sayılan Sovetlər İttifaqının süqutu ilə yaranan mürəkkəb tarixi və ictimai-siyasi şəraitdə dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın, üzləşdiyi ərazi itkisi ilə yanaşı, o dövrdə əsrin ən dəhşətli faciələrindən birini yaşaması ölkənin yeni tarixinə qanla həkk olundu.
O da təəssüfdoğurucu faktdır ki, Xocalı hadisələrinin yaşandığı ilk günlərdə Azərbaycanda həmin vaxt hakimiyyətdə olanların yartımaz siyasəti nəticəsində faciə ilə bağlı əsl həqiqətləri operativ şəkildə dünya ictimaiyyətinə çatdırııb ona obyektiv qiymət verilməsini təmin etmək mümkün olmadı. Halbuki, Xocalı, eləcə də ondan əvvəl xalqımıza qarşı dəfələrlə törədilən soyqırımların ötən əsrin sonlarına qədər öz hüquqi-siyasi qiymətini almaması illər boyu Azərbaycanın üzləşdiyi ən böyük ədalətsizliklərdən biri qismində çıxış edirdi. Təəssüf ki, sözügedən ədalətsizliyin aradan qaldırılması üçün xeyli müddət ərzində heç bir addım atılmadı. Yalnız ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qaydışından sonra yaşanan facilər, o cümlədən Xocalı soyqırımı haqda daha təfsilatlı araşdırmalar aparılmasına start verildi. Eyni zamanda bu hadisələrə hüquqi-siyasi qiymətin verilməsi prosesi başlandı. Burada bir məqama da toxunmaq lazım gəlir ki, həmin vaxta qədər keçmiş SSRİ rəhbərliyinin hərtərəfli dəstəyini alan ermənilər Azərbaycana qarşı məkrli planlarını reallaşdıra bilmirdilər. Halbuki, ölkəmizin ermənilər tərəfindən ərazi bütövlüyünə qəsd planı xeyli əvvəlcədən, özü də müfəssəl şəkildə hazırlanmışdı. SSRİ-yə rəhbərlik edən Mixail Qorbaçovun yanında və Kremldə mərkəzi rəhbərlikdə yer alan ermənilər tərəfindən müdafiə olunan planın reallaşması üçün ciddi işlər görülürdü. Lakin planın praktik mərhələyə keçməsinə Heydər Əliyev amili imikan vermirdi. Məhz bu səbəbdən ermənilərin təhriki və diqtəsi ilə hərəkət edən Qorbaçov ilk növbədə Heydər Əliyevin tutduğu vəzifədən uzaqlaşdırılmasına çalışırdı və təəssüf ki, istəyinə də nail oldu. Onun Siyasi Bürodan uzaqlaşdırılmasından cəmi 15 gün sonra Qorbaçovun xeyir-duası ilə ermənilər Azərbaycana qarşı qəsd planlarının icrasına başladılar. 1987-ci ilin noyabrında M.Qorbaçovun məsləhətçisi olan qatı şovinist A.Aqanbekyanın Parisdə "Humanite" qəzetindəki bəyanatında bildirilirdi ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsinə dair artıq Moskvanın razılığı var. Bütün bunları xatırlayan Heydər Əliyev qeyd edirdi: "Siyasi Bürodan istefa verdikdən 15 gün sonra Qarabağ məsələsi ortaya çıxdı. Qorbaçovun ən yaxın adamı, iqtisadi məsələlər üzrə müşaviri, milliyyətcə erməni olan professor Aqanbekyan Parisdə keçirdiyi bir mətbuat konfransında "Dağlıq Qarabağ Ermənistana verilməlidir" - demiş, bu məsələ ilə əlaqədar Qorbaçovu da qızışdırmışdır. Moskvanın Qarabağ əməliyyatı mənim Siyasi Bürodan getməyimdən 15 gün sonra həyata keçirilməyə başladı. Deməli, bu plan hələ əvvəlcədən hazırlanmışdı, lakin tətbiq olunmasına mən ciddi maneə imişəm".
Belə vəziyyətdə 1988-ci ilin əvvəllərində Qorbaçovun, Silva Kaputikyan başda olmaqla, bir qrup şovinist erməni ilə görüşdüyü üzə çıxdı. Bunun ardınca Xankəndidə, İrəvanda antiazərbaycan və antitürk ruhlu mitinqlər genişləndi. Bundan sonra erməni "Qarabağ Komitəsi", onun Dağlıq Qarabağ Muxtar Vilayətindəki separatçı-terrorçu təşkilatı "Krunk" gizli fəaliyyətlərinə son qoyaraq açıq şəkildə niyyətlərini bəyan etməyə, Azərbaycana qarşı ərazi iddiaları səsləndirməyə başladı. Bunun nəticəsi olaraq ermənilər tərəfindən "Miatsum" adlanan hərəkat da formalaşdırıldı. O dövrdə Azərbaycana rəhbərlik edən şəxslər artıq özünü qabarıq formada və aydın şəkildə büruzə verən Dağlıq Qarabağ münaqişəsinin çözümü istiqamətində hansısa praktik addımların atılmasında acizlik nümayiş etdirirdi. Yalnız Kremlin göstərişləri əsasında atılan addımlar Azərbaycan ərazilərinin qəsb olunması prosesini sürətləndirirdi. Azərbaycan rəhbərliyinin fəaliyyətsizliyi, təslimçilik mövqeyi ölkəmizin əzəli və tarixi ərazisi olan Dağlıq Qarabağda Ermənistanın mövqeyinin daha da güclənməsinə gətirib çıxarırdı. Erməni separatçılarının bu yerlərdə mövqelərinin güclənməsi və ona qarşı rəhbərlik səviyyəsində ciddi tədbirlərin görülməməsi isə ölkə ərazilərinin itirilməsinə, yaşanacaq faciələrə, o cümlədən Xocalı soyqırımına gedən yolun başlanğıcını qoyurdu.
Bu vəziyyətdə SSRİ rəhbərliyi Dağlıq Qarabağın tədricən Azərbaycandan ayrılması üçün müvafiq addımlar atmağa başladı. 1988-ci ilin fevralında Dağlıq Qarabağ Muxtar Vilayətinin yalnız erməni deputatlarının iştirakı ilə keçirilən növbədənkənar sessiyası vilayətin Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilməsi barədə qərar qəbul etdi. Azərbaycan SSR Ali Soveti Konstitusiyaya zidd olan qərarı rədd etdikdən sonra Ermənistanın millətçi rəhbərləri "Daşnaksütyun" partiyasının "Türksüz Ermənistan" proqramını həyata keçirməyə başladılar. Bu isə tarixi Azərbaycan torpaqlarında yaranan indiki Ermənistan ərazisində olan on minlərlə azərbaycanlıya qarşı böyük qəddarlıqlarla müşayiət olunan etnik təmizləməyə rəvac verilməsi demək idi. Elə həmin dövrdə ermənilərin Dağlıq Qarabağda da separatçı fəaliyyəti genişlənirdi. Ölkə rəhbərliyindən heç bir kömək görməyən azərbaycanlılar isə yaşadıqları ərazilərin müdafiəsi məqsədilə özləri könüllü fəaliyyətə başlamışdı. Ermənilərin qəsbkarlıq niyyəti, bir çox yaşayış məntəqələri kimi, Xocalını da özünümüdafiəsini gücləndirməyə vadar etdi. Amma bütün bunlar düşmənin məkrli niyyətlərinin qarşısıın almaq üçün yetrəli sayıla bilməzdi. O dövrdə ermənilərin Xocalı və bütövlükdə Dağlıq Qarabağ üçün yaratdığı təhlükə ilə bağlı Bakıya, Moskvaya saysız-hesabsız teleqramlar vurulsa da, nəticə yox idi. Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən etibarən Xocalı bu problemin ağırlıqlarını öz üzərində hiss edirdi. Ermənistandan qovulmuş soydaşlarımızın və Fərqanədən olan Ahıska türklərinin böyük bir dəstəsi məhz Xocalıya pənah gətirmişdi. 1500 Ermənistan qaçqını və 495 Ahıska türkü Xocalıda məskunlaşmış, onlara torpaq sahəsi ayrılmış, evlər tikilmişdi. Amma bu dövrdə, Ermənistanda olduğu kimi, Kremlin xeyir-duası ilə Dağlıq Qarabağdan da azərbaycanlıların sıxışdırılıb çıxarılması prosesinə start verilmişdi. Təkcə Xankəndidən 18 min azərbaycanlı qovuldu. Xankəndini tərk etməyə məcbur qalan azərbaycanlıların bir qismi yenə də pənah yeri kimi Xocalıya üz tutdu. Azərbaycanın o vaxtkı rəhbərliyi, hadisələrə fəal müdaxilə etmək əvəzinə, Kremldən gələn əmrlər əsasında hərəkət edir, xalqın taleyinə biganə yanaşmağa üstünlük verirdi. Belə vəziyyətdə ermənilər Xocalı maneəsinin mümkün qədər tez neytrallaşdırılmasına çalışır və kiçik bir həmlə ilə Xocalını məhv edəcəklərinə inanırdılar. Elə bu fikirlə 1988-ci il sentyabrın 18-də Xankəndidə keçirilən nümayiş meydanından 12 minə qədər erməni 10 kilometrlik bir məsafəni piyada qət edərək Xocalıya tərəf üz tutdu. Ermənilərdən irəlidə isə 4 "Kraz" və "KamAZ" markalı yük avtomobili gəlirdi. O da məlum olmuşdu ki, ermənilərin arasında xüsusi təlim keçmiş döyüşçülər var. Bundan başqa, ermənilər benzin doldurulmuş butulkalarla, ucu itilənmiş dəmirlərlə silahlanmışdılar. Lakin bunlar Xocalı sakinlərini qorxutmadı. Əksinə, Xocalıya iki kilometr qalmış ermənilərə qarşı az bir qüvvə ilə həmləyə keçən xocalılılar erməniləri geri oturda bildilər. Elə bundan sonra yollarda və digər məntəqələrdə keşik çəkən sovet ordu qüvvələri erməniləri Xocalı sakinlərindən müdafiə etməyə daha çox diqqət yetirirdi. Həmin dövrdə İrəvandan Xocalı aeroportuna edilən gündəlik reyslərin sayı 30-a çatırdı. Bu təyyarələr vasitəsilə ermənilər Xankəndiyə hərbi sursat daşıyırdılar. Ancaq sonradan Xocalı polisinin fədakar əməyi sayəsində Ermənistandan gələn reyslərin sayı 4-ə qədər azaldı. Hətta Moskvanın bu məsələyə qəti etirazını bildirməsinə baxmayaraq, Xocalı polisi inadından dönmədi və sərnişin reyslərindən başqa heç bir yük təyyarəsinin Xocalı aeroportuna enməsinə yol vermirdi.
Beləliklə, Dağlıq Qarabağ münaqişəsi fonunda ermənilərin əsas hədəflərdən biri olaraq Xocalını seçməsi heç də təsadüfi deyildi. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda əsas məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək idi. Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları həm də daha uzağa hesablanmış məqsəd güdürdülər. Onların əsas niyyəti Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Düzdür, buna nail ola bilməsələr də, ermənilər 366-cı alayın köməyilə tarixdə ən dəhşətli qanlı səhifələrdən birinin yazılmasına nail ola bildilər. Bununla ötən əsrdə Xocalı daha bir faciə yaşamış oldu. Düşmən isə yaxşı anlayırdı ki, Xocalının tutulması Qarabağ münaqişəsinin sonrakı taleyində həlledici rol oynayan əsas məqamlar sırasındadır. Ermənilərin diqqətini Xocalıya cəlb edən önəmli səbəblərdən biri isə onun geostrateji mövqeyi idi. Çünki Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşməsilə yanaşı, Qarabağdakı yeganə hava limanı da məhz Xocalıda idi. Ermənilərin əsas istəklərindən biri məhz buradakı hava limanı vasitəsilə Ermənistanla daha rahat əlaqə yaradılmasına nail olmaq idi. Bunun üçün Xankəndiəki sovet ordusundan hərtərəfli dəstək aln erməni şovinistləri Xocalıda tarixin ən qanlı olaylarından biri törətməkdən belə çəkinmədilər. Xocalı sakinləri isə hələ başlarına nələrin gələcəyini bilmədən doğma yurdlarını müdafiəsi istiqamətində mümkün hazırlıqlarını görürdülər...
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.