Ramil Hüseynov: “Hər iki ölkənin dağılmış iqtisadiyyatlarının bərpası Türkiyənin yardımından keçir”
2017-ci ilin iyulunda ABŞ Konqresinin qəbul etdiyi və avqustun 2-də prezident Trampın imzalaması ilə qüvvəyə minən sanksiya qanunu var. Həmin qanunda təkcə Rusiyaya qarşı deyil, bu ölkə ilə iqtisadi-ticari və hərbi sahələrdə iri məbləğlərlə ölçülən sövdələşmələrə gedən üçüncü ölkələrə qarşı da sanksiyaların tətbiqi nəzərdə tutulur.
Son zamanlar ABŞ-la münasibətləri gərginləşən Rusiya müttəfiqlərinin sayını artırmaq məqsədilə rəsmi Vaşinqtonun siyasəti ilə onsuz da razılaşmayan ölkələrə S-400 zenit raket kompleksi satmağa başlayıb. Bu isə ABŞ-da ciddi şəkildə narahatlıq yaradıb. Məhz bu narahatlığın nəticəsidir ki, ABŞ İraq və digər ölkələrə Rusiyadan S-400 zenit-raket komplekslərinin alınmasının fəsadları barədə xəbərdarlıq edib.
Sanksiya ilə hədələnən dövlətlərdən biri də Türkiyədir. Məsələ ondadır ki, ABŞ Dövlət Departamentinin rəsmiləri Türkiyənin Rusiyadan S-400 zenit-raket sistemləri almasına görə ABŞ sanksiyaları ilə qarşılaşa biləcəyini deyiblər. Görünən odur ki, bu istiqamətdə rəsmi Vaşinqton gözlənilmədən fəallığını artırıb. Belə ki, Rusiya ilə S-400 zenit-raket sistemləri müqaviləsinin pozulmasını arzulayan ABŞ rəhbərliyi Türkiyə ilə yeni hava müdafiə sistemi məsələsini həll etməyi təklif edir. ABŞ hökumətinin adı çəkilməyən rəsmisi Türkiyə ilə ABŞ arasında yaşanan böhranın ortadan qaldırılmasının əhəmiyyətini vurğulayaraq, bunun üçün bir müddət öncə ABŞ dövlət katibi Reks Tillersonun Türkiyəyə səfər etdiyini, çox konstruktiv və səmərəli görüşlər keçirdiyini deyib.
Hökumət rəsmisi qeyd edib ki, ABŞ Türkiyənin hava müdafiəsini gücləndirmək istəyini anlayır: “Amma S-400 sistemlərinin Türkiyəyə tədarükü ilə bağlı narahatlıqlarımız var. Bunu açıq şəkildə dilə gətiririk. Bunun NATO ilə birgə əməkdaşlığa mənfi təsirləri ola bilər. Bu, Türkiyəni ABŞ Konqresində yeni qəbul edilən qanun çərçivəsində sanksiyalarla qarşı-qarşıya qoya bilər”.
Bütün hallarda, Türkiyə ABŞ üçün digər ölkələr kimi adi bir dövlət deyil. Türkiyə mühüm strateji coğrafi mövqeyə malik olmaqla yanaşı, 1952-ci ildən NATO-nun üzvüdür. O baxımdan Birləşmiş Ştatlar Türkiyəyə qarşı sanksiya tətbiq etsə, nə baş verəcək?
Məsələyə münasibət bildirən VİP-in sədr müavini Ramil Hüseynovun sözlərinə görə, ABŞ belə bir addım atsa, o zaman Türkiyəni itirə bilər: “Ən başlıcası isə Yaxın Şərqdə qeyri-sabit vəziyyət bir az da mürəkkəbləşə bilər. Məlum səbəblərdən Türkiyə ilə ABŞ arasında fikir ayrılıqları münasibətlərə çox mənfi təsir edib. Ötən aylar ərzində iki dövlət arasında münasibətlər ən kritik səviyyəyə çatıb. Elə məqamlar olub ki, diplomatik əlaqələrin kəsilməsi an məsələsi olub. Birləşmiş Ştatlar belə bir addımı atsa, o zaman Yaxın Şərqdə çox ciddi sıxıntılarla üzləşə bilər. Əvvəla nəzərə almaq lazımdır ki, Türkiyə sıradan bir dövlət statusuna malik deyil. Türkiyə NATO-nun üzvüdür və regionda ciddi çəkiyə malikdir. Bu ölkədə ABŞ-ın hərbi bazaları yerləşir. Türkiyənin yardımı və iştirakı olmadan Yaxın Şərqdə gedən prosesləri tənzimləmək mümkün deyil. O cümlədən, məlum qarşıdurmalar nəticəsində Suriya iqtisadiyyatı viran qalıb. Həmçinin, İraqa da ciddi zərər dəyib. Bu ölkələrin bərpası böyük zaman və kapital tələb edir. Region ölkəsi olaraq Türkiyənin yardımı olmadan bunu reallaşdırmaq mümkün deyil. Hər iki ölkənin dağılmış iqtisadiyyatlarının bərpası Türkiyənin yardımından keçir. Türkiyənin yardımı olmadan bunu etmək mümkün deyil. Ancaq bu məsələdə ən başlıcası regionda sabitliyin bərqərar edilməsidir ki, bu da Türkiyənin dəstəyi olmadan mümkün deyil. Bunu Birləşmiş Ştatlar da yaxşı bilir. Belə olan halda, rəsmi Vaşinqtonun bunu görməzdən gəlməsi ABŞ-ın ciddi risqlərlə üz-üzə qalacağı anlamına gəlir. Bundan daha çox itirən tərəflərdən biri də ABŞ olacaq. O baxımdan hesab edirəm ki, Birləşmiş Ştatlar Türkiyəyə qarşı sanksiyaları tətbiq etmək istəyindən çəkinəcək. Bir məqamı da nəzərə almaq lazımdır ki, sanksiyalar Türkiyəni Rusiya ilə daha da yaxınlaşmaq siyasəti yeritməyə vadar edə bilər. Bu da əsla ABŞ-ın maraqlarına cavab vermir”.
Vidadi ORDAHALLI