Günel Fərhadqızı: “Ermənistan belə cəhdləri İranla sərhəddə də edirdi, ancaq heç bir nəticə vermədi”
Ermənistan mətbuatının yazdığına görə, İsrailin “Lodjistik FTZ” kompaniyası Gümrü şəhər meriyası ilə memorandum imzalayıb. Həmin memorandumun şərtlərinə görə, meriya şirkət üçün 330 hektar ərazi ayırıb.
Bildirilir ki, ayrılan torpağın təyinatı azad iqtisadi zonanın yaradılması üçündür. Gümrü şəhərinin bu xüsusda seçilməsi kimi orada aeroportun olması və Türkiyə ilə sərhəddə yaxın ərazidə yerləşməsi göstərilir. Azad iqtisadi zonanın yaradılmasının səbəbi kimi isə həmin qurumun Avrasiya bazarına rahat nəzarət edə biləcəyi imkanları göstərilir.
Bu anlaşmanın perspektivinə və səmərəliliyinə inanmaq olarmı?
İqtisadçı Günel Fərhadqızı qəzetimizə bildirdi ki, bunun üçün azad iqtisadi zonaların niyə yaradıldığını bilmək lazımdır: “Ayrı-ayrı dövlətlər öz rifahını beynəlxalq əmtəə dövriyyəsinin genişlənməsi hesabına artırırlar. Bu iqtisadi fikir azad ticarət nəzəriyyəsinin formalaşması və inkişafına xidmət edir. Lakin qeyd etmək lazımdır ki, sözün əsl mənasında, azad ticarət praktiki olaraq mövcud deyil. Tarif və kvotaların mövcud olmadığı yeganə müasir dövlət, demək olar ki, Honq Konqdur. Göstərilənlərlə yanaşı, bir çox dövlətlər üçün bazar münasibətlərinin inkişafı üçün zəruri olan əsas amil xarici investisiyaların cəlb edilməsidir. Beynəlxalq iqtisadi münasibətlərdə tədricən öz yerini tapmış ümumi qaydaya əsasən, xarici investorlar ölkə ərazisinə yalnız kapital deyil, həmçinin, nəticə etibarilə ölkənin iqtisadi artımına xidmət edən təcrübə və biliklər də gətirirlər. Malların dövlətin gömrük ərazisindən kənarda hesab edildiyi özünəməxsus keyfiyyətli xarici ticarət anklavı kimi səciyyələndirilən azad iqtisadi zonalar bir çox dövlətlərdə geniş vüsət almağa başlayıb.
Azad iqtisadi zonalar mahiyyət etibarilə milli iqtisadi məkanın ölkənin digər ərazilərində tətbiq edilməyən xüsusi güzəştlər və stimullar sisteminin istifadə edildiyi hissəsini bildirir. Ermənistanın Gümrü şəhəri bu tələblərə cavab vermir. Ola bilər ki, İsrail firmasının orada təmsil olunmaqda həm də başqa məqsədləri var. Göründüyü kimi, deyilən azad zonalar daha çox iki ölkənin sərhədində yaradılır. Ermənistanın təklif etdiyi şəhər isə Türkiyə ilə həmsərhəddir. Türkiyə ilə Ermənistanın diplomatik əlaqələrinin olmadığını və sərhədlərin bağlı olduğunu nəzərə alsaq, onda bu zonanın perspektivsiz olacağı indidən bəllidir. Ermənistan belə cəhdləri İranla sərhəddə də edirdi, ancaq heç bir nəticə vermədi. Məntiqlə İranla həmsərhəd olan ərazidə bunu yaratmaq Ermənistan üçün daha sərfəli idi. Ermənistan son vaxtlar ancaq ideya səsləndirməklə məşğuldur. Ölkədə yürüdülən siyasət Ermənistanı elə vəziyyətə salıb ki, heç bir layihə alınmır. Çünki ölkə ətraf aləmdən tamamilə təcrid vəziyyətinə gəlib”.
Məhəmmədəli QƏRİBLİ