Mehman Muradlı: “... qondarma qurumdan köçün qarşısını almağa hesablanıb”
Son vaxtlar Ermənistan KIV-ində həmin ölkənin rəsmilərinin qondarma “Dağlıq Qarabağ Respublikası”na etdiyi səfərlər barədə məlumatların yayılması intensiv hal alıb. Hətta Ermənistanda prezident seçilməyə real namizəd sayılan Armen Sakisyan belə öz təbliğatını orada aparmağı məqbul sayır.
Bəllidir ki, Azərbaycan onun icazəsi olmadan Dağlıq Qarabağa edilən istənilən səfəri cinayət sayır və bunu edən şəxslərin adını “qara siyahı”ya əlavə edir. Ermənistan işğalçı siyasəti nəticəsində Azərbaycan torpaqları vasitəsilə Dağlıq Qarabağ ərazisinə maneəsiz səfərlər təşkil edə bilir. Erməni KİV-ində qondarma qurumun “Mədəniyyət Nazirliyi”nin əməkdaşı, turizmin idarə olunması üzrə proqramın rəhbəri Artak Qriqoryanın sosial şəbəkə səhifəsində yayımladığı, 2017-ci il ərzində işğal altında olan ərazilərə səfər edən tanınmış xarici ölkə vətəndaşları barədə hesabat xarakterli məqaləsi dərc olunub. Belə ki, Artak Qriqoryan öz hesabatında Türkiyə, Polşa, İran və Almaniya vətəndaşları olan iş adamlarının, həmçinin, tanınmış şəxslərin Qarabağa səfər etdiklərini və bununla qondarma “respublika”nın inkişafina töhfə verdiklərini bildirib. Göründüyü kimi, Ermənistan rəsmiləri bu halların olmasını nəinki gizlətmir, hətta buna haqq qazandırmağa çalışırlar.
Erməni rəsmilərinin son vaxtlar qondarma quruma edilən səfərlərindəki intensivləşmə nə ilə bağlı ola bilər?
Ekspert Mehman Muradlı qəzetimizə bildirdi ki, hətta Ermənistanın özündən belə Dağlıq Qarabağ ərazisinə edilən səfərlər qanunsuz sayılır: “Biz həmin ölkə ilə müharibə şəraitində olduğumuz üçün, Ermənistandan olan adamların adını “qara siyahı”ya salmırıq. Bizim hədəfimiz budur ki, torpaqlarımızı bütünlüklə erməni işğalından təmizləyək. Bu məsələdə fərdlərlə mübarizə səmərəli olmaz. Biz bütöv bir dövlətlə müharibə aparırıq. Buna da az qalıb. Azərbaycan öz ərazilərinə tam nəzarəti bərpa edəndən sonra bu detallar öz həllini tapacaq. Erməni məmurların və bəzi siyasətçilərin son vaxtlar oralara tez-tez getməsinin səbəbi bəllidir. Hazırda Ermənistanda mühüm dəyişiklik gözlənir. Ölkə idarəetmə sistemini dəyişərək parlament respublikası modelinə keçir. Prezident seçkiləri gözlənir. Həmçinin, Dağlıq Qarabağla bağlı danışıqların intensivləşəcəyi gözlənir. Ermənistan dalana dirənəcək və müəyyən kompromislərə getməyə məcburdur. Dağlıq Qarabağ kartı oranın siyasətçiləri, dövlət rəsmiləri üçün önəmlidir. Bundan həm təbliğat kimi istifadə edirlər, həm də oradakı rejimə və az sayda olan əhaliyə nəzarəti bir qədər də möhkəmləndirirlər. Digər bir səbəb isə odur ki, bu səfərlər qondarma qurumdan köçün qarşısını almağa hesablanıb. Oradakı səfalət, təhlükəsizliyin olmaması əhalini hərbi xuntanın əlində olan ərazini tərk etməyə vadar edir. Erməni rəsmiləri ora səfər etməklə həmin əhaliyə gələcəklə bağlı şirin vədlər verirlər ki, iztiraba az qalıb, dözmək lazımdır”.
Məhəmmədəli QƏRİBLİ