Əli Əliyev: “Bu səfərdən sonra İran rəsmilərində bu qənaət daha möhkəm formalaşacaq”
İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib. Qeyd edək ki, Əmir Hatəmi bu posta yeni təyin olunub və onun ilk xarici səfəri məhz Azərbaycana reallaşıb. Onun müdafiə naziri Zakir Həsənovla görüşü olub.
Qonaqları salamlayan general-polkovnik Z.Həsənov general-mayor Ə.Hatəmini müdafiə naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və bu vəzifədə ilk xarici rəsmi səfərini məhz Azərbaycana etməsini iki ölkə arasında dostluq əlaqələrinin yüksək göstəricisi kimi dəyərləndirib.
Nazir Azərbaycan-İran münasibətlərində qarşılıqlı etimadın yaradılmasında və inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin və dövlət başçısı İlham Əliyevin xidmətlərini xüsusi vurğulayıb.
Regiondakı hərbi-siyasi vəziyyətdən danışan general-polkovnik Z.Həsənov Dağlıq Qarabağ münaqişəsinin bu günədək həll olunmamasının regional sabitliyə ciddi təhdid təşkil etdiyini iranlı həmkarının diqqətinə çatdırıb.
Nazir, həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü, suverenliyi çərçivəsində həll olunması üçün səylərinə görə İran tərəfinə minnətdarlığını bildirib.
Dövlətlərimiz arasındakı dini, tarixi, mədəni əlaqələrin mehriban dostluq ənənələrinə əsaslandığını, ölkələrimiz arasında, bir çox istiqamətlərdəki kimi, hərbi sahədə də əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayan general-mayor Ə.Hatəmi ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və münaqişənin həlli ilə bağlı ədalətli mövqeyini dəstəklədiyini bəyan edib.
O qeyd edib ki, İran müsəlman dövləti olaraq Azərbaycanın müdafiə qabiliyyətinin artırılmasında maraqlıdır və bu sahədə istənilən yardımı göstərməyə hazırdır.
Görüşdə Azərbaycan və İran orduları arasında hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil üzrə əməkdaşlığın inkişaf perspektivləri, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili və maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
İranın yeni müdafiə nazirinin ilk xarici səfəri məhz Azərbaycana etməsi nəyin göstəricisi sayıla bilər?
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, bu, İranın siyasi çevrələrində İsrail-Azərbaycan münasibətlərinə olan münasibətin təzahürüdür: “İran tərəfi hesab edir ki, İsrail Azərbaycan ərazisi vasitəsilə onun əleyhinə kəşfiyyat və başqa əməllər həyata keçirir. İranla İsrail arasında olan münasibətlər son günlər ərzində daha da gərginləşib. Biz bunu Münhen təhlükəsizlik sammitinin gedişində də müşahidə etdik. Yadınızdadırsa, həmin vaxt İsrailin baş naziri Netanyahu ilə İranın xarici işlər naziri Zərif arasında gərginlik, hətta söz atışması yaşandı. Bu hal münasibətlərin çox gərgin olmasından xəbər verir. Hesab edirəm ki, dediyiniz səfər də məhz bu amillə bağlıdır. Azərbaycan xarici siyasət kursunda müstəqildir və sərbəstdir. Xüsusilə də yaxın qonşularımıza hansısa dövlətlərin bəslədiyi münasibət bizə təsir etmir. Azərbaycanın həm İsrail, həm də İranla xoş münasibətləri var. Mən bu yaxınlarda İranda səfərdə olan zaman da belə fikirlər səsləndi ki, İsrailin Azərbaycan ərazisi vasitəsilə İrana yönəlik bəzi fəaliyyətdə olmasına dair mülahizələr mövcuddur. Bu baxımdan da onların gəlib bu məsələləri aydınlaşdırmaları yaxşıdır. Əminəm ki, Azərbaycan tərəfi yaxın qonşumuza yönəlik fəaliyyət üçün heç bir ölkəyə imkan verməz. Bu səfərdən sonra İran rəsmilərində bu qənaət daha möhkəm formalaşacaq”.
Məhəmmədəli QƏRİBLİ