Qabil Hüseynli: “Ola da bilər ki, onlar Dağlıq Qarabağ konfliktinin mahiyyətini, anatomiyasını tam dərk etməyə başlayıblar”
Brüsseldə baş tutmuş Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının iclasında Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik üzrə xidmətinin rəhbəri Federika Mogerini olduqca maraqlı bəyanatla çıxış edib. O bildirib ki, Azərbaycan Avropa İttifaqının vacib tərəfdaşıdır və Aİ onun müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü tamamilə dəstəkləyir.
İstifadə etdiyi diplomatik leksikona diqqət yetirsək, Mogerininin bu bəyanatını misli görünməmiş hesab etmək olar. İş burasındadır ki, 2015-ci ildən başlayaraq Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi barədə bəyanatlar Aİ prezidenti Donald Tuskun və Mogerininin özünün də çıxışlarında dəfələrlə səslənib. Lakin “tamamilə” (“bütövlükdə”, “tam həcmdə”) sözü Avropa İttifaqının rəsmi bəyanatında ilk dəfədir səslənir. Mogerininin bəyanatı Avropa İttifaqının tərəfdaş ölkələrin, ələlxüsus Azərbaycanın ərazi bütövlüyünün qorunması probleminə yanaşmada keyfiyyətcə yeni münasibətin məntiqi davamı oldu.
Maraqlıdır ki, Mogerininin bəyanatı İlham Əliyevin hakim Yeni Azərbaycan Partiyasının qurultayında etdiyi proqram xarakterli nitqinin ertəsi günü səslənib. Xatırladaq ki, məhz həmin qurultayda partiyanın lideri İlham Əliyevin Azərbaycan prezidentliyinə namizədliyi irəli sürülüb. Öz nitqində İ.Əliyev Avropa İttifaqı ilə münasibətlərdə tərəqqini yüksək qiymətləndirib və Azərbaycanın ərazi bütövlüyü məsələsində Aİ-nin bütün institutlarının aydın mövqeyini qeyd edib.
Avropa İttifaqı rəsmisinin Azərbaycanın ərazi bütövlüyünə tam dəstək verməsilə bağlı fikirlərini necə şərh etmək olar?
Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, bu olduqca ciddi məsələdir: “Son zamanlar biz Avropa nümayəndələrindən bənzər bəyanatların verildiyini çox eşidirik. Bu xanımın özü ikinci dəfədir Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyir. Avropa Birliyinin nümayəndələri sırasında artıq dördüncü yüksək rütbəli şəxsdir ki, bənzər mövzuda açıqlama verir. Ancaq Mogerininin son fikrini olduqca mühüm və qiymətli saya bilərik. Çünki Azərbaycanın ərazi bütövlüyünə tam dəstəyi ifadə edən sadə adam deyil, həmin qurumun yüksək vəzifəli şəxsidir. Özü də xarici siyasətə məsul olan adamın belə açıqlama verməsi çox sevindiricidir. Qurum olaraq isə bu günlərdə Avropa Parlamenti separatçılığı kəskin pisləyib və ölkələrin ərazi bütövlüyünün BMT-nin müəyyən etdiyi qaydalara uyğun tanıdığını bildirib. Təəssüflər olsun ki, biz analoji yanaşmaları Rusiya siyasətçilərinin dilindən eşidə bilmirik. Yaranmış vəziyyətə belə qiymət verə bilərik ki, görünür, Avropa artıq ikili standartlardan tam əl çəkib. Ola da bilər ki, onlar Dağlıq Qarabağ konfliktinin mahiyyətini, anatomiyasını tam dərk etməyə başlayıblar. Görürlər ki, Azərbaycan tam haqlıdır. Bura Azərbaycanın yürütdüyü uğurlu xarici siyasət kursunu və cənab İlham Əliyevin keçirdiyi xarici görüşlərin əhəmiyyətini də əlavə edə bilərik. Çox böyük uğurdur və yəqin ki, bunun xeyrini yaxın zamanlarda görəcəyik”.
Məhəmmədəli QƏRİBLİ