Fikrət Sadıqov: “Ölkə prezidenti terrorçu dəstənin başçısını qəhrəman kimi qələmə verirsə, deməli, terrorçunun hərəkəti ilə razıdır, özü də terrorçudur”
Türkiyəyə qarşı daim düşmənçilik münasibəti bəsləyən ermənilərin ASALA təşkilatı keçən əsrin 70-80-ci illərində türk diplomatlarına və vətəndaşlarına qarşı silsilə terror aktları həyata keçirib. Bu terror aktları zamanı onlarla insan, o cümlədən, Avropa ölkələrindən olan vətəndaşlar da qətlə yetirilib. Yeri gəlmişkən, onu da qeyd edək ki, ermənilər Avropada törətdiyi terror aktlarını Fransada da həyata keçiriblər.
Erməni canilərin Fransada türk diplomatlarına qarşı törətdikləri terror aktları 1980-ci illərə təsadüf edib. 24 sentyabr 1981-ci ildə məhz məşhur terrorçu Monte Melkonyan Parisdəki Türkiyə Səfirliyinə hücum təşkil edib. Həmin ilin noyabrında Fransa polisi onu həbs edib, həbsi zamanı üstündən saxta sənədlər aşkar olunub. Melkonyanın həbsinə cavab olaraq ASALA bir neçə terror hadisəsi törədib və sonda Fransa hökuməti terrorçunu Livana deportasiya edib. Lakin bir müddət sonra o, saxta sənədlərlə yenidən Fransaya qayıdıb. 1983-cü il iyul ayının 15-də Melkonyan Parisdəki Orli beynəlxalq hava limanında törədilən terror aktında fəal iştirak edib. ASALA-nın Türkiyə Hava Yolları şirkətinə məxsus bölmədə törətdiyi terror aktı zamanı 8 nəfər həlak olub, 54 nəfər yaralanıb. Terror törədən üç erməni yalnız 1985-ci ildə həbs olunub və onlar 6-15 il müddətinə azadlıqdan məhrum ediliblər. Həmçinin, Melkonyan da 1985-ci ildə Fransa polisi tərəfindən yenidən həbs olunub və terror aktının təşkilində günahkar bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib. Lakin Melkonyanın cəzaçəkmə müddəti müəmmalı şəkildə azaldılaraq 1989-cu ildə azadlığa buraxılıb.
Reallıq ondan ibarətdir ki, Fransa ermənilərin Avropada törətdikləri terrordan zərər görən ölkədir. Belə olan halda, Fransanın erməni diasporunun təsiri altına düşərək Ermənistan prezidentinin terrorçu Melkonyana sərgilədiyi yüksək münasibətə biganə yanaşması anlaşılan deyil.
Məlum olduğu kimi, Azərbaycan Xarici İşlər Nazirliyi haqlı olaraq Fransa XİN-in açıqlamasına münasibət bildirərkən bu məqama toxunub. Həmçinin, Fransa tərəfini Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsində aqressiv separatizmin 30 illiyi ilə əlaqədar qondarma rejimə ünvanladığı 20 fevral tarixli təbrikinə də diqqət yetirməyə çağırıb: “Hesab edirik ki, beynəlxalq terrorizmdən əziyyət çəkən Fransanı Ermənistan prezidentinin bu təbrik məktubunda Fransa ərazisində də qanlı terror törədən və günahsız Fransa vətəndaşlarını qətlə yetirən terrorist Monte Melkonyandan qəhrəman kimi iqtibas gətirilməsi ciddi narahat etməlidir”.
Bu baxımdan, ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransanın bunu görməzdən gəlməsi təəccüb doğurmaya bilməz.
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun fikrincə, Fransa kimi böyük dövlətçilik ənənələri olan bir ölkənin bunu görməzdən gəlməsi qəbulolunan deyil: “Fransa kimi bir dövlət bunun fərqində olmalı və hansısa formada buna dərhal münasibət bildirməli idi. Nəzərə almaq lazımdır ki, ermənilərin Dağlıq Qarabağda qurduqları separatçı qurum terror aktları sayəsində ərsəyə gəlib. Ermənilər təkcə Azərbaycanda deyil, o cümlədən Avropada, Rusiyada müxtəlif terror aktları törədiblər. Hətta ermənilərə yaxın olan aparıcı dövlətlərin ərazilərində terror aktı törədiblər. Onlardan biri də Fransadır. Bu baxımdan, Melkonyan “parlaq” terrorçulardandır və o, bəzi terror aktlarını Fransada həyata keçirib. Terror aktında təkcə türklər deyil, o cümlədən Fransa və digər ölkələrin də vətəndaşları qətlə yetiriliblər. Sarkisyanın məlum fikirləri, bütün mənalarda, beynəlxalq hüquq və sivil normalara ziddir. Bu, birbaşa olaraq, Ermənistan rəsmilərinin terrorçularla bağlılığını sübuta yetirir. Belə olan halda, rəsmi Parisin erməni lobbisi ilə olan münasibətlərə görə bunu görməzdən gəlməsi doğru yanaşma deyil. Ölkə prezidenti terrorçu dəstənin başçısını qəhrəman kimi qələmə verirsə, deməli, terrorçunun hərəkəti ilə razıdır. Eyni zamanda, dövlət başçısının özü də terrorçudur. Düzdür, Fransa XİN-i cavab açıqlamasında Dağlıq Qarabağda separatçı qurumu tanımadıqlarını bəyan etdilər. Ancaq bunu tam yetərli hesab etmək olmaz. Gərək Fransa Sarkisyanın məlum hərəkətinə görə Ermənistana öz etirazın bildirərdi. Bütün bunlara rəğmən, Azərbaycanın ictimai təşkilatları da buna cavab verməli, bir sıra faktlar ortaya qoyulmalıdır. Avropa Şurasında, Parlament Assambleyasında, digər beynəlxalq təşkilatlarda biz xüsusi bir bəyanat yaymalıyıq. Bununla bağlı faktları ortaya qoymalıyıq. Bu minvalla, Sarkisyanı birmənalı şəkildə ifşa etməliyik. Çünki bizim bununla bağlı kifayət qədər əsaslarımız və tarixi faktlar da var”.
Cəmilə QARAYEVA