Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) və Respublika Baş Prokurorluğu 1988-ci il Sumqayıt hadisələri ilə bağlı birgə bəyanat yayıb. “Trend"-in məlumatına görə, Sumqayıt hadisələrinin 30-cu ildönümü ilə bağlı keçirilən tədbirdə Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qeyd edib ki, Xarici İşlər Nazirliyi ilə Baş Prokurorluq tərəfindən imzalanan bəyanat Azərbaycan, rus və ingilis dillərində yayılacaq.
Bəyanatda Sumqayıt hadisələrinin qəsdən və sifarişlə törədildiyi qeyd edilir: "1980-ci illərin sonlarından başlayaraq Ermənistan Azərbaycana qarşı əsassız və qeyri-qanuni ərazi iddialarını həyata keçirməyə cəhd göstərərək zorakılıq əməllərinə, terrora, etnik zəmində təxribatlara və hərbi gücdən istifadəyə əl atdı. Bu zorakılıq əməlləri Azərbaycanın Dağlıq Qarabağ regionu və Ermənistan ərazisində yaşayan köklü Azərbaycan əhalisinə qarşı hücumlarla başlayaraq, 1991-ci ildən Ermənistanın Azərbaycana qarşı açıq hərbi təcavüzü ilə davam etdi, minlərlə azərbaycanlı mülki əhalinin öldürülməsi, bir milyondan artıq azərbaycanlının Ermənistan ərazisində və işğal olunmuş Azərbaycan ərazilərində qanlı etnik təmizləməyə məruz qalması, işğal olunmuş ərazilərin talan edilməsi ilə nəticələndi.
Ermənistan ərazisində yaşayan azərbaycanlı əhalinin kütləvi qovulmasını, Dağlıq Qarabağın Azərbaycandan ayrılmasını, Ermənistanın Azərbaycana qarşı qeyri-qanuni işğalçılıq və anneksiya siyasətini və bu məqsədə nail olmaq üçün zorakı metodlarını “əsaslandırmaq” üçün anti-Azərbaycan kampaniya həyata keçirən Ermənistan rəhbərliyi, erməni şovinist ideoloqları və ekstremist təşkilatları 80-ci illərin sonlarında Azərbaycanın müxtəlif regionlarında etnik zəmində qarşıdırma planlaşdırır və həyata keçirirdilər".
Bildirilir ki, 1988-ci ilin fevralında Sumqayıtda etnik zəmində törədilən iğtişaş həmin dövrdə bu sıradan olan məqsədyönlü təxribatların kulminasiyası idi: "Bakının 30 kilometrliyində yerləşən, on beşdən artıq müxtəlif millətin yaşadığı Sumqayıt şəhərinin əhalisi 1988-ci ildə 258.000 nəfər təşkil edirdi və bunun təqribən 18.000-ni etnik ermənilər idi. 1988-ci ilin fevralına qədər Sumqayıtda etnik zəmində hər hansı qarşıdurma olmamış və bu gün də Sumqayıt digər Azərbaycan şəhərləri kimi çoxmillətli və çox konfessiyalı xüsusiyyətini saxlamaqdadır.
1988-ci ilin 26 fevralında Sumqayıtın mərkəzi meydanı Azərbaycanın Dağlıq Qarabağ regionunda ermənilər tərəfindən iki gəncin öldürülməsinə etiraz olaraq nümayişçilər tərəfindən tutuldu. Erməni ekstremistləri və təxribatçı agentlər tərəfindən bu etiraz aksiyası iğtişaşa doğru təhrik edildi. İğtişaşı araşdırmaq üçün SSRİ Baş Prokurorluğu tərəfindən cinayət işi başlandı, xüsusilə mühüm işlər üzrə müstəntiq Vladimir Qalkinin rəhbərliyi ilə ölkənin müxtəlif regionlarından cəlb edilmiş 231 nəfər istintaqçı və bir o qədər də əməliyyatçıdan ibarət xüsusi istintaq-əməliyyat qrupu yaradıldı. SSRİ Baş Prokurorluğu tərəfindən aparılan istintaq nəticəsində iğtişaş zamanı 26 erməni, 6 azərbaycanlı olmaqla, 32 nəfərin öldürüldüyü müəyyən edildi, məhkəmənin qərarı ilə 92 nəfər uzunmüddətli həbs cəzasına, 1 nəfər isə ölüm hökmünə məhkum olundu. Lakin SSRİ Baş Prokurorluğu tərəfindən aparılmış istintaqla iğtişaş iştirakçılarının yalnız bir qismi müəyyən edilib məhkəmənin qərarı ilə cəzalandırıldı, SSRİ-nin siyasi rəhbərliyi və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təzyiqləri nəticəsində istintaq məntiqi sonluğa çatdırılmadı, onun təşkilatçıları və sifarişçiləri müəyyən edilmədi".
Bəyanatda deyilir ki, bu cinayətin əsl mahiyyətini açmaq, SSRİ Baş Prokurorluğunun üstündən sükutla keçdiyi məqamları araşdırmaq üçün Azərbaycanın qəti siyasi iradəsinin təzahürü olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi və Azərbaycan Baş prokurorunun 19 mart 2010-cu il tarixli qərarı ilə həmin kütləvi iğtişaşlarla əlaqədar keçmiş SSRİ Baş Prokurorluğu tərəfindən istintaqı aparılaraq sonradan dayandırılmış 5 cinayət işinin icraatı təzələnərək vahid icraatda birləşdirildi və istintaqın aparılması Baş prokurorun birinci müavininin rəhbərliyi ilə prokurorluq, daxili işlər nazirliyi və dövlət təhlükəsizlik xidmətinin müstəntiq və əməliyyatçılarından ibarət yaradılmış istintaq-əməliyyat qrupuna həvalə edildi: "Hazırkı istintaq qrupu tərəfindən toplanmış materialların qiymətləndirilməsi və təhlili təsdiq edir ki, Sumqayıtdakı iğtişaş Azərbaycana qarşı Ermənistan xüsusi xidmət orqanları və SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil edilmiş təxribat olub. SSRİ Konstitusiyası əsasında Dağlıq Qarabağın Azərbaycandan ayrılmasının qeyri-qanuniliyi dərk edən erməni ideoloqları və SSRİ rəhbərliyində onları açıq dəstəkləyən şəxslər ermənilərin və azərbaycanlıların birgə yaşamasının qeyri-mümkünlüyünü əsaslandırmaq, azərbaycanlıların artıq tam şəkildə Ermənistan ərazisindən qovulmasını təmin etmək və Azərbaycanı nüfuzdan salmaq üçün bu təxribata əl atmışlar.
Həmin təxribatın törədilməsində SSRİ DTK-nın məqsədi SSRİ-nin əyalətlərində vəziyyəti gərginləşdirərək güclənən mərkəzdənqaçma meyllərini dayandırmaq, sərt repressiya metodlara əl atmağa bəraət qazandırmaq və güclü mərkəzi Sovet hakimiyyəti olmadan Sovet respublikalarının müstəqil yaşaya bilməyəcəklərini nümayiş etdirmək olmuşdur. Sumqayıt hadisələrinə bənzər iğtişaş və təxribatlar DTK tərəfindən Oş (Qırğızıstan), Fərqanə (Özbəkistan), Tbilisi (Gürcüstan), Vilnüs (Litva) və digər ərazilərdə təşkil olunmuşdu".
Qeyd olunur ki, hadisələr ərəfəsində və hadisələr baş verən gün Sumqayıt şəhərində və ətrafında SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və ordu birləşmələrinin kifayət qədər canlı qüvvəsi və texnikası olsa da, onlar tərəfindən vəziyyətin nəzarət altına alınması üçün vaxtında qabaqlayıcı tədbirlər görülməyib: "Evlərə basqın və digər zorakılıq hərəkətləri əvvəlcədən hazırlanmış siyahı və xüsusi plan əsasında əslən erməni olan Sumqayıt şəhər sakini, dəfələrlə məhkum olunmuş Eduard Qriqoryanın bilavasitə rəhbərliyi və göstərişləri üzrə həyata keçirilmiş, hücumlara məruz qalan ermənilər isə Dağlıq Qarabağın Azərbaycandan ayrılması məqsədini güdən gizli “Krunk” və “Karabakh” komitələrinə ianə verməkdən imtina edən şəxslər olmuşlar.
İğtişaşlarda E.Qriqoryan ermənilərə qarşı xüsusi qəddarlığı ilə seçilmiş, zorlamaya məruz qoyduğu erməni Məjlumyan bacıları tərəfindən istintaq zamanı qəti olaraq tanınmışdır. Məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilən E.Qriqoryan SSRİ dağılandan sonra Ermənistanın həbsxanasına köçürülüb və oradan da dərhal müəmmalı şəkildə azadlığa buraxılıb. Hazırda istintaqı aparılan cinayət işi üzrə ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə, qrup halında zorlama və digər ağır cinayətləri törətməkdə təqsirləndirilən, barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarış elan edilmiş E.Qriqoryanın faktiki yaşadığı ünvanın operativ kanallarla müəyyən olunmasına və ictimaiyyətə bu barədə məlumat verilməsinə baxmayaraq, o, Ermənistanın xüsusi xidmət orqanlarının himayəsi altında üçüncü ölkənin ərazisində azadlıqda yaşamaqda davam edir.
Cinayət işinin materialları bir daha göstərir ki, Sumqayıtın azərbaycanlı sakinlərinin fərdi humanizmi və şücaəti olmasaydı, hadisələr planlaşdırılmış təxribat planına uyğun olaraq, daha geniş miqyas alardı. Milliyyətcə erməni olan şahidlərin ifadələrindən göründüyü kimi, onlarla erməni hadisələr vaxtı azərbaycanlı ailələr tərəfindən öz evlərində yerləşdirilməklə xilas edilmişdir".
Qeyd olunur ki, SSRİ dövründə foto-video çəkilişə xüsusi nəzarət və senzura tətbiq olunmasına baxmayaraq, hadisələrin əvvəlcədən quraşdırılmış vasitələrlə foto-video çəkilişi aparılmış və dərhal SSRİ ərazisindən çıxarılaraq erməni lobbi təşkilatları vasitəsilə anti-Azərbaycan kampaniyasının tərkib hissəsi kimi yayılmışdır: "Ermənistan və erməni lobbisi dairələri tərəfindən Sumqayıt hadisələri qəsdən Azərbaycana qarşı təbliğat və dezinformasiya məqsədilə istifadə edilsə də, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, aparılmış obyektiv və faktlara söykənən istintaq materialları ilə həmin iğtişaşların məhz erməni millətçilərinin və onların havadarlarının öz məkrli niyyətlərinə nail olmaq məqsədilə təşkil edilərək törədilməsi kifayət qədər və təkzibedilməz faktlarla sübuta yetirilib.
Hazırda qeyd olunan iğtişaşların bütün sifarişçisi və iştirakçılarının aşkarlanaraq cinayət məsuliyyətinə cəlb olunması, eləcə də onların və havadarlarının ifşa olunması istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir".
SSRİ Baş Prokurorluğu Sumqayıt hadisələri ilə bağlı istintaqı tam siyasi sifariş əsasında aparıb
Sumqayıt hadisələrində təqsirkarların azərbaycanlılar olması fərziyyələri istintaqın siyasi sifarişə xidmət etməsinə səbəb olub. Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Sumqayıt hadisələrinin 30-cu ildönümünə həsr olunmuş tədbirdə qeyd edib ki, erməni və ermənipərəst qüvvələr tərəfindən Sumqayıt şəhərində törədilmiş cinayətlər Ermənistanın uzun illər Azərbaycana, azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə, ərazi iddiaları, terror və soyqırım siyasətinin tərkib hissəsidir: “Ötən illər ərzində erməni separatçıları öz işğalçı siyasətinə, Xocalı soyqırımına və Azərbaycan torpaqlarında törətdiyi digər cinayətlərə bəraət qazandırmaq üçün Sumqayıt hadisələrinə istinad edir, öz yalanlarını həqiqət kimi təqdim etmək məqsədilə faktların təhrif edilməsi, sənədlərin saxtalaşdırılması və tarix boyu tətbiq etdiyi digər çirkin üsullara tərəddüd etmədən əl atırlar. Sumqayıt şəhərində törədilmiş iğtişaşlarla əlaqədar 28 fevral 1988-ci il tarixdə Sumqayıt şəhər prokurorluğu tərəfindən cinayət işi başlansa da, 1 mart 1988-ci il tarixdə həmin cinayət işi SSRİ Baş Prokurorluğunun istintaq-əməliyyat qrupu tərəfindən icraata qəbul edilərək istintaqı aparılıb. İstintaq-əməliyyat qrupu SSRİ-nin ermənipərəst rəhbərliyinin göstərişi ilə hadisələrin xuliqanlıq edən elementlər tərəfindən törədilməsi fərziyyəsi üzərində dayanıb və bu istiqamətdə istintaq aparıb”.
E.Sultanov bildirib ki, hadisələrdən dərhal sonra Ermənistanda, sovet mətbuatında və beynəlxalq səviyyədə Azərbaycana qarşı informasiya kampaniyasına start verildi: “Sumqayıt şəhərində təşkil olunmuş kütləvi iğtişaşlarla bağlı 1988-1990-cı illərdə aparılmış istintaq və məhkəmə prosesləri nəticəsində həmin hadisələrə obyektiv hüquqi qiymət verilməyib, onların əsl sifarişçiləri və təşkilatçıları müəyyən edilib məsuliyyətə cəlb olunmayıblar. Məhz qeyd etdiklərim Sumqayıt hadisələrinin yenidən araşdırılması zərurətini yaradıb".
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, hadisələrə obyektiv hüquqi qiymət verilməsi, bu cinayətin əsl mahiyyətini açmaq, Azərbaycanın qəti siyasi iradəsinin ifadəsi olaraq Azərbaycan Prezidentinin tapşırığına müvafiq olaraq iğtişaşlarla əlaqədar istintaqı dayandırılmış 5 cinayət işinin icraatı Azərbaycan Baş prokurorunun 19 mart 2010-cu il tarixli qərarı ilə təzələnərək bir icraatda birləşdirilib və istintaqın davam etdirilməsi Baş prokurorun birinci müavininin rəhbərliyi ilə prokurorluq, Daxili İşlər Nazirliyi və həmin dövrdə fəaliyyət göstərmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupuna həvalə edilib: "İstintaqın tam, hərtərəfli və obyektiv aparılmasının təmin edilməsi məqsədilə Azərbaycanın aidiyyəti dövlət qurumlarına, habelə Rusiya Baş Prokurorluğuna və digər xarici ölkələrə müvafiq sorğular göndərilib, Sumqayıt hadisələrinin çoxsaylı şahidlərinin, həmin hadisələrdən məlumatı olan digər insanların, o cümlədən SSRİ Prokurorluğunun istintaq-əməliyyat qrupuna daxil olan şəxslərin ifadələri alınıb, arxiv sənədləri açılıb, mətbuatda verilmiş məlumatlar təhlil edilib, digər zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib".
Onun sözlərinə görə, SSRİ Baş Prokurorluğunun istintaq-əməliyyat qrupu tərəfindən istintaq olunmuş cinayət işlərinin öyrənilməsi göstərib ki, bu hadisələrlə bağlı işin istintaqı tam, hərtərəfli və obyektiv aparılmayıb, hadisələrin əsl mahiyyəti açılmayıb: “Cinayətin bütün iştirakçıları müəyyən edilməyib, bu hadisələrin təşkilatçıları isə ümumiyyətlə məsuliyyətdən kənarda qalıb, onların müəyyən edilib məsuliyyətə cəlb edilməsi üçün heç bir tədbir görülməyib, cinayətin baş vermə səbəb və şəraiti qətiyyən araşdırılmayıb. Doğrudur, hadisələrlə əlaqədar SSRİ Baş Prokurorluğunun ölkənin müxtəlif respublikalarından 231 müstəntiq və bir o qədər də əməliyyatçının cəlb edildiyi istintaq-əməliyyat qrupu tərəfindən böyük həcmdə material toplanıb, bir çox şəxslər məsuliyyətə cəlb ediliblər. Lakin hadisələrlə bağlı istintaqın bilavasitə əvvəlindən hadisələrdə zərərçəkənlərin guya ermənilər, təqsirkar şəxslərin isə azərbaycanlılar olması barədə irəli sürülmüş fərziyyələr istintaqın birtərəfli və kifayət qədər qərəzli aparılmasına, onun müəyyən siyasi sifarişə xidmət etməsinə səbəb olub”.
SSRİ Prokurorluğunun əməkdaşından Sumqayıt barədə bir fikir...
“Sumqayıtdakı iğtişaşlar əvvəlcədən hazırlanmış ssenari üzrə erməni separatçı qüvvələri tərəfindən törədilib” – deyən Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, hazırkı istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş zəruri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisələrin həqiqi mahiyyəti üzə çıxıb, iğtişaşların sovet rəhbərliyində təmsil olunmuş ermənipərəst qüvvələrin göstərişi ilə əvvəlcədən hazırlanmış ssenari üzrə erməni separatçı qüvvələri tərəfindən törədildiyi müəyyən edilib: “Dediklərimin əyani sübutu kimi bir məsələni diqqətinizə çatdırım ki, 31 mart 2016-cı il tarixdə Moskva şəhərində jurnalist Səadət Qədirovanın “Sumqayıt hadisələri barədə ilk mənbələrdən” adlı kitabının təqdimat mərasimində SSRİ Prokurorluğunun ilkin istintaq-əməliyyat qrupunun üzvü olmuş Vladimir Kaliniçenko və qeyriləri çıxış edərək Sumqayıt hadisələrinin erməni lobbisinə xidmət edən SSRİ rəhbərliyinin sifarişi ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil olunduğunu, bu səbəbdən də iğtişaşların təşkilatçılarından heç kimin məsuliyyətə cəlb olunmadığını bildiriblər”.
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri deyib ki, hazırda Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən qeyd olunan iğtişaşların bütün təşkilatçılarının müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması, eləcə də onların və havadarlarının ifşa olunması istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.
E.Sultanov qeyd edib ki, hazırda cinayət işi üzrə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən iğtişaşların təşkilatçıları və onların havadarlarının ifşa olunaraq məsuliyyətə cəlb edilmələri istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.
O bildirib ki, Ermənistan Silahlı Qüvvələri və digər hərbi birləşmələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərində, eləcə də erməni və ermənipərəst qüvvələr tərəfindən Sumqayıt şəhərində törədilmiş cinayətlərlə əlaqədar Baş Prokurorluğun veb-saytında “Sumqayıt hadisələri” bölməsi fəaliyyətdədir ki, həmin bölməyə daxil olmaqla istintaq materialları, eyni zamanda, erməni vəhşilikərini özündə əks etdirən bir neçə dillərə tərcümə olunmuş filmlərlə tanış olmaq mümkündür.
84 erməni əmanət kassasından 143 min rublu öncədən götürmüşdü...
Sumqayıtda zərərçəkən ermənilərin əksəriyyəti "Krunk" cəmiyyətinə maddi vəsait köçürməkdən imtina edənlər olub. Bu sözləri isə Sumqayıt hadisələrinin 30-cu ildönümünə həsr olunmuş tədbirdə İstintaq-əməliyyat qrupunun üzvü, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Nadir Mirzəyev deyib.
Onun sözlərinə görə, istintaq zamanı müəyyən edilib ki, 27-29 fevral 1988-ci il tarixdə Sumqayıt şəhərində baş vermiş məlum hadisələrdə fəal iştirak edənlərdən biri dəfələrlə məhkum edilmiş, milliyətcə erməni Qriqoryan Eduard Robertoviç adlı Sumqayıt şəhər sakini olub. Eduard Qriqoryan öz ətrafında adamları çəmləşdirib onlara rəhbərlik edərək, “Ermənilərə ölüm”, “Ardımca” və sair çağırışlarla özündə olan və əvvəlcədən hazırlanmış siyahıya əsasən erməni millətindən olan şəhər sakinlərinin evlərinə hücumlar həyata keçirib: “İstintaq zamanı hücuma, zorakılığa və işgəncələrə məruz erməni millətindən olan zərəçəkmişlər (Lyudmila və Karina Mejlumyan bacıları, Manvel Petrosyan və digərləri) göstəriblər ki, onların evlərinə hücum edənlərə rəhbərlik və göstəriş verən məhz Eduard Qriqoryan olub, orada olan insanlar onun göstəriş və əmrələrinə əsasən hərəkət ediblər. İstintaq zamanı maraqlı bir fakt da üzə çıxıb. Belə ki, erməni millətindən olan Sumqayıt şəhər sakinlərinin öldürülməsi və zorlanmasına görə məhkum olmuş Eduard Qriqoryan 22 dekabr 1989-cu ildə hökm oxunduqdan sonra SSRİ mövcud olduğu zaman - 26 avqust 1991-ci ildə Yerevan şəhər 1 saylı istintaq təcridxanasına köçürülüb. Ortaya sual çıxır ki, hansı dırnaqarası xidmətlərə görə Eduard Qriqoryan Ermənistana təhvil verilib? 09.02.2015-ci il tarixdə Eduard Qriqoryanın 1 sentyabr 2000-ci il tarixə kimi qüvvədə olan Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar çıxarılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri sesilməklə barəsində axtarış verilib”.
N.Mirzəyev bildirib ki, 1988-ci ilin yanvar-fevral aylarında ermənilər tərəfindən Sumqayıt şəhərindəki əmanət kassalarından əmanətlər kütləvi şəkildə çıxarılıb: “Müəyyən edilib ki, 1988-ci ilin yanvar-fevral aylarında, yəni Sumqayıt şəhərində kütləvi iğtişaş baş verməmişdən əvvəl şəhərdə fəaliyyət göstərilən 14 əmanət kassasından milliyyətcə erməni olan 84 əmanətçi tərəfindən 143.064 rubl məbləğində əmanətlər götürülüb. İstintaqın gedişində həmçinin müəyyən edilib ki, 1988-ci ilin yanvar-fevral aylarında, yəni Sumqayıt şəhərində kütləvi iğtişaş baş verməmişdən əvvəl şəhərdə fəaliyyət göstərən poçt bölmələrindən Ermənistanla çoxsaylı telefon danışıqları aparılıb, pul köçürmələri edilib”.
Böyük müstəntiq qeyd edib ki, istintaqla Sumqayıt şəhərində yaşayan ermənilərin böyük bir hissəsinin “Krunk” cəmiyyətinə pul vəsaitinin köçürülməsi müəyyən edilib: “Aparılmış istintaqla o da müəyyən edilib ki, Sumqayıt şəhərində zərərçəkən ermənilərin əksəriyyəti Dağlıq Qarabağ vilayətində fəaliyyət göstərən “Krunk” cəmiyyətinə könüllü maddi vəsait köçürməkdən imtina edənlər olub. Belə ki, cinayətkar dəstə bir binaya, bloka daxil olaraq birinci mərtəbələrdə yerləşən erməni millətindən olan sakinlərin evlərinə daxil olmayaraq, yuxarı mərtəbələrdə yaşayan ermənilərin mənzillərinə hücum ediblər. Sonradan məlum olub ki, hücuma məruz qalmayan evlərin sahibləri “Krunk” cəmiyyətinə vaxtlı-vaxtında pul vəsaitləri köçürüblər. Şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, “Krunk” cəmiyyətinə pul köçürən ermənilərin evləri demək olar ki, hücuma məruz qalmayıb. Hətta müəyyən edilib ki, erməni millətindən olan müsiqiçilər toydan və digər tədbirlərdən əldə etdikləri pul vəsaitinin bir hissəsini “Krunk” cəmiyyətinə köçürürdülər”.
İstintaq-əməliyyat qrupunun üzvü əlavə edib ki, SSRİ Baş Prokurorluğunun istintaq qrupuna daxil edilmiş Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşlarının ifadələrindən görünür ki, iş üzrə əsas istintaq hərəkətlərini SSRİ Baş Prokurorluğu, həmçinin RF, Ukrayna, Belarusun müxtəlif vilayətlərindən dəvət olunmuş müstəntiqlər icra edib, aparılan istintaq hərəkətlərindən onlar belə nəticəyə gəliblər ki, Sumqayıt hadisələrini ermənilər və xarici dövlətlərin xüsusi xidmət orqanları təşkil edib, istintaq qrupunun rəhbərləri cinayətin sifarişçilərinin və təşkilatçılarının müəyyən edilməsi istiqamətində, demək olar, istintaq hərəkətləri aparmayıb, onların ifşa olunmasında maraqları olmayıb və buna görə də əsas cinayətin icraçıları barəsində işlərin tezliklə tamamlanıb məhkəməyə göndərilməsini tələb edib, azərbaycan milliyyətindən olan müstəntiqləri əsas istintaq hərəkətlərinin icrasından kənarda saxlamağa çalışıblar, onlar əsasən texniki işlərin aparılması ilə məşğul olublar.
Sumqayıtda hətta öz evlərini yandıraraq günahı azərbaycanlıların boynuna atmaq istəyən ermənilər də olub
“Sumqayıtda ermənilər öz evlərini yandırmağa cəhd edərək günahı azərbaycanlıların boynuna atmaq istəyiblər” – deyən N.Mirzəyev bildirib ki, istintaqla müəyyən edildiyi kimi, Sumqayıt şəhərinin keçmiş güc strukturlarının əməkdaşları faktiki olaraq Sumqayıt hadisələrinin istintaq və əməliyyat yolu ilə təhqiqindən kənarlaşdırılsalar da, özlərinin apardıqları təhlillərlə müəyyən ediblər ki, şəhərdə özlərini “Qafandan qovulmuş azərbaycanlılar” kimi təqdim edən 20-25 nəfərdən ibarət təxribat qrupu fəaliyyət göstərir: “Bu barədə onlara hətta bəzi zərərçəkmiş ermənilər də məlumat verib. Həmin məlumatlar SSRİ Baş Prokurorluğunun istintaq-əməliyyat qrupuna çatdırılsa da, naməlum səbəblərdən onların yoxlanması təşkil edilməyib və nəticəsiz qalıb. Həmçinin müəyyən edilib ki, həmin vaxt şəhərdə gedən mitinqlərdə şəhər sakinləri olmayan şəxslər çıxış edərək özlərini Ermənistandan qaçqın düşmüş azərbaycanlılar kimi təqdim edib və erməniləri şəhərdən qovmağa çağırıb, öz aralarında isə erməni dilində danışıblar”.
O əlavə edib ki, Sumqayıt şəhərində törədilmiş kütləvi iqtişaş ərəfəsində Ermənistanın dövlət qeydiyyat nömrəsi altında bir neçə avtomaşının olması, həmçinin Sumqayıt və Bakı şəhərində yerləşən mehmanxanalarda çoxsaylı erməni millətindən olan adamların qaldıqları, iqtişaşdan sonra dərhal çıxıb getdikləri müəyyən edilib. Həmçinin müəyyən edilib ki, Sumqayıt şəhərində yaşayan ermənilər özlərinə məxsus evləri və əmlakı təxribat məqsədilə özləri yandırmağa cəhd göstərərək bunun günahını azərbaycanlıların boynuna atmaq istəyiblər. İstintaq zamanı həmçinin baş vermiş kütləvi iğtişaşların olacağı barədə Sumqayıt şəhərində yaşayan ermənilənin bu hadisələrə qədər məlumatların olduğu da müəyyən edilib.
Böyük müstəntiqin sözlərinə görə, istintaqla həmçinin müəyyən edilib ki, kütləvi iğtişaş ərəfəsində Sumqayıt şəhərinin müxtəlif yerlərində, binaların üzərində videoçəkiliş aparılması üçün hazırlanmış xüsusi avadanlıqlar (videokameranının yerləşdirilməsi üçün ştativlər və s.) yerləşdirilib, iğtişaş zamanı erməni milliyyətli sakinlərə məxsus evlərin qarət edilməsi, qadının küçədə çılpaq vəziyyətdə hərəkəti prosesləri özünü erməni kimi təqdim edən şəxs tərəfindən sovet hərbçilərinin razılığı ilə videogörüntüyə alınıb. Bu faktlar da Sumqayıt şəhərində kütləvi iğtişaşın erməni millətçiləri və keçmiş SSRİ-nin onları dəstəkləyən rəhbər dairələrinin təxribatçıları tərəfindən əvvəlcədən hazırlanaraq həyata keçirildiyini və azərbaycanlıların vəhşi obrazını yaratmaq niyyətini daşıdığını bir daha təsdiq edir.
N.Mirzəvev qeyd edib ki, 1991-ci ilin avqust ayında Moskvada baş vermiş dövlət çevrilişinə cəhd faktına dair başlanmış cinayət işi üzrə yaradılan istintaq qrupunun üzvləri SSRİ daxili işlər naziri Boris Puqonun xidməti otağında axtarış apararkən rəflərdəki sənədlərin arasında məshəti türklərinin Özbəkistandan qovulması, Dağlıq Qarabağ və digər hadisələrlə əlaqədar ayrı-ayrı qovluqların olması müəyyən edilib, onlar vərəqlənərkən Dağlıq Qarabağda fəaliyyət göstərmiş “Krunk” təşkilatı, onların üzvləri, Qarabağla bağlı hadisələr barədə SSRİ DİN-ə ilk günlərdən məlumatların daxil olduğu müəyyən edilib. Bu məlumatlar həm Ermənistan və Azərbaycan Daxili İşlər nazirliklərinin arayışlarından, həm də SSRİ DİN-in müvafiq idarələrinin məlumatlarından ibarət idi. Bəlli olub ki, baş verən bütün hadisələr barədə SSRİ rəhbərliyinin ilk günlərdən məlumatı olub, lakin məqsədli şəkildə hərəkətsizliyə yol verilib: “Kütləvi iğtişaşlar zamanı hərbçilər və qeyrilərinin hərəkətləri nəticəsində D.Xudatov, D.Orucov, Y.Qasımov S. Əliyev və V.Babayevin həlak olmaları faktına görə başlanaraq istintaqı aparılıb icraatına Bakı Qarnizonu Hərbi Prokurorluğu tərəfindən 30.12.1988-ci il tarixdə xitam verilmiş cinayət işi də hazırkı 60206 №-li işə birləşdirilməklə istintaqı davam etdirilib və müəyyən edilib ki, ekstremist ideyalar daşıyıcısı olmuş Bakı şəhər sakini, milliyyətcə erməni olan Valeri Markaryan əsgərləri Sumqayıt şəhərinə gətirib və şəraitdən istifadə edərək yüksək təhlükə mənbəyi olan avtobusu küçədə dayanmış dinc sakinlərin üstünə sürərək 5 nəfər azərbaycanlını qəsdən öldürüb. V.Markaryanın Sumqayıt şəhərində fəaliyyət göətərmiş ekstremist millətçi ermənilərlə əlaqələri müəyyən edilib.
İstintaqla həmçinin müəyyən edilib ki, Sumqayıt şəhərində törədilmiş kütləvi iğtişaş zamanı çoxsaylı erməni ailələrinin üzvləri onların azərbaycanlı qonşuları və tanışları tərəfindən öz mənzillərində gizlədilməklə basqın, talan və digər zorakılıq təhlükəsindən xilas olublar: “Həmin dövrdə Ermənistanın Daşnak-kommunist dairələrinin “vəhşi, qaniçən azərbaycanlı” obrazını yaratmağa hesablanmış təbliğat cəhdlərinin əksinə olaraq, Sumqayıt şəhərində məhz ermənilərin zorakılığına məruz qalan ermənilər öz azərbaycanlı qonşuları tərəfindən xilas edilib. Bu faktlar cinayət işinin materialları ilə yanaşı məhkəmələrin, o cümlədən RF məhkəmələrinin xüsusi qərardadlarında öz əksini tapıb".
Sumqayıt hadisələrində əsas təşkilatçı Qriqoryan Rusiyadadır...
Sumqayıt hadisələrində təqsirləndirilərək beynəlxalq axtarışa verilmiş Eduard Qriqoryanın Rusiyada olması barədə məlumatlar var. “Trend”in məlumatına görə, bunu Sumqayıt hadisələrinin 30-cu ildönümünə həsr olunmuş tədbirdə İstintaq-əməliyyat qrupunun üzvü, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Nadir Mirzəyev deyib.
O bildirib ki, 27-29 fevral 1988-ci il tarixdə Sumqayıt şəhərində baş vermiş məlum hadisələrin fəal iştirakçısı olmuş E.Qriqoryanın Rusiyada olması barədə məlumatlar var: "Bununla bağlı müvafiq olaraq müraciət etmişik, lakin hələlik bir nəticə yoxdur".
Qeyd edək ki, 09.02.2015-ci il tarixdə E.Qriqoryanın 1 sentyabr 2000-ci il tarixə kimi qüvvədə olan Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar çıxarılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə barəsində axtarış verilib.