Aqşin Əliyev: “Bunlar bir-birilə uzlaşmayan nüanslardır”
Ermənistan prezidenti Serj Sarkisyan 80-ci illərin sonlarında Azərbaycanın Dağlıq Qarabağ regionunda başlamış aqressiv separatçı hərəkatın “yubileyi” ilə bağlı qondarma qurumun rəhbərliyinə təbrik məktubu göndərib. Məktubun məzmunundan da görünür ki, Sarkisyan deyilən bölgədə baş qaldıran separatizm nəticəsində Azərbaycan ərazilərinin işğala məruz qalmasından məmnun olduğunu ortaya qoyur.
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan prezidentinin Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimə ünvanladığı təbrikini şərh edib: “Ermənistan prezidentinin sözügedən təbrikdə özü-özünü və erməni xalqını aldatmaq əvəzinə, Ermənistanın hərbi diktatura rejimi Azərbaycanın Dağlıq Qarabağ regionunda başlayan aqressiv erməni separatizmi və Azərbaycan ərazilərinin hərbi işğalının Ermənistanın bugünkü strateji uğursuzluğunu şərtləndirdiyini etiraf etməlidir.
Ermənistan istisna olmaqla, bütün beynəlxalq ictimaiyyət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini tanıyır və dəstəkləyir. Bu mövqe BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Avropa İttifaqı, NATO, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatların bəyanatları, qətnamə və qərarları, habelə ikitərəfli əsasda digər dövlətlərin bəyanatlarında və ikili sənədlərində təsbit olunub”.
Göründüyü kimi, Dağlıq Qarabağla bağlı sülh danışıqlarının intensiv hal aldığı və bütün dünya birliyinin bu danışıqlardan bir nəticə gözlədiyi bir dönəmdə Sarkisyanın belə mövqe sərgiləməsi təxribatdan başqa bir şey deyil.
Ekspert Aqşin Əliyevin sözlərinə görə, qondarma qurumun rəhbərliyinə ünvanlanan məktubun mahiyyətindən də görünür ki, Sarkisyan konstruktivlikdən uzaq olan mövqedədir: “Bunu hətta azğınlıq kimi də qiymətləndirmək olar. Fikir verin, həmin məktubu Sarkisyan separatçı hərəkatın başlanması tarixilə bağlı göndərib. İndi gəlin həmin hadisələrdən doğan nəticələrə fikir verək. O hadisələr müharibəyə səbəb oldu. Nəticədə Azərbaycan ərazisinin 20 faizi işğala məruz qaldı. Dinc insanlar öz ata-baba yurdlarından didərgin düşdü. Heç həmin hadisələr erməni xalqı üçün də yaxşı nəsə gətirməyib. Nəticədə ölkə dilənçi vəziyyətinə düşüb. Aclıq-səfalət ucbatından əhali ölkəni tərk edib. Ermənistan və Dağlıq Qarabağda yaşayan dinc əhali də müharibənin acısını dadmalı olub. Cünki müharibə heç bir tərəfə xoşbəxtlik gətirmir. Ancaq bunun da bir həddi olmalıdır. Görün Sarkisyan nə qədər riyakar adamdır ki, bir tərəfdən sülh danışıqlarına gedir, digər tərəfdən isə belə avantürist addımlar atır. Bunlar bir-birilə uzlaşmayan nüanslardır. Əslində, Sarkisyanın bu mövqeyi danışıqlarda vasitəcilik edən ölkələr və qurumlar üçün maraqlı olmalıdır və onlar özlərinə sual verməlidirlər: belə mövqedə olan adamdan hansısa ümidverici addım gözləməyə dəyərmi? Sarkisyan bundan əvvəl Münhendəki çıxışı zamanı da oxşar məzmunlu bəyanatlar səsləndirdi. Bu baxımdan da Ermənistanın konstruktiv mövqeyə gəlməsi sual altına düşür. Sarkisyanın bu jestləri kifayət edir ki, artıq onun deyilən mövqeyə gətirilməsi istiqamətində işlər aparılsın. Yəni Ermənistana təzyiqlər olmasa, onlar məsələyə Sarkisyanın düşüncələri aspektindən yanaşacaqlar”.
Məhəmmədəli QƏRİBLİ