Son dövrlərdə qonşularımız Rusiya və Gürcüstan arasında münasibətlərin yenidən kəskinləşməsi müşahidə edilməkdədir. Belə görünür ki. yaxın tezlikdə tərəflərin bir-birinə qarşı daha sərt addımlar atması qaçılmaz olacaq. Artıq rəsmi Tiflis Moskvanın siyasətindən narazılığını açıq mətnlə bəyan edir. Məsələn, Gürcüstan prezidenti Georgi Marqvelaşvili bildirir ki, bu gün Avropa mediasında antigürcüstan əhval-ruhiyyəsi Rusiya təbliğatının nəticəsidir.
Onun sözlərinə görə, Rusiya bir neçə cinayət işi tərtib edə və gürcülərin Avropada xüsusi problemlər yaratdığını göstərə bilər: “Rusiya təbliğatının nəticəsində Avropa şəhərlərində gürcülərə münasibət dəyişib. Gürcüstanın Şərq Tərəfdaşlığı proqramının lideri kimi qazandığı uğurları Rusiya siyasətçiləri qəbul etmir. Gürcüstanın kriminal əlaqələri olan vətəndaşları haqqında informasiya yayılanda xatırlamaq lazımdır ki, bizim Rusiya timsalında böyük təbliğatçı düşmənimiz var. Bu düşmən Gürcüstan haqqında maksimal şəkildə neqativ informasiyalar yaymağa cəhd edir”.
“Qruziya onlayn” saytı isə bildirir ki, Gürcüstanda etnik rusları birləşdirən təşkilatların siyasi aktivliyi artıb. Sayt bu təşkilatların yaxın gələcəkdə Gürcüstanda yaşayan soydaşlarının haqlarının müdafiəsi tələbilə çıxış edəcəklərini bildirib. Bu təşkilatların Gürcüstan məktəblərində rus dilinin ikinci dil kimi öyrədilməsini tələb etdikləri vurğulanır. Moskvanın maraqlarını təmin edən QHT-lər arasında Gürcüstandakı Rus Həmvətənləri Təşkilatı da yer alıb. Mətbuat bu təşkilatın kifayət qədər təhlükəli olduğunu, onun təkcə Tiflisdə yox, bölgələrdə də fəaliyyət göstərdiyini qeyd edib. Bu məqam Tiflis üçün daha təhlükəli hal sayılır. Xatırladaq ki, 10 il əvvəl Rusiya Abxaziya və Cənubi Osetiyada etnik rusların müdafiəsi adı altında Gürcüstana ordu yeridərək buranı işğal edib. İndi də Gürcüstanda etnik rusları birləşdirən təşkilatların siyasi aktivliyi Tiflis üçün müsbət heç nə vəd etmir. Hətta 10 il öncəki hadisələrin belə təkrar olma ehtimalı da yüksək qiymətləndirilir.
Digər tərəfdən Tiflisin Abxaziya və Cənubi Osetiya məsələsində geri çəkilməsi üçün Moskvaya müraciətləri də istənilən nəticəni vermir. Rusiya xarici işlər nazirinin müavininin katibi Qriqori Karasin qeyd edir ki, Moskva Abxaziya və Cənubi Osetiyanın tanınmasından imtina etməyəcək: “Diplomatik münasibətləri Gürcüstan kəsib. Onun bərpası üçün Tiflis Rusiyanın Abxaziya və Cənubi Osetiyanın tanınmasından imtina etməsini istəyir. Biz buna getməyəcəyik. Yekun qərar qəbul olunub. Biz bu iki gənc Qafqaz respublikası ilə müttəfiqlik münasibətlərini inkişaf etdiririk”. Karasin bildirib ki, ABŞ-ın Gürcüstanda öz təsirini artırması Moskvanı narahat edir: “Abxaziya, Cənubi Osetiya və Gürcüstan bizim qonşularımızdır. NATO isə regiondan kənar gücdür. ABŞ aktiv şəkildə Gürcüstanda mövcudluğunu artırır, bu da bizdə narahatlıq yaradır. Biz istəyirik sərhədlərimizdə sakitlik olsun. Buna görə də bizim Abxaziya və Cənubi Osetiyada iki hərbi bazamız var. Onlar heç kimə təhdid yaratmır, əksinə, iki dövlətin qarantı rolunu oynayırlar”. Məhz belə bir vaxtda ABŞ müdafiə naziri Ceyms Mettis bildirib ki, ölkəsi
bundan sonra da Gürcüstana müdafiə qabiliyyətinin artırılmasında, avrointeqrasiya kursunda dəstək verəcək. Mettis Gürcüstan ordusunun regional və qlobal təhlükəsizliyin təminatında vacib rol oynadığını bildirib.Qeyd edək ki, Vaşinqtonun Tiflisə “Javelin” raketlərini verməsi onsuz da Moskvana narazı salıb. Hesab edilir ki, Tiflis və Moskva arasında son kəskin münasibətlər həm də ABŞ-ın Gürcüstanda fəallığını artırması ilə bağlıdır. Elə Qriqori Karasin də qeyd edir ki, Moskva Tiflisin aktiv şəkildə ABŞ və NATO strategiyalarının reallaşmasında iştirak etməsinə təəssüf edir. Onun sözlərinə görə, Tiflisin bu mövqeyi Gürcüstanın təhlükəsizliyini gücləndirmir: “ABŞ və digər NATO üzvlərinin Gürcüstanın hərbiləşdirilməsi kontekstindəki səyləri regionda ciddi narahatlıq yaradır. Təəssüf ki, qonşuları ilə münasibətləri yoluna qoymaq yerinə, Tiflis Rusiyanın qarşısının alınması ilə bağlı NATO strategiyalarının reallaşdırılmasına qoşulub. Bu, Gürcüstanın təhlükəsizliyini gücləndirmir. Bizim Abxaziya və Cənubi Osetiya kimi müttəfiqlərimiz 2008-ci ilin avqust hadisələrinin təkrarından bu gün etibarlı şəkildə sığortalanıb. Cənubi Qafqazda stabillik problemlərinə fərqli yanaşmaların mübarizəsi isə hələ də davam edir”.
Belə vəziyyətdə Rusiya üçün vacib addımlardan biri də, hərbi güc nümayişi ilə yanaşı, Tiflisdə hakimiyyətə daha çox sayda öz adamını yerləşdirməkdir. Bu xüsusda prezident seçkisi xüsusi diqqət mərkəzindədir. Qeyd edək ki, Gürcüstanda prezident seçkisi bu ilin payızında baş tutacaq. Moskva bu postda öz adamı olan Gürcüstan parlamentinin eks-spikeri Nino Burcanadzeni görmək istəyir. Elə Burcanadze özü də bildirir ki, bu il Gürcüstan prezidentliyinə ən yaxşı namizəd o olacaq: “Mən özümdən daha yaxşı namizədin ortaya çıxacağından şübhəliyəm. Belə insan olsa, mən nəinki namizədliyimi geri çəkəcəyəm, həm də səsimi ona verəcəyəm”.
Bir daha qeyd edək ki, Nino Bucanadze rusiyayönlü siyasətçidir. O, ölkəsinin avroatlantika kursundan imtina edərək, Moskva ilə müttəfiqliyə can atması gərəkdiyini təşviq edir.
Tahir TAĞIYEV