Məlum həqiqətdir ki, bu gün Ermənistan üçün ən qorxulu məqamlardan biri Dağlıq Qarabağ münaqişəsinin hərbi müstəvidə çözülə biləcəyidir. Çünki ölkələrin mövcud potensialı fonunda düşmən tərəf savaşın nə ilə nəticələnəcəyini yaxşı bilir. Digər tərəfdən ermənilərə o da yaxşı məlumdur ki, Azərbaycan konfliktin hərbi həllinə də uzun müddətdir effektiv şəkildə hazırlıq görür. Sadəcə, diplomatik imkan və ümidlər tam tükənmədiyindən, bu variantın işə salınması indilikdə məqbul sayılmır. Amma real vəziyyət həm də onu üzə çıxarır ki, Ermənistan Azərbaycanın diplomatik yola sadiq qalmasından sui-istifadə etməyə çalışır, problemin dinc müstəvidə çözümünü uzadır.
Əslində, qeyd olunan reallıq Qarabağ məsələsinin həllində vasitəçilik edən dövlətlərə, ümumiyyətlə beynəlxalq ictimaiyyətə da yaxşı məlumdur. Amma Ermənistana qarşı bu səbəbdən indiyə qədər hansısa real addımın atılmaması da danılmaz həqiqətdir. Məhz bu cür vəziyyət isə Qarabağ probleminin hərbi yolla çözülmə ehtimalını getdikcə artırır. Əslində, bu xüsusda son dövrlərdə Azərbaycan tərəfindən edilən xəbərdarlıqların sayının artması da təsadüfi sayıla bilməz. Qeyd edək ki, elə bu günlərdə müdafiə naziri, general-polkovnik Zakir Həsənov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə cəbhə xəttində iki silahlanmış ordunun daim üz-üzə dayandığını vurğulayaraq, müharibənin hər an başlaya biləcəyini istisna etməyib. Nazir qeyd edib ki, beynəlxalq qurumlar Dağlıq Qarabağ münaqişəsinin fəsadlarının araşdırılması ilə deyil, onu yaradan səbəblərin köklü surətdə aradan qaldırılması ilə məşğul olmalı və münaqişənin bütövlükdə həllinə səy göstərməlidir. İndiki məqamda bu xəbərdarlığın təsadüfi xarakter daşımadığını hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov da təsdiq edir. O vurğulayır ki, müharibənin hər an aktiv fazaya keçəcəyi istisna deyil. Zakir Həsənovun Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündəki çıxışını şərh edən hərbi ekspert bildirib ki, mahiyyətini itirmiş ATƏT-in Minsk Qrupunun yarıtmaz fəaliyyəti Qarabağ münaqişəsinin həllində hərb yolunu aktuallaşdırır: “Bugünkü şəraitdə sülhdən çox hərbdən danışılır və müharibənin hər an aktiv fazaya keçəcəyi istisna deyil. Hazırda çox gərgin bir dönəmdir. Azərbaycan, Ermənistan və Rusiyada seçkilər olacaq. Ermənistanda seçkiqabağı vəziyyət Sərkisyanı narahat edir və bu, mütləq öz əksini Qarabağda tapacaq. Bu fonda bölgədə vəziyyət yenidən gərginləşə bilər. Fikir verirsinizsə, Ermənistanın hakimiyyət üzvləri və hərbiçilərinin Dağlıq Qarabağa səfərləri artır. Bu səfərlər elə-belə həyata keçirilmir və gizlində hansısa tədbirlərin görüldüyü istisna deyil. Azərbaycan müdafiə naziri də ola biləcək təhlükəni nəzərə alaraq Silahlı Qüvvələrə irimiqyaslı müharibə xəbərdarlığı edib. Bildiyiniz kimi, müdafiə naziri, general Zakir Həsənov şəxsən cəbhə bölgəsində olub və orada müəyyən istiqamətlər üzərində işləyərək ordumuz qarşısında konkret tapşırıqlar qoyub”.
Polkovnik hesab edir ki, Zakir Həsənovun müharibə xəbərdarlığı bugünkü vəziyyətin tələbindən irəli gəlir: “Ermənistanın qeyri-konstruktivliyi burada mühüm rol oynayır. Artıq sülh variantı ilə bağlı əsaslar daralır. Çünki nə beynəlxalq qurumlar, nə də böyük dövlətlər buna təminat verir. Prezidentin bu yaxınlarda ölkənin əsas strateji hədəflərini açıqlaması və bunun ardından müdafiə nazirinin son çıxışı Qarabağla bağlı böyük hazırlıqlardan xəbər verir. Hesab edirəm ki, son zamanlar gərginləşən geosiyasi vəziyyətdə Azərbaycana öz torpaqlarını güc yolu ilə azad etmək üçün imkan yaradıla bilər”.
Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün güc amilindən istifadəsinin mümkünlüyü ermənilərə də yaxşı məlumdur və bu məqam qarşı tərəfdə olduqca böyük xof yaradır. Xüsusən də Ermənistanda 2016-cı il dördgünlük aprel müharibəsinin yaddan çıxmadığı bir vaxtda savaş qorxusunun daha dəhşətli miqyas alması özünü qabarıq göstərir. Siyasətşünaslıq elmləri doktoru Levon Şirinyanın Ermənistan mediasına dedikləri də bunu sübut edir. Genişmiqyaslı müharibəni mümkün hesab edən politoloqun sözlərinə görə, ABŞ Milli Kəşfiyyat İdarəsinin hesabatında qeyd olunan ssenarinin reallaşması tamamilə ehtimal ediləndir.“Müharibə qaçılmazdır. Azərbaycan niyə çox silah alır? Bu, müharibəyə hazırlıqdır – başqa bir şey deyil”. Xatırladaq ki, ABŞ Milli Kəşfiyyat İdarəsi cari ildə Qarabağda müharibə risqinin kifayət qədər yüksək olduğunu bildirib. Levon Şirinyanın sözlərinə görə, ABŞ Milli Kəşfiyyat İdarəsinin hesabatında qeyd olunan ssenarinin reallaşması tamamilə ehtimal ediləndir. Ekspertin fikrincə, müharibə zamanı Ermənistanın Rusiyaya güvənməsi əbəsdir: “Amerikanın hesabatı ilə razıyam, lakin müharibə zamanı Rusiyanın Ermənistanı müdafiə edəcəyinə şübhə edirəm. Rusiya Azərbaycan və Ermənistanla münasibətlərində balanslaşdırılmış siyasət həyata keçirir. Yəqin ki, Ermənistan Qərbə müraciət edəcək və özünü zərbə altından çıxaracaq. Biz bu istiqamətdə düşünməliyik. Ermənistan ABŞ və NATO ilə aktiv dialoq aparmalıdır.Bizdə müqavimət göstərmək üçün daxili resurs yoxdur. Ermənistan strateji məhdudiyyətlərin öhdəsindən gəlməlidir və müharibəyə hazırlaşmalıdır. Yaxın zamanlarda Azərbaycan Prezidenti İlham Əliyev dövlətinin siyasi doktrinasını elan etdi - bu, Ermənistanın məhv edilməsidir”. Bütün bunlar, əslində, Ermənistanda hansı əhval-ruhiyyənin hökm sürdüyünün real göstəricisidir. Digər tərəfdən erməni mediası diqqəti həm də ona yönəldir ki, ölkənin ABŞ və NATO ilə aktiv dialoq aparması indiki şəraitdə mümkün deyil. Əksinə, yaxın tezlikdə Ermənistanın ABŞ sanksiyalarına tuş gəlməsi indi xüsusi diqqət mərkəzindədir. Xatırladaq ki, bu günlərdə ABŞ-ın İrəvandakı səfirliyi öz saytında Rusiyanın hərbi-sənaye şirkətləri ilə sövdələşmələrə girən şirkətlərə və hökumətlərə sanksiyaların tətbiq ediləcəyinə dair xəbərdarlıq yerləşdirib. Dərhal Ermənistanda belə narahatlıq yaranıb ki, xəbərdarlıq İrəvana qarşı yönəlib. Çünki son illər Ermənistan güzəştli kredit hesabına Rusiyadan yeni silah və hərbi texnika almağa başlamışdı.
“Azadlıq” radiosunun erməni xidməti bu xəbərdarlıqla bağlı səfirliyə sorğu göndərib. Diplomatik missiya cavab olaraq bildirib: “Biz sanksiyaları əvvəlcədən müzakirə etmirik. Bu sanksiyalar barədə o zaman elan edirik ki, onlar artıq mövcuddur, tətbiq edilib. Ümumiyyətlə, sanksiyalar olacaqsa, bu, Rusiya ilə hərbi-kəşfiyyat sferasında əhəmiyyətli sövdələşmələrə girən qeyri-Rusiya şirkətləri ilə bağlı olacaq”. Erməni mediası vurğulayır ki, baş verənlər İrəvan üçün müsbət heç nə vəd etmir. Hesab edilir ki, Ermənistan acınacaqlı vəziyyətə düşəcək. Çünki bu ölkənin daxili bazar qiymətləri ilə başqa ölkələrdən yeni silahlar almaq imkanı yoxdur. Rusiya Ermənistana güzəştli qiymətə və kredit hesabına silahlar verir, ancaq bunlar da yeni silahlar deyil. Daha çox işlənmiş texnikadır. İndi bu sövdələşmələrin məhdudlaşdırılması Ermənistan üçün, şübhəsiz ki, ciddi problem yaradacaq. Ermənilər onu da etiarf edir ki, Azərbaycanı belə problem gözləmir. Çünki Azərbaycan öz ordusunun silahlanmasını şaxələndirməyə çoxdan nail olub. Bir tərəfdən Azərbaycanın özünün hərbi sənayesi təşəkkül tapıb və bir çox silah növlərini istehsal edir, onları silahlı qüvvələrə verir və hətta ixrac edir, digər tərəfdən Azərbaycanın İsrail, Pakistan, Türkiyə, Belarus kimi ölkələrlə hərbi-texniki əməkdaşlıq sahəsində uğurlu əməkdaşlığı mövcuddur. Son vaxtlar isə Avropa ölkələrinin iri hərbi-sənaye şirkətləri Azərbaycanla tərəfdaşlığa maraq göstərir. Bu baxımdan Rusiya ilə silah sövdələşmələri məhdudlaşdırılsa belə, bunun Azərbaycanın hərbi potensialına təsiri olmayacaq. Ancaq Ermənistan məsələsində vəziyyət fərqlidir. Düşmən ölkə hərbi texnika ilə təminat sarıdan sırf Rusiyadan asılıdır. İndiki durumun özündə belə bütün parametrlər üzrə Ermənistan bu gün böhran yaşayır və erməni silahlı qüvvələri Azərbaycan ordusundan zəifdir. Həm təchizat, həm də mənəvi-psixoloji cəhətdən Azərbaycan ordusu xeyli üstündür. Bunu Ermənistana havadardıq edən dövlətlər də yaxşı bilir.
Bundan əlavə, Ermənistanda hesab edilir ki, ölkə daxilində hakimiyyətlə cəmiyyət arasında dərinləşən qarşıdurma, məmur oliqarxlar arasında çəkişmələr də, savaş ehtimalını artırmaqla yanaşı, İrəvana müsbət heç nə vəd etmir. “Ermənistan milli konqresi“ partiyasının sədr müavini Vardan Malxasyan İrəvanda daxili toqquşmaların Qarabağda böyük gərginliyə səbəb ola biləcəyini düşünür: “Qarabağda hərbi variantın gündəmə gəlməsi aktualdır. Xüsusilə “aprel müharibəsi“ yenidən təkrarlana bilər. Ehtimal ki, toqquşma başlasa Azərbaycan “ildırımsürətli hücum" planı ilə Ermənistana zərbələr endirəcək. Bu baxımdan, biz siyasi ambisiyalara görə buna getməməliyik və daha ayıq olmalıyıq. Çünki “aprel müharibəsi“ nəticənin necə olacağını indidən deməyə imkan verir“. Hər halda, seçim erməni tərəfindədir. Düşmən ya güc, ya da dinc yolla Azərbaycan ərazilərini tərk etəmyə vadar ediləcək. İndilikdə müşahidə olunan odur ki, son zamanlar Azərbaycan Qarabağ münaqişəsinin hərbi-siyasi müstəvidə həlli üçün də imkanlarını gücləndirib, ön cəbhəyə yetərincə hərbi texnika toplanıb. Yəni Dağlıq Qarabağ probleminin həll edilməsi üçün, siyasi çözümlə paralel olaraq, hərbi proseslərin də həyata keçirilməsi həqiqətdir. Digər tərəfdən, danışıqların dalana dirənməsi gərginliyi hərbi əməliyyatların bərpası ehtimalını daha çox artırır.
Beləliklə, bir məsələ dəqiqdir ki, Ermənistan zəruri addımlar atmasa, böyük güclər onu buna məcbur etməsə, Qarabağ məsələsində güc amili mütləq işə düşəcək.
Tahir TAĞIYEV Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.