Məhəmməd Əsədullazadə: “Suriyanın yenidən qurulması üçün burada maraqlı ölkələrin diplomatik savaşı bundan sonra yeni müstəviyə keçəcək”
Suriyada uzun müddətdir davam edən qarşıdurmalar tam səngimək bilmir. Yaxın Şərq regionu üçün destabilləşdirici amilə çevrilən bu qarşıdurma ölkəyə böyük zərərlər vurub. Suriyada baş verən məlum hadisələr nəticəsində çoxlu sayda insan həlak olub, milyonlarla insan qaçqın düşüb. Eyni zamanda, böhran ölkə hüdudlarında müxtəlif konfessional qrupların birgəyaşayış imkanlarının zəifləməsinə, Suriya cəmiyyətinin parçalanmasına gətirib çıxarıb. Faktiki olaraq ölkə parçalanmış vəziyyətdədir.
Suriyada vətəndaş müharibəsi regionun qonşu ölkələrində, o cümlədən Livan və İordaniyada da vəziyyətin kəskinləşməsinə səbəb olub. Bununla yanaşı, qonşu Türkiyədə 3 milyondan çox qaçqın məskunlaşıb. O baxımdan Suriya böhranının sülh yolu ilə həlli Yaxın Şərq regionu üçün həyati əhəmiyyət kəsb edir.
Suriyada bir sıra xarici oyunçular var ki, onlardan biri də İrandır. İranın Suriya ilə strateji tərəfdaşlığı Yaxın Şərqdə siyasi vəziyyətin əsas amillərindən biridir. Bu ölkə ilə Suriya arasında strateji tərəfdaşlıq İranda islam inqilabının qələbəsindən sonra başlayıb. Ələvilərin şiələrə yaxın olmasına baxmayaraq, Dəməşq-Tehran alyansı dini həmrəylikdən deyil, geosiyasi zərurətdən yarandı. Tehran üçün bu, Ərəb dünyasında İran təsirinin yayılmasına zəmanət verməklə yanaşı, həm də Livanda İran yönümlü “Hizbullah” hərəkatı üçün arxa cəbhədə platsdarm yaratmaq imkanı verirdi.
O da məlumdur ki, İran 2011-ci ildə Suriyada başlayan vətəndaş müharibəsindən sonra Əsəd rejiminə fəal dəstək verir. Əsədin duruş gətirməsinin əsas səbəbi Rusiya ilə bağlıdırsa, digər səbəbi İranın göstərdiyi dəstəklə əlaqədardır. Ancaq görünən odur ki, İranın göstərdiyi dəstək həm də iqtisadi maraqların təmin olunmasına hesablanıb. Məsələ ondadır ki, İranın lideri Əli Xameneyinin ali hərbi müşaviri general Yəhya Rəhim Səfəvi Rusiyanın Suriyadakı varlığını nümunə göstərərək, İranın da Suriya üzərində pay haqqının olduğunu bildirib. Tehrandakı bir konfransda çıxış edən Səfəvi İran dövlətinin Suriya müharibəsindəki xərclərini ödəmək üçün uzunmüddətli müqavilələr bağlanılmasının lazım olduğunu bildirib. Rusiyanın Suriya ilə bu cür razılaşmalar imzaladığını bildirən Səfəvi deyib: “İran xərclərinin qarşılığını Suriyanın neft, qaz və fosfat yataqlarından almalıdır. Rusiya Suriya ilə 49 illik razılaşma imzaladı. Həm hərbi baza aldılar, həm də siyasi və iqtisadi imtiyazlar əldə etdilər. İran da Suriya hökuməti ilə uzunmüddətli siyasi və iqtisadi razılaşmalar əldə edə bilər. Hazırda İran Suriyanın fosfat mədənini ixrac etməkdədir”.
Maraqlıdır, ekspertlər İranın məlum istəyinə necə yanaşırlar? Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə kontekstdən yanaşdı: “2011-ci ildən Suriya münaqişəsi baş verəndən bəri İran Bəşər Əsədin müdafiəsi üçün bu ölkədə öz hərbi kontingenti vasitəsilə iştirak edir. İranın xaricdə hərbi əməliyyatlarını Qüds silahlı qüvvələri aparır. Onlar Suriyada geniş hərbi əməliyyatlar apararaq, demək olar ki, Əsədin qorunmasında kifayət qədər fəaliyyət göstəriblər. Bundan əlavə, İran Livanda Hizbullahı da bu münaqişəyə cəlb etməklə, böyük insani və maliyyə resursları xərcləyib. Suriya münaqişəsində Rusiya da əsas rol oynayıb. Suriyada İŞİD məğlub edilib, aktiv hərbi əməliyyatlar başa çatıb. Əsəd ölkənin 80 faizinə nəzarət edir. Müharibədən sonra Rusiya və İran Suriyada böyük paya sahib olmaq üçün artıq mübarizə müstəvisinə keçiblər. İran münaqişədə xərclədiyi maliyyəni bu ölkənin təbii sərvətləri ilə qarşılamağı planlayır. Təbii ki, İran Əsədin əsas dəstəkçisi olduğu üçün imtiyazlardan faydalanacaq. Amma burada Rusiyanın ciddi narazılığı və müqaviməti ilə üzləşir. İran rəsmlərinin bu açıqlamaları göstərir ki, Suriyada pay bölgüsündə gizli mübarizə gedir və İrana ayrılan paydan rəsmi Tehran narazıdır. Suriyanın yenidən qurulması üçün burada maraqlı ölkələrin diplomatik savaşı bundan sonra yeni müstəviyə keçəcək. Qeyd edim ki, Suriyada şərtlər əsasən İranın xeyrinədir. Hətta Əsəd generalları arasında bu, hissolunacaq dərəcədədir. Rəsmi Tehran Hizbullah vasitəsilə Suriya ordusunun yenidən qurulmasında aktiv olduğu üçün, ordu sıralarında daha da dəstək qazanmasına nail olur. Hesab edirəm ki, İran Suriyada istədiyi paya sahib olacaq. Ancaq bu onda mümkün ola biləcək ki, Bəşər Əsəd hakimiyyətdə qala bilsin”.
Cəmilə QARAYEVA