Yaxın Şərqdə cərəyan edən hadisələrin getdikcə daha dramatik xarakter alması müşahidə olunmaqdadır ki, bunun da yeni şok səbəbləri üzə çıxmaqdadır. Söhbət ilk növbədə Bəşər Əsəd rejiminə bağlı Suriya xalq qüvvələri dəstələrinin Afrində Türkiyə Ordusunun əməliyyatlarına qarşı şəhərə daxil olmaq niyyəti və bunun səbəblərindən gedir.
Ankarada hesab edilir ki, Dəməşqin Türkiyə silahlı qüvvələrinin hazırda "Zeytun budağı" əməliyyatı apardığı Afrin şəhərinə qoşun yeritməsi Suriyanın parçalanmasına gətirib çıxara bilər. Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ bu xüsusda bildirib:"Biz bütün istiqamətlər üzrə bu xəbərləri izləyirik. Suriya kürdləri PYD, YPG terrorçularından qorumaq üçün Afrinə qoşun yeritsə, bu, fəlakətə səbəb olacaq. Bu hücum, həmçinin, Suriyanın parçalanmasına gətirib çıxaracaq". İndi maraq doğuran məqam odur ki. Əsəd hakimiyyətinin Rusiyanın razılığı olmadan Afrinə qoşun yeritməsi inandırıcı sayılmır. Rusiya isə indiyə qədər Türikyənin Afrin əməliyyatlarını dəstəkləyib. Belə olan halda maraq doğuran odur ki, nədən Rusiya Afrində dəstək verdiyi Əsəd qüvvələri ilə mütəffiqi saydığı Türkiyə ordusunun üz-üzə gəlməsinə imkan verir. Bu xüsusda Rusiyanın "Nezavisimaya qazeta" mətbu orqanı çox maraqlı bir şərh paylaşıb. Yazılanlardan belə məlum olur ki, Ankara və Vaşinqton arasında sox yaxınlaşma, Türkiyənin Suryiada tutduğu ərazilərdən mümkün qaz nəqli Moskvanı narazı salmaqda, Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirməkəddir: "Suriya qoşunlarının Fəratın sol sahilində Deyr-əz-Zor bölgəsində möhkəmlənmək cəhdi hələlik uğurla nəticələnməyib. Bununla yanaşı, Bəşər Əsəd qoşunlarının, Rusiya hərbi qruplaşması və “Vaqner” özəl hərbi şirkəti (ÖHŞ) bölmələrinin amerikalılarla yeni qanlı toqquşma təhlükəsi böyükdür. Bu haqda ABŞ-ın keçmiş Rusiya səfiri Entoni Makfol Münhendə təhlükəsizlik üzrə konfransda bildirərək vurğulayıb ki, Amerika qoşunları “Suriyada uzun müddət qalacaq, belə ki, ruslarla toqquşma bir də ola bilər”. ABŞ dövlət katibi Reks Tillerson oxşar, amma daha diplomatik mövqe səsləndirib və bildirib ki, ölkəsi Suriyada “müddətsiz” 2 min nəfərlik kontingent yerləşdirəcək. Tillerson Suriyada sonrakı sabitləşməni hədəf adlandırıb.
Məlum olduğu kimi, ABŞ aviasiyası fevralın 8-ə keçən gecə Kanoko zavodu bölgəsində “Vaqner” ÖHŞ dəstələrinə zərbə endirib. Vaşinqton açıqca sərgiləyir ki, Rusiyanın dəstəklədiyi Əsəd hakimiyyətdə qaldıqca Dəməşqin özünün energetik aktivlərini qaytarması çətin olacaq. Rusiya hökuməti ÖHŞ əməkdaşlarının ABŞ zərbələrindən həlak olmasının ardından çaşqınlıq sərgiləyir. Amma bu günlərdə Moskvada bir çox bölgələrdən nümayəndələrin iştirak etdiyi Ümumrusiya zabitlər toplantısı keçirilib. Toplantı iştirakçıları həlak olanların xatirəsini sükutla yad ediblər. “ Nezavisimaya qazeta”ya məlum olub ki, toplantı nümayəndələrindən bəziləri Moskva hərbi hospitallarındakı Suriyada yaralanmış ÖHŞ döyüşçülərinə baş çəkib. Dəqiq rəqəm göstərilmir, amma danışırlar ki, onlar çoxdur.
Moskvanın Suriyanın özündə də aydın planı görünmür. Rusiyanın Türkiyəyə motivləşdirilməmiş güzəştlərə getdiyi ilə bağlı suallar meydana çıxır. Türkiyə qoşunlarının Moskvanın sanki sükutla təqdir etdiyi Afrini işğalının ardınca Ankara İdlibdə öz mövqeyini gücləndirib. Türkiyə KİV-i dünən məlumat verib ki, Ankara Afrin kantonundan cənuba İdlib deeskalasiya zonasında (DZ) öz müşahidə məntəqələrini yerləşdirməyi başa çatdırıb. Müşahidəçilər iddia edir ki, türklər həmçinin Moskvanın protektoratı altında yerləşməli olan (ki, Astanada razılaşdırılıb) DZ də tutublar. İddia olunur ki, Rusiya hərbçilərinin yerləşməli olduğu Hələb-Hamə M5 trasından cənubdakı əraziyə hazırda türk qoşunları nəzarət edir.
Yaranmış durum Dəməşqi qane etmir. Tillersonun keçən həftə Türkiyəyə baş tutmuş səfərindən sonra Qərbdə Suriyada Türkiyə-Amerika alyansı haqda danışmağa başlayıblar. O cümlədən Vaşinqton və Ankaranın Suriyanın şimalında birgə hərbi kontingent yerləşdirmək imkanı haqda yazırlar. Guya belə bir təklifi Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu səsləndirib, Amerika dövlət katibi isə bunu təqdir edib. Çavuşoğlu bildirib ki, YPG Menbici tərk edərsə, Türkiyə bölgədə ABŞ-la birlikdə tədbirlərə hazırdır. Amerikalılar bununla, demək olar, razılaşıb və rəsmi məlumatlara görə, danışıqların ilk raundu martın ortalarında baş tutmalıdır. Tillerson qeyd edib ki, ABŞ Türkiyənin öz sərhədlərini qorumaq hüququnu tanıyır, amma Ankaranı son dərəcə kəskin addımlardan çəkinməyə çağırıb. Hərbi Elmlər Akademiyasının müxbir üzvü, polkovnik Eduard Rodyukov qeyd edir: “Dəməşqdə həm Türkiyə, həm də Amerika qoşunlarını işğalçı sayırlar (onlar ölkənin bütün şərq ərazisini əldə saxlayır). Lakin Bəşər Əsəd rejimi Ankarada və Vaşinqtonda qeyri-legitim elan olunub. Əsəd Moskvanın müttəfiqidir və biz Suriyaya qoşun yeridərək ölkədə qanuni hakimiyyəti dəstəkləməyi öhdəmizə götürmüşük. Bu, çox da uğurlu alınmır”. Hərbi ekspert Vladimir Popov isə bildirir: “ABŞ və Türkiyə Tillersonun Ankara səfəri zamanı Suriyanın ərazi bütövlüyünün saxlanmasına sadiqliyini bildirsə də, onların gerçək fəaliyyəti yerli hökumətlərin saxlanması və möhkəmlənməsinə yönəlib. Yəni onlar bölücülüyü bacarırlar. Bu, İdlibdə Türkiyəyönlü deyilən müxalif hökumət, Şərqi Suriyada isə neft-qaz aktivlərini Əsəd rejiminə vermək istəməyən kürd özünümüdafiə qüvvələri və ərəb tayfalarıdır”.
Popov diqqəti buna yönəldir ki, Suriyada Türkiyə-Amerika hərbi ittifaqının yaradılması karbohidrogenlərin Ərəbistan yarımadasından işğal edilmiş ərazilər üzrə Türkiyəyə və ardınca Avropaya nəqli üçün yaxşı zəmin yaradır: “Bu, Rusiyanın maraqlı olduğu və Rusiya qruplaşmasının Suriyaya yeridilməsinin gizli motivlərindən biri olan “Türk axını” qaz kəmərini, demək olar, gərəksiz edir”.
Tahir TAĞIYEV