Rəsul Cahangirli: “Layihə reallaşandan sonra Azərbaycan ciddi dividendlər əldə edəcək”
Azərbaycanın Avropa ölkələri ilə enerji sahəsində əməkdaşlığı çoxşaxəlidir. Burada təkcə təbii qazın və xam neftin Avropa bazarlarına çıxarılmasından söhbət getmir. Söhbət həm də Azərbaycanda enerji sektorunun inkişafında müasir texnologiyaların tətbiq olunmasından, bununla bağlı bir sıra məhsulların istehsalından gedir. Belə ki, bu istiqamətdə də uğurli işbirliyi var. Qaz ixrac olunmasında variantlardan biri də sıxılmış qazın Avropa bazarına çıxarılmasıdır.
Bu arada Azərbaycan qazının Avropaya nəql etməyi nəzərdə tutan AGRI (Azərbaycan-Gürcüstan-Rumıniya İnterkonnektoru) qaz boru kəməri yenidən gündəmə gəlib. Rumıniya enerji nazirinin müavini Julian Tudoraş mətbuata açıqlamasında bildirib ki, sözügedən layihə uzun müddət ərzində Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsi üçün mühüm vasitədir: “Rumıniya, Azərbaycan və Gürcüstan layihənin qiymətləndirmə mərhələsini başa çatdırmaq və onun həyata keçirilməsinə başlanması üçün AGRI LNG layihəsinin inkişafı üzərində işləyir”.
Nazir müavini onu da bildirib ki, Rumıniya tərəfi texniki-iqtisadi əsaslandırmanı başa çatdırıb. Hazırda layihənin inkişafı və həyata keçirilməsinə keçid imkanı ilə bağlı tərəfdaşlarla iş aparılır.
Məlumat üçün qeyd edək ki, AGRI layihəsi Azərbaycan qazının qaz kəmərləri vasitəsilə Gürcüstanın Qara dəniz sahillərinə daşınmasını nəzərdə tutur. Gürcüstan ərazisində bu məqsədlə sıxılmış qaz zavodunun inşası nəzərdə tutulub. Sonra isə oradan qaz tankerlər vasitəsilə Rumıniyanın Konstansa limanına çatdırılacaq. Daha sonra isə onun mövcud qaz infrastrukturu şəbəkəsi ilə Rumıniya və digər Avropa ölkələrinin tələbatının ödənilməsinə yönəldilməsi planlaşdırılır. Qazı Avropa İttifaqına üzv ölkələrə ixrac etmək üçün Konstansadan Bolqarıstan və Macarıstana iki ayrı boru kəməri çəkilməsi də nəzərdə tutulur. Layihə çərçivəsində Konstansa (Rumıniya) və Kulevi (Gürcüstan) limanlarında maye qaz terminalları yaradılacaq.
AGRI-nin rəsmi saytında proqnozlara görə, Aİ ölkələrinə ixrac olunan təbii qazdan asılılıq 2030-cu ildə bugünkü 57 faizdən 84 faizədək artacaq. Bununla yanaşı, AGRI LNG layihəsi Avropaya qaz tədarükünün alternativ marşrutunu təmsil etdiyindən, daha çox dəyər qazanır.
Ümumilikdə, bu layihənin əhəmiyyətinə ekspertlər necə yanaşırlar?
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, sözügedən layihə ilə bağlı görüləsi çox iş var: “Ümumən bununla bağlı tərəflər arasında siyasi istək var, amma bunun kommersiya tərəfləri ilə bağlı işlər çox zəif gedir. Dəfələrlə bu məsələ gündəmə gətirilib, ancaq konkret addımların atılması müşahidə olunmur. Qeyd edim ki, Azərbaycan, Gürcüstan və Rumıniya arasında AGRI layihəsinin reallaşması ilə bağlı anlaşma memorandumu 2010-cu il aprelin 13-də Buxarestdə imzalanıb. İlkin hesablamalara görə, layihədə kapital qoyuluşu əvvəlcə 4,5 milyard dollar təşkil etməli idi. Deməyim odur ki, layihənin həyata keçirilməsi üçün tərəflər işləri sürətləndirməlidirlər. Yalnız o halda bununla bağlı ətraflı danışmaq olar. Ancaq nəzərə alsaq ki, Avropanın qaza olan tələbatı artır, o zaman AGRI layihəsinin reallaşması perspektivi böyükdür. Avropa İttifaqı maraqlıdır ki, qaz mənbələri şaxələnsin. SOCAR-ın tədqiqatlarına görə, birinci mərhələdə Rumıniyaya 2,5 milyard kubmetr mavi qazın ötürülməsi planlaşdırılır. Növbəti mərhələdə bu həcmin 8 milyard kubmetrə qədər artırılması nəzərdə tutulur. Layihə reallaşandan sonra Azərbaycan ciddi dividendlər əldə edəcək. Onu da qeyd edim ki, əvvəlcə AGRI layihəsi “Nabukko”ya alternativ kimi qəbul edilirdi. Lakin “Nabukko” gündəmdən çıxdığından, bu məsələ aktuallığını itirib.
Beləliklə, Azərbaycan, Gürcüstan və Rumıniyanın iştirakçılığı ilə reallaşdırılacaq AGRI layihəsi özünün geoiqtisadi əhəmiyyəti ilə yanaşı, bir sıra mühüm tərəfləri ilə bu ölkələrin əhatə etdiyi coğrafiyada yeni geosiyasi münasibətlər sistemi və təhlükəsizlik balansının formalaşmasına real zəmin yarada bilər. Belə ki, layihə Xəzər-Qara-Aralıq dənizlərinin əhatə olunduğu hövzənin enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verməklə yanaşı, yeni strateji əməkdaşlıq platformalarının formalaşmasına müsbət təsir edəcək”.
Cəmilə QARAYEVA