Məhəmməd Əsədullazadə: “Belə bir dövlətin rəsmisi işğalçı ölkə prezidentinin yalan dolu çıxışını bəyənirsə...”
Bu günlərdə Ermənistan prezidenti Münhendə keçirilən təhlükəsizlik konfransında çıxış edərək bir sıra reallıqlara söykənməyən açıqlamalar verdi. Çox qəribədir ki, Sarkisyanın məlum çıxışına Rusiya Federasiya Şurasının komitə sədri Konstantin Kosaçev çox müsbət prizmadan yanaşıb.
Kosaçev iddia edir ki, guya Sarkisyanın çıxışı məzmunca konstruktiv və balanslı olub. Hətta Rusiya rəsmisi bir az da irəli gedərək bildirib ki, Sarkisyan çox parlaq perfomans ortaya qoyub.
Ancaq gəlin görək həqiqətən belədirmi? Əvvəla Sarkisyanın çıxışı səslənən fikirlərin heç birini özündə əks etdirmir. Ona görə ki, Ermənistan Avropa İttifaqı ilə Rusiya arasında balanslı siyasət yeritmək qüdrətinə sahib deyil. Bunun bariz nümunəsi Ermənistanın 2013-cü ildə Aİ-ni aldadaraq Avrasiya İqtisadi İttifaqına qoşulmasıdır. Bunu Kosaçev də gözəl bilir. Digər tərəfdən, Sarkisyan Münhendə İran, Ermənistan və Gürcüstan arasında nəqliyyat dəhlizi ideyasından danışdı. Halbuki, buna nəinki Avropada, heç Ermənistanın özündə inanan yoxdur. Çünki Bakı-Tiflis-Qars dəmir yolu istifadəyə verildiyi halda və “Şimal-Cənub” nəqliyyat dəhlizinin tikintisi ilə bağlı işlər sürətlə getdiyi halda, heç bir ölkə Sarkisyanın ideyasını dəstəkləməz. Ona görə ki, o cür layihələr kifayət qədər ciddi vəsait tələb edir. Tutaq ki, borc hesabına bunu Ermənistan vasitəsilə reallaşdırdılar. Rentabelli olmayandan sonra dəhliz kimə lazımdır? Başqa bir tərəfdən, Sarkisyan Münhendə çıxışında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı çox odioz fikirlər səsləndirdi. Onun fikrincə nəinki Dağlıq Qarabağ, heç ətraf rayonların qaytarılmasından belə söhbət gedə bilməz. Belə olan halda, Kosaçev hansı əsasla onun çıxışını konstruktiv hesab edir?! Nəzərə alsaq ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir, o zaman belə mövqeyin ortaya qoyulması ümumiyyətlə nə siyasi, nə də etik baxımdan doğru deyil. O üzdən, Kosaçevin bu “tərifinə” nə ad vermək olar?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, bu, Kosaçevin qərəzli olmasının açıq göstəricisidir: “Münhen təhlükəsizlik konfransında Ermənistan prezidenti Serj Sarkisyanın çıxışı regionda sülhə deyil, münaqişələrin qızışdırılmasına, əlavə geosiyasi problemlərə yol açır. İşğalçı bir ölkənin prezidentinin belə bir tribunadan səsləndirdiyi siyasi riyakarlıq üslubunda çıxışı təəssüf ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan Rusiyanın rəsmi şəxsləri tərəfindən obyektiv adlandırılır. Məhz Sarkisyanın birbaşa iştirakı ilə regionda işğal və separatizm, etnik təmizləmə və qonşulara qarşı aqressiya baş verib. Hesab edirəm ki, Kosaçevin Sarkisyanın riyakar çıxışına don geydirməyə çalışması Rusiyanın bu şəxsin arxasında durduğunun göstəricisidir. Bu bir daha Ermənistanın Rusiya tərəfindən idarə olunduğunu göstərdi. Sarkisyan kimi regional münaqişələri alovlandıran səhra komandirləri belə tribunalara buraxılmamalıdır. Dünyada hazırda davam edən müharibə və təhlükəsizlik risqlərinin artması Sarkisyan kimilərin belə bir tribunadan çıxışına şərait yaradılmasının nəticəsidir. Rusiya hazırda Minsk Qrupu formatında aparılan danışıqlarda əsas fiqurdur. Belə bir dövlətin rəsmisi işğalçı ölkə prezidentinin yalan dolu çıxışını bəyənirsə, o zaman Rusiyanın münaqişənin həllində vasitəçiliyini bir daha sual altına qoyur. Hazırda region və yaşadığımız dünya terror, müharibə risqi ilə üz-üzədir. Bu gün barışcıl və sülh çağırışları dildə deyil, əməldə olmalıdır. Ermənistan nə qədər ki, Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmayıb, bu ölkə sülhün təminatçısı rolunda çıxış edə bilməz. Təəssüf edirəm ki, Rusiyanın region siyasəti forpost olan Ermənistan üzərindən aparılır. Hansı ki, bu ölkə heç bir siyasi-iqtisadi perspektivə malik ölkə deyil”.
Cəmilə QARAYEVA