Elşən Həsənov: “Afrin əməliyyatının başlanmasının bütün məsuliyyəti Türkiyənin deyil, PYD və PKK-nı silahlandıran və onları maliyyələşdirən qüvvələrin üzərindədir”
İran Xarici İşlər Nazirliyinin sözçüsü Türkiyənin Suriyadakı əməliyyatını yenidən nəzərdən keçirməli olduğunu bildirib. “Hazırda Türkiyənin Suriyada həyata keçirdiyi əməliyyat əsla uyğun deyil və bu prosesin davam etməsi terrorun yenidən regiona qayıtmasına yol aça bilər”. Bunu həftəlik mətbuat konfransı zamanı Türkiyənin Suriyada keçirdiyi əməliyyata toxunan İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib.
Terrorçuların Suriyada yenidən hərəkətə keçdiyinə dair bəzi məlumatlar aldıqlarını açıqlayan Xarici İşlər Nazirliyinin sözçüsü Türkiyəni əməliyyatı dayandırmağa çağırıb: “Türkiyə Suriyada apardığı əməliyyatı yenidən nəzərdən keçirib Astana prosesinə geri dönüş etməlidir”.
İran Türkiyənin Afrindəki əməliyyatlarından niyə belə narahatdır?
Ekspert Elşən Həsənov qəzetimizə açıqlamasında bildirdi ki, İranın özü də kürd terrorçularının hədəfində olan ölkədir: “Bilirsiniz ki, kürdlər İranın, Türkiyənin, İraqın və Suriyanın tərkibində kompakt şəkildə yaşayırlar. Belə olduğu təqdirdə, Türkiyənin, İraqın və Suriyanın yaşadığı problem İranda da təkrarlana bilər. Kürdlərlə İranın münasibətlərində düşmənçilik olsa da, onların arasında danışıqlar da gedir. İran rəsmən bəyan etdi ki, Ərbillə, yəni İraq Kürdüstanı ilə Bağdad arasında vasitəçilik edə bilər. Əlbəttə, belə olduqda Türkiyənin kürdlərlə müharibə aparması, əlbəttə, İranın maraqlarına uyğun deyil. Çünki İrana ağır gəlir ki, Türkiyə Suriyanın daxilində hərbi iştirakını artırır. İranın fikrincə, Suriyanın daxilində yalnız Rusiya və özünün iştirakı ola bilər. Kürdlər dörd dövlətin hesabına ölkə yaratmaq istəyirlər. İran da bu siyahıdadır. Lakin İranı narahat edən məsələ Türkiyənin bu əməliyyatlarla Şərqdə və Suriyada daha da güclənə bilməsidir. Əlbəttə, bu da Bəşər Əsəd siyasəti ilə sıx münasibətdə olan İranın mövqeyinə uyğun deyil. Ancaq bu gərginliyin Türkiyə ilə İran arasında müharibəyə səbəb olma ehtimalı çox aşağıdır. Çünki Türkiyə NATO dövlətidir. NATO nizamnaməsinə görə, dövlətlərdən biri müharibəyə başladığı təqdirdə digərlərinin də onun yanında olma öhdəliyi var. Düzdür, regionda çox mürəkkəb vəziyyət yaranıb. Türkiyənin atdığı addımlar onu gözləyəcək faciədən xilas edə bilər. Suriya-Türkiyə sərhədində otuz minlik terrorçuların iştirakı ilə qoşun yaradılması ideyası olmasaydı, təbii ki, Afrin əməliyyatı da olmayacaqdı. Afrin əməliyyatının başlanmasının bütün məsuliyyəti Türkiyənin deyil, PYD və PKK-nı silahlandıran və onları maliyyələşdirən qüvvələrin üzərindədir”.
Məhəmmədəli QƏRİBLİ