Azərbaycanda növbədənkənar prezident seçkilərinin təyin olunması fonunda aktuallaşan məsələlərdən biri də bunun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində danışıqlar prosesinə necə təsir göstərəcəyidir. Artıq qeyd olunan xüsusda yerli və xarici ekspertlər, müxtəlif araşdırma mərkəzləri, media tərəfindən maraqlı fikirlər səslənir.
Əsas vurğu buna yönəlir ki, cari il ərzində Qarabağ münaqişəsinin həlli istiqamətində vacib qərarlar qəbul edilməsi, Ermənistanın zəbt olunmuş əraziləri tədricən boşaltmağa başlaması gözlənir. Sadəcə, İrəvanın Azərbaycanda əvvəlcə oktyabrda keçrilməsi nəzərdə tutulan prezident seçkilərini bəhanə edib prosesi uzatmasının qarşısını almaq üçün də ölkəmizdə seçkilərin vaxtı dəyişdirilib. Yəni növbədənkənar prezident seçkilərinin keçrilməsi barədə qərarın arxasında duran məqamlardan biri Qarabağ məsələsi, bu xüsusda erməni tərəfinin bütün bəhanələrinin tam kəsilməsinə hesablanıb.
Yayılan məlumatlardan o da məlum olur ki, Ermənistanın Qarabağ məsələsində bu il ərzində artıq əməli addımlar atması üçün İrəvana təzyiqlər olduqca böyükdür. Qeyd olunur ki, Bakının gedişləri nəticəsində Ermənistanın istər Rusiya, istərsə də Qərb tərəfdən təzyiqlərə müqavimət göstərməsi imkansız hala gəlib. Erməni diasporunun Serj Sarkisyan iqtidarına qarşı mövqe sərgiləməsi isə təzyiqlərin daha intensiv xarakter daşıması ilə müşayiət edilir. Yəni diaspor Qərb və Rusiya qarşısında Ermənistan hakimiyyətini əvvəlki kimi müdafiə etmir. Bütün bunlar fonunda Rusiyanın “Kommersant” qəzeti də Azərbaycanda aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərinin Ermənistanda yeni konstitusiya əsasında həyata keçiriləcək hakimiyyət dəyişiklikləri ilə demək olar eyni vaxta təsadüf edəcəyinə diqqəti cəlb edir. Bildirilir ki, aprelin 18-də Ermənistan parlament üsul-idarəçiliyinə keçəcək. Burada indiki prezident Serj Sarkisyanın baş nazir postuna keçəcəyi gözlənir. Simvolik posta çevriləcək prezidentliyə isə onun adamı sayılan -Ermənistanın Londondakı səfiri Armen Sarkisyanın parlament çoxluğu tərəfindən seçilməsi planlaşdırılır.
Qəzet qeyd edir ki, Azərbaycandakı növbədənkənar seçkilərdə Prezident İlham Əliyevin qalib gələcəyinə şübhə yoxdur. Və ehtimal edilir ki, hər iki münaqişə tərəfində təxminən eyni vaxtda baş verəcək bu siyasi hadisələr Qarabağa dair hansısa aralıq qərarın qəbulu ilə bağlı ola bilər. Bu qənaəti qəzetlə erməni siyasi texnoloq Vigen Akopyan bölüşüb. Akopyana görə, ilin birinci yarısında hər iki ölkədə liderlərin seçkisinin keçirilməsi tərəflərə imkan verə bilər ki, Dağlıq Qarabağ münaqişəsinə dair “yüksək dərəcədə legitimlik tələb edən” hansısa aralıq qərarlar qəbul etsin. Burada onu xüsusi xatırlatmaq lazım gəlir ki, Azərbaycan birmənalı şəkildə Qarabağ münaqişəsinin ərazi bütövlüyü çərçivəsində həll olunacağını bəyan edib. Ermənistanda isə İrəvanın güzəştə gedəcəyini hətta Serj Sarkisyan özü belə etiraf edib. Xatırladaq ki, ötən ilin sonlarında o, hakim Respublika Partiyasının siyasi məktəbində çıxışı zamanı bildirmişdi ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsində güzəştlərlə bağlı Ermənistanı ağrılı qərar gözləyir: “Dağlıq Qarabağ məsələsində ağrılı qərarlar olacaq. Həll yolu güzəştlərsiz mümkün deyil”. Elə o vaxt da “Joxovurd” qəzeti diplomatik mənbələrə istinadən yazırdı ki, Sarkisyan ərazilərin qaytarılmasından danışır: “ATƏT-in Minsk Qrupu, eləcə də daha böyük oyunçular Ermənistanı buna məcbur edir”. Ermənistanın millətçi Daşnaksütyun Partiyasının parlament fraksiyasının katibi Aqvan Vardanyan da etiarf edirdi ki, problemin həlli Ermənistan üçün ağrılı olacaq.
Sadalananlardan aydın görünür ki, cari il ərzində Erəmnistan Qarabağ məsələsində müəyyən addımlar atmağa məcburdur və bunun aprel ayından sonra edilməsi gözlənir. Təbii ki, bütün bunlar fonunda Azərbaycanda növbədənkənar prezident seçkilərinin təyin olunması Ermənistanın manevr üçün zaman əldə etməsi imkanlarını aradan qaldırır. Məsələyə bu rakursdan nəzər salan politoloq Qabil Hüseynli də bildirir ki, prezident seçkilərinin vaxtının irəli çəkilməsinin xüsusi əhəmiyyəti var. Çünki bu həm Ermənistan, həm də Rusiyada keçiriləcək prezident seçkiləri ilə təxminən eyni vaxta düşür: “Əgər prezident seçkiləri oktyabr ayında olsaydı, bu, Azərbaycan dövlətinin müəyyən qədər əl-qolunu bağlaya bilərdi“. O bildirib ki, seçkilər əvvəlcədən müəyyənləşdirildiyi kimi oktyabrda keçirilsəydi, Dağlıq Qarabağla bağlı məsələlərdə hücumçu siyasət yürütmək bir müddət çətinləşərdi: “Rusiya və Ermənistanla təxminən eyni vaxtda prezident seçkilərinin keçirilməsi, ölkədə qeyri-müəyyənliyə son qoyulması, prezident hakimiyyətinin formalaşması bundan sonra Azərbaycanın daha qərarlı, daha ardıcıl və hücumçu siyasi mövqe ortaya qoyması üçün vacib idi. Bu qərar Prezident İlham Əliyevin müdrik qərarıdır. Əgər prezident seçkiləri oktyabrda keçirilsəydi, bu, Qarabağ probleminin həllindən diqqəti müəyyən zaman yayındıra bilərdi. Bildiyiniz kimi, seçkilər öncəsi Qarabağ danışıqlarında durğunluq yaşanır. Apreldə Ermənistandakı seçkilərdən sonra Azərbaycanda payızda seçkilərin olacağı nəzərə alındıqda, bu durğunluq bir neçə ay uzana bilərdi. İndiki şəraitdə seçkilərin qabağa çəkilməsi və onun qonşu ölkələrdəki prezident seçkiləri ilə eyni vaxta düşməsi Qarabağ müzakirəsi üçün “seçki fasiləsini” aradan qaldırır. Ən başlıcası isə, Qarabağ problemi ilə daha ciddi məşğul olmaq üçün kifayət qədər vaxt və imkanlar qazandırır”.
Faktdır ki, bu gün Azərbaycan rəhbərliyi kifayət qədər qətiyyət və əzmlə milli maraqları üstün tutaraq, münaqişənin ədalətli həllinə çalışır. O da aydındır ki, son anda erməni işğalçıların hərbi yolla ərazilərdən çıxarılması variantına da kimsə etiraz edə bilməz. Məsələnin bu həddə çatmaması üçün isə həm Qərb, həm də Rusiyanın Ermənistana təzyiqləri artan xətt üzrə gedir. Ermənistandakı hakimiyyət təmsilçiləri və erməni siyasi liderlərinə işğal altında olan Azərbaycan torpaqlarından çıxmaları istiqamtəində təzyiqlərə müqavimət göstərmək imkanları da, yuxarıda qeyd olunduğu kimi, mümkünsüzdür. Digər tərəfdən, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri də Ermənistana çıxış üçün yol qoymur. Bir daha xatırladaq ki, həmin sənədlər Azərbaycanın ərazi bütövlüyünü özündə ehtiva edir. Qısaca olaraq onu da yada salaq ki, BMT Təhlükəsizlik Şurasının birinci - 822 saylı qətnaməsi 1993-cü il aprelin 30-da qəbul edilib. Həmin sənəddə vurğulanır: “Davamlı atəşkəsin əldə edilməsi məqsədilə bütün hərbi əməliyyatların və düşmənçilik aktlarının dərhal dayandırılması, həmçinin bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın bu yaxınlarda işğal olunmuş başqa rayonlarından dərhal çıxarılması tələb olunur”. 1993-cü il iyulun 29-də 853 saylı qətnamə qəbul edilib. Bu sənəddə isə Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğu vurğulanır. Ağdam rayonunun və Azərbaycan Respublikasının başqa ərazilərinin işğalı pislənir. Bütün hərbi əməliyyatların dərhal dayandırılması, münaqişədə iştirak edən işğalçı qüvvələrin Ağdam rayonundan və Azərbaycan Respublikasının işğal edilmiş başqa rayonlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilir. 874 saylı qətnamə 1993-cü il oktyabrın 14-də qəbul edilib. Burada da Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması istənir. 1993-cü il noyabrın 12-də qəbul olunmuş 884 saylı sənəddə də əvvəlki təməl prinsip - torpaqların işğaldan azad edilməsi vurğulanır. Azərbaycan Qarabağ konfliktinin məhz bu sənədlər əsasında həllini istəyir və görünən odur ki, artıq Azərbaycandan başqa beynəlxalq miqyasda həmin sənədləri Ermənistanın yadına digərləri də salır. Bütün bunlar cari ilin aprelindən sonra Qarabağ məsələsinin həllində dinc yolla hansısa addımların atılacağını deməyə əsas verir.
Digər tərəfdən o da məlumdur ki, Qarabağ məsələsində Ermənistana təsir göstərə biləcək əsas xarici faktor Rusiya amilidir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə ötən ay açıq şəkildə bəyan edib ki, məsələ mərhələli şəkildə, dinc müstəvidə çözümünü tapmalıdır. Lavrovun fikrincə, indi vacib olan odur ki, təmas xəttində vəziyyətin sakit olması üçün əlavə addımlar atılsın: “Bu problemi bir sənədlə birdəfəlik həll etmək mümkün deyil. Bu, siyasi həllə keçməyə də kömək edər. Məsələyə mərhələli yanaşma lazımdır”. O, cari ildə Azərbaycan və Ermənistan tərəfindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müsbət impulsların olacağına inandıqlarını deyib: “Azərbaycan və Ermənistan prezidentləri, xarici işlər nazirləri arasında keçirilən görüşlərdən məmnunuq. Həmsədr ölkələrin nümayəndələri bu görüşdə iştirak edib. Bu problemi bir sənədlə birdəfəlik tam həll etmək alınmayacaq. Ona görə də hazırda mümkün olan razılıqlar və sonradan yekun həll üçün üzərində işlənməsini tələb edən məsələlər, o cümlədən Dağlıq Qarabağın statusu əsasında mərhələli yanaşma lazımdır”. Bu fikirlərdən də aydın görünür ki, Moskva Qarabağ məsələsinin həllində indi maraqlı tərəf qismində çıxış edir və problemin də mərhələli şəkildə çözümünün vacibliyini dilə gətirir. Elə Azərbaycan da məsələnin bu formada həlli zərurətini uzun illərdir bəyan edir.
Hazırda yaranan vəziyyət proseslərin daha çox Azərbaycanın istədiyi məcrada inkişaf etdiyini deməyə əsas verir. Bu səbəbdən aprel ayından sonra Qarabağ məsələsində mühüm yeniliklər gözlənir. Ermənistan yenə hansısa bəhanələr uydurub danışıqlarda imitasiya prosesini davam etdirəcəksə, onda məsələnin hərbi müstəvidə çözüm ehtimalı daha da güclənəcək. Rəsmi Bakı ərazilərinin bundan sonra işğal altında qalması ilə barışmaq niyyətində olmadığını ən yüksək səviyyədə bəyan edir. Bunu həm Ermənistan, həm də indiyə qədər ona havadarlıq edənlər mütləq mənada nəzərə almağa məcburdur.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.