Aqşin Əliyev: “Verilən reaksiyalardan bir daha aydın oldu ki, ABŞ bu doktrina ilə öz rəqiblərinə qarşı açıq müharibə elan etdi”
Birləşmiş Ştatların yeni nüvə doktrinası barədə daha öncə açıqlanmayan yeni təfərrüatlar bəlli olub. Nüvə doktrinasının yeni detalları ABŞ Müdafiə Nazirliyi tərəfindən ictimailəşdirilib.
Sənəddə “Columbia” tipli ballistik raketlərlə təchiz edilən ən azı yeni 12 ədəd sualtı atom gəmisinin qurulacağından, 2029-cü ildən etibarən yeni qitələrarası ballistik raketlərin yaradılacağından, yeni B-21 strateji bombardmançısı və bombardmançı və sualtı gəmilər üçün qanadlı raketlərin hazırlanacağından bəhs edilir.
ABŞ-ın yeni nüvə doktrinasında Rusiya, Çin və KXDR Asiya-Sakit okeanı regionu üçün təhlükə adlandırılıb. "ABŞ-ın Asiya-Sakit okeanı regionundakı müttəfiqləri və tərəfdaşları qarşısındakı öhdəlikləri sarsılmazdır. Necə ki, Avropada güclü, birləşmiş ittifaqlar və görülən tədbirlər regionda etibarın təminatının ən effektiv vasitəsidir. Ancaq Şimali Koreya, Çin və Rusiya regionda müttəfiqlərimizə və maraqlarımıza unikal və mürəkkəb təhlükələr yaradırlar", - deyə doktrinada göstərilir.
Qeyd edilir ki, Amerikanın Asiyadakı alyansının strukturu Avropa variantından fərqlənir. Əgər Avropada bir çoxmillətli ittifaq varsa, Asiyada bu, çoxtərəfli əməkdaşlığın müxtəlif dərəcəsi ilə ikitərəfli əməkdaşlıqlar seriyasıdır.
Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov ABŞ-ın yeni nüvə doktrinasının yayılmasına reaksiyasında bildirib: “Vaşinqton Rusiyanı təhdid adlandıraraq öz nüvə proqramları üçün ondan bəhanə kimi istifadə edir. Halbuki, onun əsas məqsədi ordu və hərbi sənayeyə əlavə vəsait ayırmaqdır”. O, həmçinin, Rusiyanın 1987-ci il nüvə qüvvələri sazişini pozması ittihamını rədd edib: “Nüvə Vəziyyətinə Yenidən Baxış” adlı sənəd çərçivəsində yayımlanan ABŞ-ın yeni nüvə doktrinası ABŞ prezidenti Donald Trampın 2017-ci ildə Ağ Evə daxil olmasından sonra irəli sürdüyü çərçivələr və məzmunlar istiqamətində tənzimlənib. Bu sənəd silahlara nəzarət qruplarının sərt tənqidinə səbəb olub.Amerikalı nüvə alimi Lisbet Gronlundun dediyinə görə, Tramp heç bir mülahizəni nəzərdə tutmayan istiqamətə doğru hərəkət etməkdədir. Bu yol ABŞ-ın təhlükəsizliyini istər indi, istərsə də uzun müddətə azaldacaq. Pentaqonun yeni nüvə sənədi 2010-cu ildə Barak Obamanın prezidentliyi dövründə təsdiqlənən sənədə alternativ olacaq.
Bu sənədə əsasən, yeni nüvə silahlarının istehsalı və önəmli qeyri-nüvə obyektlərinə hücumlara nüvə reaksiyası nəzərdə tutulub. Əslində, bu sənəddə hücuma tuşlanan dünyanın əsas nüvə qüdrətlərindən biri Rusiyadır. Bu sənəddə bildirilib ki, ABŞ-ın nüvə cəbbəxanalarının funksiyası önləyici xarakterlidir, önləyicilik cavabdeh olmazsa, misal üçün, Rusiya prezidenti ABŞ və NATO müttəfiqləri əleyhinə böyük qeyri-nüvə hücumuna göstəriş verərsə, Rusiyaya nüvə hücumu olunsun.
Beləliklə, ABŞ-ın nüvə strateqləri bu ehtimalı verirlər ki, bu sənəd Rusiyanı illüziyadan çıxarmalıdır. Çünki bu ölkə Avropa ərazisinə önləyici nüvə hücumları edə bilər. Bu sənəddə bildirilib ki, ABŞ yalnız özü, müttəfiqləri və şəriklərinin önəmli infrastrukturlarını müdafiə etmək üçün ağır şəraitdə nüvə silahlarından istifadə edə bilər. Ağır şərait strateji qeyri-nüvə obyektlərinə hücumlara şamil ola bilər. İrimiqyaslı qeyri-nüvə hücumları ABŞ və müttəfiqlərinin vətəndaşları və infrastrukturlarına hücuma şamil olunur. Lakin onunla məhdudlaşmır”.
ABŞ-ın yeni nüvə doktrinasında Rusiya, Çin və KXDR-i təhlükəli dövlətlər kimi qeyd etməsi dünyaya nə vəd edir?
Ekspert Aqşin Əliyevin sözlərinə görə, bu, ABŞ-a qarşı mübarizəni daha da sərtləşdirəcək: “Yeni doktrinada ABŞ hədəf kimi əzəli rəqiblərini seçib. Çox maraqlıdır ki, onlardan bəzilərilə ABŞ-ın açıq mübarizəsi var. Ancaq Çinlə ABŞ heç vaxt belə açıq konfrantasiyaya girməyib. Bilirsiniz ki, İran, Rusiya, Çin bu doktrinanı sərt tənqid edən bəyanatla çıxış ediblər. Həmin bəyanatların mətnindən də aydın görünür ki, ABŞ-ın hədələri, əksinə, vəziyyəti daha da gərginləşdirib. Doktrinaya cavab xarakterli bəyanatların məğzindən aydın olur ki, ABŞ hegemonluq iddiasına düşüb. İstəyi də budur ki, özündən başqa kimdəsə nüvə silahı olmasın. Ancaq bu istəyin reallaşması mümkün olan məsələ deyil. ABŞ elə təəssürat yaradır ki, guya o həm də müttəfiqlərindən narahatdır. Maraqlıdır ki, dünyada ABŞ-ın ilk dəfə nüvə silahını tətbiq etdiyi Yaponiya da həmin proqramı dəstəkləyib. Yaponiya Xarici İşlər Nazirliyi ABŞ-ın yeni nüvə doktrinasını yüksək qiymətləndirib. Səbəbini də belə izah edir ki, "Bu, nüvə silahlarının inkişafında rəqibləri dayandırmaqda təsirlidir və ABŞ-ın Yaponiya, o cümlədən müttəfiqlərini qorumaq qabiliyyətini artırır".
Daha əvvəl Pekin Amerikanın nüvə təlimini tənqid edərək, Vaşinqtonun Çinin nüvə potensialı təhlükəsini qabartdığını bildirib. Yəni ABŞ özündən uzaq bir regionda müttəfiqlərinin qeydinə qalırsa, bu o demək deyil ki, həmin regionun böyük ölkələri onun dediyinə əməl etməlidirlər. Verilən reaksiyalardan bir daha aydın oldu ki, ABŞ bu doktrina ilə öz rəqiblərinə qarşı açıq müharibə elan etdi”.
Məhəmmədəli QƏRİBLİ