Mübariz Əhmədoğlu: “Biz istərdik ki, həmsədrlərin budəfəki səfəri…”
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfər proqramı açıqlanıb. Həmsədrlər fevralın 6-da Azərbaycana gələcəklər və fevralın 7-də rəsmi şəxslərlə görüşlər keçirəcəklər.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayanın bildirdiyinə görə, vasitəçilər fevralın 8-9-da Ermənistana səfər edəcəklər.ATƏT-in Minsk Qrupunun həmsədrləri eyni zamanda Azərbaycanın işğal olunmuş ərazilərinə - Dağlıq Qarabağa səfər edəcəklər.
Həmsədrlərin regiona nəzərdə tutulan budəfəki səfərindən nələri gözləmək olar?
Politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə, Ermənistan illərdir danışıqlar prosesini uzatmaqla məşğuldur: “İndi də onlar ortaya yeni bəhanə atıblar. Guya neçə illərdir danışıqlar mərhələli şəkildə getmir, əksinə, paket həlli içində mərhələli həlldən gedir. Bu, başdan ayağa saxtakarlıq və yalandır. Çox təəssüf ki, həmsədrlər də bu məsələyə aydınlıq gətirmirlər. Azərbaycan ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin missiyasının sayının 13 nəfərə çatdırılmasına razılıq verib. İnidyədək missiyanın üzvlərinin sayı 6 nəfər idisə, onların sayına 7 nəfər də əlavə olundu. Görünür, onu da razılaşıblar deyə, həmsədrlər regiona səfəri çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri ilə görüşərək onların da mövqeyini öyrənəcəklər. Həm də mümkündür ki, həmsədrlər yaxın zamanda prezidentlərin görüşü ilə bağlı təklif irəli sürsünlər və bu görüşü də rəsmi Moskva təşkil etsin. Bu, hazırda Dağlıq Qarabağ tənzimlənməsində aktivlik hesab olunur. Həmsədrlərin regiona səfəri çərçivəsində Dağlıq Qarabağa getmələri ilə bağlı heç bir əlavə məlumat yoxdur. Amma adətən belə olub ki, həmsədrlərin Bakıda olma tarixləri ilə İrəvanda olma tarixləri arasında fərq böyük olanda onlar separatçı rejimlə görüşə təmas xəttindən keçib gediblər. Onların Dağlıq Darabağa bu marşrutla gedəcəyi də gözlənir. Bu özü də indiki dövrdə həmsədrlərin tənzimlənməni yekunlaşdırmaqla bağlı aktivliyinin göstəricisidir. Ancaq biz istərdik ki, həmsədrlərin budəfəki səfəri də formal xarakter daşımasın. Çünki belə formalizmdən Azərbaycan xalqı bezib. Konkret təkliflərlə gəlməli, Ermənistana konstruktiv olmaqla bağlı təzyiqlər göstərməlidirlər. Belə olmayacı təqdirdə bu da sıradan bir səfər olacaq”.
Məhəmmədəli QƏRİBLİ