Ermənistanda yaxınlaşan prezident və baş nazir seçkiləri fonunda ölkədə mövcud hakimiyyətdən narazılığın yeni vüsət alması özünü daha qabartıq surətdə büruzə verməyə başlayır. Hazırda görünən odur ki, həm əhali, həm də erməni lobbisi Serj Sarkisyanın hakimiyyətdə qalmaq və bütün səlahiyyətləri yenidən öz əlində cəmləşdirmək niyyətindən çox narazıdır.
Ölkə müxalifəti isə yaranmış durumdan istifadə edərək hakimiyyətə qarşı yeni etiraz aksiyaları həyata keçirməyi düşünür. Baş verənləri şərh edən erməni ekspert Lilit Avakyan qeyd edir: “Ermənistan prezidenti Serj Sarkisyan istər ölkədə, istərsə də beynəlxalq aləmdə nüfuzunu tamamilə itirdiyini gördükdən sonra yenidən dövlət başçısı seçilə bilməyəcəyini anladı. Lakin hakimiyyəti əldən verməmək üçün yeni plan hazırlayaraq ölkəni parlament tipli respublikaya çevirib özünü baş nazir elan etmək qərarına gəldi. Parlament tipli respublikanın prezident tipli respublikadan əsas fərqi ondadır ki, burada hakimiyyət bölgüsü zamanı baş nazirə daha çox səlahiyyət çatır. Odur ki, Sarkisyan bundan səmərəli istifadə etməyə çalışır. Ermənistan ictimaiyyətinin etirazlarına baxmayaraq, Sarkisyan ələbaxan prezident axtarır. Cəmiyyət isə bütün bunlardan, indiki məmurların hakimiyyət başında yer almasından narazıdır. Çünki iqtisadi tənəzzül, aclıq və səfalətdən bezib. Sosial layihələr həyata keçirilmədiyindən əhalinin həyat səviyyəsi hər ötən gün ağırlaşır. Sarkisyan və komandası iqtidarda qalacağı təqdirdə dəyişən heç nə olmayacaq”.
Hadisələrin inkişafı göstərir ki, Serj Sarkisyan həqiqətən də həm ələbaxan prezidentin olmasında, həm də bütün səlahiyyətlərin baş nazirin əlində cəmləşdirilməsində maraqlıdır. Məsələn, artıq məlumdur ki, Ermənistanın yeni Təhlükəsizlik Şurasında prezident təmsil olunmayacaq. Təhlükəsizlik Şurasının yeni tərkibi haqqında parlamentə təqdim edilən qanun layihəsinə əsasən, TŞ-ya baş nazirin rəhbərlik etməsi planlaşdırılıb. Onun tərkibinə isə baş nazir, onun iki müavini, Təhlükəsizlik Şurasının katibi, müdafiə naziri, xarici işlər naziri, Milli Təhlükəsizlik Xidmətinin direktoru, polisin rəhbəri və baş qərargah rəisinin daxil edilməsi nəzərdə tutulub. Şurada, həmçinin, siyasi partiyaların da təmsil edilməsi qadağan olunub. Ermənistanın ədliyyə naziri David Arutyunyan qeyd edir ki, Ermənistan polisi və Milli Təhlükəsizlik Xidməti baş nazirin tabeliyinə veriləcək. O, həmçinin, baş nazirin tabeliyinə Dövlət Mühafizə Xidməti və Nəzarət Xidmətinin də veriləcəyini bildirib.
Hazırda gələcək baş nazir vəzifəsində əsas namizəd prezident Serj Sarkisyan hesab edilir. Onun əlində getdikcə daha çox səlahiyyət cəmləşdirmək niyyəti isə, qeyd olunduğu kimi, ciddi etirazlara yol açır. “Ermənistan hökumətinin fəaliyyəti və strukturu haqqında” qanun layihəsinin gündəmə gəlməsi ilə bu hal özünü daha qabarıq surətdə büruzə verməyə başlayıb. Qanun layihəsinə görə, Nazirlər Kabinetinin bir çox iclası bağlı qapılar arxasında keçiriləcək və ictimaiyyətə yalnız lazım bildikləri məlumatları verəcəklər. İctimai rəyə görə, Serj Sarkisyan ölkədə avtoritarizmdən diktaturaya keçid edir. Erməni siyasi şərhçi Tevos Arşakyan yazır ki, bu gün Sarkisyan Ermənistanda özünü çar kimi aparır: “O, əvvəlcə hakimiyyəti öz əlində saxlamaq üçün konstitusiyanı dəyişdi. Bu ona baş nazir kreslosunda əyləşərək çarlıq etməyə imkan verəcək. Ardınca da “Ermənistan hökumətinin fəaliyyəti və strukturu haqqında” qanun layihəsi irəli sürüldü. Bütün bunlar apreldən sonrakı dövrə hazırlıqdır. Şübhəsiz ki, apreldə baş nazir Sarkisyan olacaq. Parlament respublikası üsul-idarəsində Nazirlər Kabineti əhəmiyyətli struktur olacaq və onun iclaslarında çox şey həll olunacaq. Və görünən budur ki, hökumət bütün qara işlərini bağlı qapılar arxasında həyata keçirəcək”. Erməni şərhçi qeyd edir ki, Sarkisyanın çarlıq və “Allahlıq” dövrü başlayır: “O, real müxalifəti sıradan çıxartdı, iqtisadiyyat üzərində öz monapoliyasını qurdu, indi də avtotarizmdən diktaturaya keçid edir. Hökumətin qapalı iclaslarında Sarkisyan xalqı rahat şəkildə soymağa davam edəcək”.
“Joxovurd” qəzeti yazır ki, yaranmış vəziyyətdə Sarkisyan istədiyi bütün addımları atacaq və ölkənin tənəzzülü daha da sürətlənəcək. Qəzet bu xüsusda bir faktı ayrıca qeyd edir ki, məhz Sarksiyanın siyasəti nəticəsində 2017-ci ildə Ermənistandan kapital axını sürətlənib. Keçən il ərzində “Joxovurd” ölkədən 1,25 milyard dollarlıq kapitalın çıxarıldığını yazıb. Bununla da Serj Sarkisyanın 10 illik hakimiyyəti dönəmində ölkədən kapital axını 8,647 milyard dollar olub. İndi onun yenidən hakimiyyət başında qalması Ermənistanın durumunu daha da ağırlaşıdracaq ki, elə ictimaiiyət də məhz bundan narazıdır.
Tahir TAĞIYEV