İşğalçı Ermənistanın hərb müstəvisində Azərbaycana getdikcə daha böyük fərqlə uduzmasının Dağlıq Qarabağ münaqişəsinin çözümünə təsirinin artması birmənalı həqiqətdir. Çünki Azərbaycanın mövqeyinin, bu səpkidə yürütdüyü diplomatiyanın arxasında real güc dayandığı halda, qarşı təərf bütün bunlardan məhrumdur. Digər tərəfdən proseslərin gedişi göstərir ki, hərbi güc baxımından mövcud disbalansın böyüməsi erməni cəmiyyətində kifayət qədər böyük qorxu yarada bilib.
Hazırda Ermənistanda hesab edilir ki, orduda yaranan hərbçi çatışmazlığının özünü daha kəskin şəkildə göstərməyə başlaması İrəvanın Qarabağ məsələsində indiki siyasətini davam etdirməsini mümkünsüz hala gətirir. Çünki indiki siyasətin davamı Qarabağ konfliktinin hərb yolu ilə çözüm ehtimalını artırır ki, bu da Ermənistanın birmənalı şəkildə məğlubiyyəti deməkdir. Bunu ölkədə əsgər çatışmazlığı fonunda İT-müəssisələr İttifaqının sədri Karen Vardanyan da təsdiq edir. Onun dediklərindən belə bəlli olur ki, Qarabağda təmas xətti boyu uzanan səngərlərdə yerləşdirməyə kifayət qədər canlı qüvvənin olmaması Ermənistanda əsgərlərin əvəzinə “texniki vasitələrdən” istifadəni qaçılmaz hala gətirib. Vardanyan “Sputnik Armeniya” agentliyinə açıqlamasında bildirib ki, Ermənistanın informasiya texnologiyaları müəssisələri hələ 2011-ci ildə bu sahədə işə başlamağa cəhd edib. Müdafiə Nazirliyi isə onların ideyasını dəstəkləməyib. Vardanyanın ideyasına görə, səngərlərdə əsgərlərin əvəzinə hansısa avtomatik atəş açan sistemlər və müşahidə qurğuları yerləşdirmək olar. O vurğulayır ki, ordu konseptual olaraq dəyişməlidir. Çünki əhali azalır və təmas xəttini əvvəlki sxemlə nəzarətdə saxlamaq çətinləşir.
Politoloq Yervand Bozoyan da hesab edir ki, təmas xəttində həlli vacib olan bir sıra məsələlər var: “Aprel müharibəsi göstərdi ki, Azərbaycan texnoloji baxımdan müharibənin aparılmasına daha hazırlıqlıdır. Həmin döyüşlərdən sonra ön xətdə dəyişikliklər oldu, amma bunları daha əvvəl də edə bilərdilər”. Qeyd edək ki, təmas xətti boyu döyüş-müşahidə postlarının son illər artması Ermənistan ordusunda canlı qüvvə sarıdan korluğun daha kəskin hiss edilməsinə gətirib çıxarıb. Azərbaycan Müdafiə Nazirliyi dəfələrlə bildirib ki, düşmən postlarının bir çoxu faktiki olaraq boş qalır, yaxud işğalçı qüvvələr hər postda 2-3 əsgər yerləşdirməklə bütün təmas xətti boyu müşahidə aparmağa çalışır. Belə vəziyyət erməni ordusunun hansı durumda olduğunu daha aydın təsəvvür etməyə imkan verir.
Ordu ilə bağlı vəziyyətin kifayət qədər acınnacaqlı olmasını digər erməni politoloq Manvel Sarkisyan da təsdiq edir. O qeyd edir ki, hazırda ən genişmiqyaslı manipulyasiyalar ordu üzərindən aparılır: “Rejim “millət-ordu-kilsə” tezisindən çıxış edərək, vətəndaşların azadlığını boğur. Kimsə azad şəkildə etiraz edirsə, bu, “ölkənin müdafiə qabiliyyətinin dağıdılması” olaraq dəyərləndirilir və “ictimai qınaq” mexanizmi önə çıxır. Lakin rejim bunu həyata keçirsə də, əsl məqsədinin nə olduğunu gizlədə bilmir. Ermənistanda kriminal-oliqarxiya siyasi sisteminin yarandığı, korrupsiya sxemləri vasitəsilə ordudan yayınan xüsusi kastanın formalaşdığı və orduda yalnız kasıbların xidmət etdiyi aksiomaya çevrilib. Kasıbların da sayı sürətlə azalır. Erməni ordusunda əsgər çatışmazlığının daha kəskin problemə çevrilməsi həqiqətdir. Özü də bu məsələ getdikcə daha böhranlı xarakter alır. O halda Qarabağ məsələsində bizim uduzmağımızın qaçılmaz olacağı reallığı ilə də barışmaq lazım gəlir”. M.Sarkisyan baş verənlər fonunda ölkədə dərin etibarsızlığın kök saldığına diqqət çəkir: “Millət-ordu” strategiyası çərçivəsində xüsusi kastaya yanaşmanı qanuniləşdirmək niyyətləri də aydın görünür. Aydındır ki, belə yanaşma heç vaxt cəmiyyəti və ordunu birləşdirə bilməz. Əksinə, rejim korrupsiyanın yeni sferalarını yaradır və haqsızlıq dərəcəsini gücləndirir. Bu isə ordu və təhlükəsizlik məsələsinə vətəndaşların neqativ münasibətini yaradır. Yəni ordu xalqın doğma övladı olmur, əksinə, onların gözündə hər şeyi yeyən bədheybətə çevrilir”. Erməni politoloq “aprel müharibəsi”ni yada salır və vurğulayır ki, “bu müharibə Ermənistan ordusundakı vəziyyəti və rejimin ordu üzərindən varlandığını açıq şəkildə göstərdi”. Ekspert diqqəti ona yönəldir ki, hazırda orduda xidmətdən yayınmaq üçün istifadə edilən üsulların sayı da artır. Bildirilir ki, Ermənistan ordusunun ənənəsinə çevrilən “neustavşina” səbəbindən gənclər hər fürsətdən istifadə edərək orduda xidmətdən yayınmağa çalışır. Hərbi xidmətdən yayınmaq üçün özünə bədən xəsarətləri yetirməklə, hətta ömürlük şikəst olmağı belə gözə alanlar var. Məsələ ilə bağlı “Qrapark” qəzeti yazır ki, indiki hakimiyyətin siyasəti nəticəsində cəmiyyət, valideynlər ordudan getdikcə daha çox narazılıq ifadə edir. Qeyd olunur ki, Ermənistan ordusunda hərbi qulluqçuların müəmmalı ölümü və yaralanması, rüşvətxorluq, xidmət yerindən qaçma kimi müxtəlif hadisələrin sayı durmadan artır və bu da əsgər valideynlərinin kəskin etirazlarına səbəb olub. Bundan başqa, orduda özbaşınalıq, komandanlıq tərəfindən tabelikdə olan şəxsi heyətə ciddi nəzarətin təşkil olunmaması, vəzifələrinə səhlənkar yanaşma və səlahiyyətləri aşma da bir çox cinayətlərə yol açır ki, bu da artıq Ermənistan ordusunun az qala ənənəsinə çevrilib. Qəzet vurğulayır ki, hakimiyyət baş verənləri mümkün qədər gizli tutmağa çalışsa da, sosial şəbəkələrdə və müxtəlif məlumat mənbələrində yaşananlarla bağlı məlumatların artması problemin çox ciddi olduğunu üzə çıxarır.
Ölkədə ajiotaja səbəb olan məsələlərdən biri də bu ölkənin silahlı qüvvələrində tüğyan edən rüşvətxorluq hallarıdır. Qeyd edək ki, həqiqətən də düşmən ordusunda istər vətəndaşlar, istərsə də hərbi qulluqçular mütləq rüşvət vermək məcburiyyətindədir. Xüsusən də xidmət yerini dəyişmək, ön xətt mövqelərinə düşməmək, xidmətə yenidən qayıtmaq, Dağlıq Qarabağdan Ermənistanda olan hərbi hissəyə keçirilmək, məzuniyyətə getmək, yanına gələn valideynlərlə görüşmək, dağlarda və soyuq yerlərdə yerləşən mövqelərə yanacaq çatdırmaq üçün belə hərbçilərdən rüşvət tələb olunur. Digər tərəfdən o da məlumdur ki, Ermənistanın Dağlıq Qarabağda yerləşən hərbi hissələrində ərzaq çatışmazlığından əziyyət çəkən hərbi qulluqçular oğurluq belə edirlər. Eyni zamanda əsgər çatışmazlığı üzündən xəstələri, hərbi xidmətə yaramayanları xidmətə göndərmək də geniş vüsət alıb. Konkret fakt timsalında erməni mediası yazır ki, 19 yaşlı hərbi qulluqçu Narek Sarkisyan müntəzəm olaraq “ketanol” dərmanı qəbul etməklə səngərdə xidmət edir. “İrəvan xəstəliyi” adlanan periodik xəstəlikdən əziyyət çəkən Narek Sarkisyanın atası erməni mətbuatına bildirib ki, oğlu uşaq vaxtından ağrı və xəstəlikdən əziyyət çəkib: “Son zamanlar həkimlərdən biri “İrəvan xəstəliyi” diaqnozu qoyub. Daha sonra qərara alınıb ki, genetik analiz həyata keçirilsin. O, tibb müəssisələrindən birində stasionar müalicə olunub. Xəstə hərbi komissarlığın tibb komissiyasına tövsiyə edilib. Ancaq hərbi komissarlıqda ciddi müayinə aparılmayıb”. Atasının sözlərinə görə, 6 aylıq xidməti ərzində oğlu 3 ay hərbi hospitalda müalicə olunub. O, oğlıunun hərbi hissəyə daxil olduqdan 15 gün sonra həkimə getdiyini, mühəndis işlərinə cəlb edilməsə də, digər əsgərlər kimi səngərdə xidmət etdiyini bildirib. Son vaxtlarda kəskin sancıdan sonra əsgər yoldaşları təcili olaraq valideynlərinə zəng edib və onları hərbi hissəyə çağırıblar. Valideynlər təcili Ağdərəyə gəlib və yaranmış vəziyyətlə bağlı qondarma qurumun hərbi birləşmə rəhbərliyinə müraciət ediblər. Ancaq “orduda xəstə əsgər yoxdur” cavabını alıblar. Məsləhət görüblər ki, belə hallar baş verərkən aktlaşdırsınlar. Ağdərədəki qanunsuz hərbi hissənin tibb məntəqəsinin qadın əməkdaşı 4-cü tabor komandirinin iştirakı ilə gördüklərini belə izah edib: “O mənim gözlərim qarşısında yıxıldı, yaxşı ki, başı pilləkənlərə dəymədi. Dilini udmuşdu, mən dilini dartıb çıxardım və onu tibb məntəqəsinə apardım, bir az özünə gəldi”. Məlumata görə, əsgərin özündən getmə halları aktlaşdırılsa da, hərbi həkim komissiyası bu sənədləri nəzərə almayıb. Həkimlər erməni əsgərindən analiz götürülməsinə dair atasının tələbini rədd ediblər. Ümumi analizlər edilsə də xəstəliyi təsdiq etməyiblər. Müalicə etmək əvəzinə onu geri - Ağdərəyə hərbi hissəyə göndəriblər. Baş verənlərlə bağlı Ermənistan Müdafiə Nazirliyinə edilən müraciətlər də cavabsız qalıb. Hazırda erməni əsgərin atası yenidən tibbi müayinə keçirilməsini tələb edir. Amma bu tələb rədd edilir. “Qrapark” qəzeti yazır ki, əslində, orduda bu qəbildən olan halların sayı kifayət qədərdir. Amma rəhbərliyin səhlənkarlığı nəticəsində belə hallar azalmaq əvəzinə artır. Aydındır ki, bütün bunlar fonunda düşmən ordusunda əsgər çatışmazlığının özünü daha qabarıq surətdə büruzə verməyə başlaması Qarabağ münaqişəsinin gedişinə mütləq mənada öz təsirini göstərəcək. “Eurasianet” dərgisi də bu xüsusda yazır ki, baş verənlər üzündən ermənilərin əksəriyyəti Dağlıq Qarabağ münqişəsinin hərbi həll yolunu dəstəkləmir. Çünki nəticənin necə olacağını bilirlər. Nəşr xüsusi olaraq vurğulayır ki, hazırda Qarabağda yaşayan ermənilər arasında kənarda yaşayanlarla müqayisədə müharibə ilə bağlı daha böyük bədbinlik hökm sürür. Daha bir önəmli fakt isə Ermənistanın Azərbaycana daha yaxın bölgələrində və işğal altında olan Qarabağda yaşayan əhali arasında emiqrasiya prosesinin daha böyük olmasıdır. Həmin insanlar Qarabağı tərk etməklə özlərinin yaşayış standartlarını inkişaf etdirəcəkləri ümidilə, yaxud ən azından risqi azaltmaq üçün bölgəni tərk edir. Bütün bunlar Azərbaycan və Ermənistan orduları arasında döyüş qabiliyyəti ilə bağlı yaranan fərqi daha böyük sürətlə artırır. Elə bundan irəli gəlir ki, Qarabağ məsələsinin hərbi müstəvidə həlli indi ermənilər üçün ən böyük kabusdur. Çünki nəticənin necə olacağını yaxşı bilirlər.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.