Məhərrəm Zülfüqarlı: “İki seçkinin eyni vaxtda olmaması üçün bu addımın atılması tamamilə düzgündür”
“Seçkilərin oktyabrda və ya apreldə keçirilməsi potensial namizədlərin, o cümlədən də cənab İlham Əliyevin imkanlarını məhdudlaşdıran və ona əlavə dividend qazandıran hal kimi şərh oluna bilməz”. Bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamını şərh edərkən deyib.
Əli Həsənov bildirib ki, bu günədək Azərbaycanda bütün seçkilər Konstitusiya normalarına, Seçki Məcəlləsinə və digər aidiyyəti qanunvericilik aktlarına uyğun olaraq demokratik, şəffaf və ədalətli şəkildə keçirilib. İstər prezident, istər parlament, istərsə də bələdiyyə seçkiləri xalqın iradəsini əks etdirib, həmçinin, yerli və beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib.
Əli Həsənov deyib ki, ötən dövr ərzində Prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasət Azərbaycanın milli maraqlarına xidmət edib, ölkənin hərtərəfli və sürətli inkişafı təmin olunub, cəmiyyət həyatının bütün sahələri yeniləşib və müasirləşib, xalqın rifahı yüksəlib. Bu gün Azərbaycan beynəlxalq birliyin böyük nüfuza malik ölkələrindən biri kimi tanınır. Bütün bunlar Azərbaycan xalqının, vətəndaşların, seçicilərin Prezident İlham Əliyevə yüksək etimadını və tam dəstəyini şərtləndirən başlıca amillərdir. Əminliklə demək olar ki, cənab İlham Əliyevin seçkilərdə növbəti dəfə parlaq qələbə qazanmaq və yenidən prezident seçilmək imkanı çox yüksəkdir.
Nəticə etibarilə seçkilərin oktyabrda və ya apreldə keçirilməsi potensial namizədlərin, o cümlədən də cənab İlham Əliyevin imkanlarını məhdudlaşdıran və ona əlavə dividend qazandıran hal kimi şərh oluna bilməz”.
Maraqlıdır bu nə deməkdir?
Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, Azərbaycan Prezidentinin ölkədə və dünyada nüfuzu hamıya bəllidir: “Çünki ölkə Prezidentinin nüfuzu çox yüksəkdir və bu reallıq göz qabağındadır. Hörmətli Əli müəllimin dediyində həqiqət var. O mənada ki, seçkilərin yazda və yaxud da payızda keçirilməsi elektorat baxımından elə bir köklü dəyişikliklərə gətirib çıxarmır. Yəni səsverənlərin faizinin dəyişilməsi baxımından elə bir fərq olması gözlənilmir. Fikrimcə, sadəcə, burada texniki məsələ var. Məsələ ondadır ki, son referendumdan sonra prezident səlahiyyətləri beş ildən yeddi ilə qaldırıldı. Növbəti 2025-ci ildə parlament seçkiləri ilə prezident seçkiləri üst-üstə düşür. İkisi də payızda, oktyabr ayında keçiriləcək. Bu baxımdan iki seçkinin eyni vaxtda olmaması üçün bu addımın atılması tamamilə düzgündür. Biz seçki qərargahı olaraq bunu təhlil edirdik və gözləyirdik. Prezident bununla bağlı qərar verdikdən sonra bizim həmin fikirdə haqlı olduğumuz bir daha ortaya çıxdı”.
Vidadi ORDAHALLI