“Prezident İlham Əliyev Konstitusiyada dövlət başçısına verilmiş hüququndan istifadə edərək Azərbaycanda növbədənkənar prezident seçkilərini elan etdi. Azərbaycan Prezidentinin belə bir səlahiyyəti var və bundan irəli gələrək növbədənkənar prezident seçkiləri təyin edilə bilər”. Bunu Trend-ə Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının Aydın Mirzəzadə, üzvü deyib.
Deputat bildirib ki, prezident seçkilərinin apreldə, yaxud da əvvəldən nəzərdə tutulduğu kimi, oktyabrda keçirilməsi arasında elə bir ciddi fərq yoxdur.
Millət vəkilinin sözlərinə görə, hazırkı dövlət başçısı İlham Əiyevin bu seçkilərdə də digər namizədlərdan daha çox səs toplayaraq növbəti dəfə prezident olacağı gözlənilir: "Yeni Azərbaycan Partiyası qeyri-rəsmi şəkildə də olsa, artıq çoxdan növbəti prezident seçkiləri ilə bağlı öz namizədini elan edib. Bu namizəd partiyanın sədri, dövlət başçısı cənab İlham Əliyevdir. Bu gün ən real görünən də onun elə birinci turdaca səs çoxluğu ilə yenidən prezident seçilməsidir. Təbii ki, digər namizədlər də olacaq, bununla belə, İlham Əliyevin dövlət başçısı və siyasi xadim kimi fəaliyyəti bu gün onun çox böyük elektoratının yaranmasına və seçkilərdə böyük səs faizi ilə yenidən prezident seçilməsinə şərait yaradır".
“Bu il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkiləri Azərbaycan xalqının iradəsini ifadə edir”. Bunu isə Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli deyib.
Onun sözlərinə görə, prezident seçkilərinin vaxtının dəyişdirilməsində heç bir qeyri-adi hal yoxdur.
İ.Həbibbəyli hesab edir ki, Azərbaycanda illərdən bəri formalaşan sabit ictimai-siyasi vəziyyət və böyük iqtisadi, mədəni inkişaf ölkəmizdə istənilən vaxt seçki keçirməyə imkan verir: ”Ölkənin başçısı xalq və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş bir lider olduqda belə seçkilərin vaxtından əvvəl keçirilməsi tamamilə təbii sayıla bilər. Azərbaycan xalqının apreldəki növbədənkənar seçkilərdə Prezident İlham Əliyev kimi 15 il ərzində böyük sınaqlardan çıxmış və ümumxalq rəğbəti qazanmış bir namizədi var. Ona görə də apreldə keçiriləcək seçkilər Azərbaycan xalqının iradəsini ifadə edir. Bu seçkilər xalqımızın dövlətçilik maraqlarına da tam uyğundur”.