ABŞ eksperti Azərbaycanın qlobal çağırışlara öncədən cavab verən siyasət apardığını izah etdi

img

Azərbaycan hər zaman bir çox qlobal çağırışlara cavab verən qabaqcıl siyasət yürüdüb. Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Markett Unversitetinin beynəlxalq münasibətlər üzrə eksperti Piter Teys “Modern Diplomacy” nəşrində yer alan “Bakı prosesi: Azərbaycanın səmərəli mədəni diplomatiyasının impulsu” məqaləsində yazıb.

Ekspert yazır ki, Azərbaycan müxtəlif mədəniyyət və dinlərin birgə mövcud olduğu və dialoq qura bildiyi bir ölkədir. “Odlar Yurdu – Azərbaycan İslam, iudaizm və xristianlıq dininin mənsubları arasında tolerantlıq, etimad və əminlik mühiti yaradıb. Bütün dünya Azərbaycan cəmiyyətinin bu dəyərlərinə həmfikirdir və “Bakı prosesi” mədəniyyətlərarası dialoqun, multikulturalizmin mənimsənilməsində əvəzedilməz rol oynayır”.

P.Teys həmçinin qeyd edir ki, ilk “Bakı prosesi” nazirlər konfransı “Bakı prosesi: mədəniyyətlərarası dialoqun təşviqi naminə” adlanmışdı və Avropa Şurası ilə əməkdaşlıqda təşkil olunmuşdu.

Məqalədə vurğulanır ki, “Bakı prosesi” hökumət və qeyri-hökumət təşkilatları arasında qlobal müzakirələrin keçirilməsi üçün nadir imkanlar yaradır: “Azərbaycan digər Avrasiya ölkələrindən fərqli olaraq bir çox etnik qrupun mədəni irsini qoruyub saxlayıb və multikulturalizm və dini dialoq üçün minillik mədəniyyətlər arasında birbaşa körpü olub”.

Son on il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında “Bakı prosesi” çərçivəsində bir sıra iri tədbirlərin keçirildiyini xatırladan P.Teys bildirib ki, Azərbaycan hər zaman bir çox qlobal çağırışlara cavab verən qabaqcıl siyasət yürüdüb: “Bakı beynəlxalq ictimaiyyətin bütün səylərinə onların yaranma mərhələsində dəstək göstərib və qlobal oyunçuya çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökuməti aktiv şəkildə Nobel mükafatı laureatlarını, dövlət başçılarını, mədəniyyət ekspertlərini mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi üçün bir yerə toplayıb”.

Ekspert qeyd edib ki, “Bakı prosesi” dövlətlər və xalqlar arasında mədəniyyətlərarası dialoqu təşviq etməkdə, müxtəlif etnik qruplar arasında qarşılıqlı fəaliyyəti gücləndirməkdə və dünyanın müxtəlif hissələrində yaşayan insanlar arasında mədəni əməkdaşlığın təbliğ olunmasında davam edəcək.

Son xəbərlər