Aqşin Əliyev: “Biz bütün göstəricilərimizə, hərəkatın prinsiplərinə riayət etməyimizə və ən əsası da quruma üzv olandan bəri göstərdiyimiz fəallığa görə bunu haqq edirik”
Bu il aprelin 5-6-da “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı Bakıda keçiriləcək. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nazirlər konfransına hazırlıq məqsədilə 3-4 aprel 2018-ci il tarixlərində yüksək vəzifəli məmurlar səviyyəsində iclas keçiriləcək. Konfransda Qoşulmama Hərəkatında iştirak edən dövlətlər, həmçinin, hərəkat yanında müşahidəçi statusu almış dövlət və beynəlxalq təşkilatların nümayəndələri və xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatlar iştirak edəcəklər.
Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir. Qoşulmama Hərəkatı beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır.
Azərbaycan Respublikası 2011-ci ildə Balidə keçirilmiş XVI Nazirlər Konfransında hərəkata qoşulub.
2019-cu ildə Azərbaycan Respublikası Qoşulmama Hərəkatının XVIII zirvə toplantısına evsahibliyi edəcək. 2019-2022-ci illər ərzində Azərbaycan Respublikası Qoşulmama Hərəkatına sədrlik edəcək.
Qoşulmama Hərəkatının 5-6 aprel tarixlərində Bakıda keçiriləcək aralıq nazirlər toplantısı ilə əlaqədar www.nambaku.org ünvanında xüsusi internet saytı yaradılıb.
Məlumdur ki, Azərbaycan Qoşulmama Hərəkatına üzv olandan sonra həmin qurumda aktiv fəaliyyət ortaya qoyub. Maraqlıdır, Azərbaycan ortaya qoyduğu gərgin fəaliyyətlə Qoşulmama Hərəkatının tarixinə hansı yenilikləri gətirib və bu aktivlik Bakının həmin təşkilatın siyasi paytaxtı olmasına imkan verirmi?
Ekspert Aqşin Əliyevin sözlərinə görə, BMT-dən sonra ikinci böyük dövlətlər qrupu olan Qoşulmama Hərəkatı beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanmasında və regional təhlükəsizlik, sosial və iqtisadi inkişaf kimi məsələlər də daxil olmaqla, geniş məsələlər dairəsinin müzakirəsində önəmli rol oynayır: "Qoşulmama Hərəkatı beynəlxalq problemlərin müzakirə edilməsində müxtəlif ideologiyaların təqdimatı baxımından səmərəli və dinamik platformadır. Bu baxımdan, Azərbaycan münaqişələrin sülh yolu ilə nizamlanmasının təşviq edilməsi məqsədilə dialoq platformasının əhəmiyyətini və bu xüsusda münaqişə tərəfləri arasında konstruktiv dialoqu dəstəkləyir.
Azərbaycan Qoşulmama Hərəkatının prinsip və məqsədlərinə xüsusi diqqət ayırır. Müstəqil xarici siyasət yürütməklə və heç bir hərbi alyansa üzv olmamaqla, Azərbaycan beynəlxalq norma və prinsiplərin qorunmasında, milli və beynəlxalq səviyyədə demokratikləşmə, insan hüquqlarına və sosial ədalət prinsiplərinə hörmətin təkmilləşdirilməsi istiqamətində davamlı səylər göstərir.
Qoşulmama Hərəkatının məqsəd və prinsiplərinin güclü dəstəkləyicisi olaraq, hərəkata üzv dövlətlərin Nazirlər Şurasının Azərbaycanda iclasının keçirilməsi də nəzərdə tutulur. Bundan əlavə, Azərbaycan 2019-2022-ci illərdə hərəkata sədrlik etməyə hazırlaşır. Azərbaycan həmin hərəkata üzv olandan sonra öz davranışları ilə qurumda nümunə kimi göstərilməyə başladı. Bura dövlətlərin daxili işlərinə müdaxilə etməmə və qarışmama prinsiplərinə sadiqliyimizi göstərə bilərik. Bundan əlavə, biz təşkilatın başlıca prinsipi olan birtərəfli məcburetmə tədbirlərindən istifadəyə və beynəlxalq hüququn pozulmasına yol verməyən bir ölkə nümunəsini də ortaya qoymuş olduq. Bütün bu sadalananlar Azərbaycanın həmin hərəkatın siyasi paytaxtı olmaq kimi funksiyanı üzərinə götürməyə şərait yaradır. Biz bütün göstəricilərimizə, hərəkatın prinsiplərinə riayət etməyimizə və ən əsası da quruma üzv olandan bəri göstərdiyimiz fəallığa görə bunu haqq edirik”.
Məhəmmədəli QƏRİBLİ