Akif Nağı: “Bunu fərqli təqdim etmək nəyi dəyişir ki?”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsi zonasında ATƏT müşahidə missiyasının genişləndirilməsi ilə bağlı məsələyə aydınlıq gətirib: “Burada söhbət Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsindən çox, təmas xəttində ATƏT müşahidəçilərinin sayının artırılmasından gedir”.
Onun sözlərinə görə, hələ 2010-cu ilin əvvəlində bu zonada etimad tədbirlərinin gücləndirilməsi ilə bağlı danışıqlar aparılıb: “2016-cı ilin aprelində təmas xəttində baş verən məlum insidentdən sonra Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada görüşü təşkil olundu, həmin ilin iyununda Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirildi. Bu görüşlərdə inamın möhkəmləndirilməsi ilə bağlı konkret addımlar atılması razılığı əldə olundu. Bu razılığa əsasən, təmas xəttində ATƏT-in müşahidə missiyasına 6-7 nəfər əlavə olunmalı idi. İndiyə kimi bu işlər aparılıb. Ümid edirik ki, bu razılığın həyata keçirilməsini ATƏT operativ şəkildə edəcək”.
S.Lavrov qeyd edib ki, təmas xəttində ATƏT müşahidə missiyasının sayının artırılmasının münaqişənin əbədiləşdiriməsinə və münaqişənin siyasi həll yolundan məhrum olunmasına bəhanə olacağı ilə bağlı fikirlər eşidir: “Yəqin ki, bu mövqedən çıxış etmək lazımdır ki, bütün münaqişələrin – fərqi yoxdur, Qarabağda, ya da Donbasda olsun – təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və siyasi nizamlanma prosesi paralel aparılmalıdır. Ümid edirəm ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin əldə etdikləri razılaşma həyata keçiriləcək”.
Göründüyü kimi, Rusiyanın xarici işlər naziri son günlər ətrafında qızğın müzakirələrin aparıldığı bir mövzuya özünəməxsus tərzdə aydınlıq gətirib və bildirib ki, söhbət ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsindən çox, təmas xəttində ATƏT müşahidəçilərinin sayının artırılmasından gedir. Bu fərqləndirmə nə kimi önəm kəsb edir?
Qarabağ Azadlıq Təşkilatının sədr Akif Nağı qəzetimizə açıqlamasında bildirdi ki, Lavrovun bu məsələyə fərqli don geyindirmək istəməsi ilə bağlı etdiyi cəhd başadüşüləndir: “Bilirsiniz ki, bütün bu səylər atəşkəsin yaradılmasına yönəlib. Atəşkəsə Azərbaycan tərəfi hamıdan gözəl riayət edir. Ancaq bizim mövqeyimiz belədir ki, bu atəşkəsdən arxayın olan Ermənistan işğal faktorunu aradan qaldırmayacaq. Biz dəfələrlə bəyan edirik ki, təhlükəsizlik tədbirlərinin görülməsi heç də münaqişənin ömrünün uzanmasına xidmət etməməlidir. Ermənistan mövcud status-kvonun qorunub saxlanmasında maraqlıdır. Bu bizə məlumdur. Müşahidəçilərin sayını da ona görə çoxaltmaq istəyirlər ki, prosesi maksimum uzada bilsinlər. Azərbaycan tərəfinin niyə buna razılıq verməsinin detalları hələ ki, aydın deyil. Ancaq, istənilən halda, nümayəndələrin sayının 7-yə çatdırılması heç də o demək deyil ki, onlar atəşkəs rejiminə tam riayət olunmasını nəzarət altında saxlaya biləcəklər. Çünki təmas xətti çox geniş ərazini əhatə edir. Mənim apardığım araşdırmalara görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin hazırda 4 işçisi var. Onlardan ikisi ermənilər tərəfdən gəlib monitorinq aparır, digərləri isə buradan. Lavrovun bu məsələni fərqli təqdim etmək cəhdini başa düşə bilmədim. Cəbhə xəttində müşahidə aparacaq nümayəndələr elə ATƏT nümayəndəsinin ofisinin işçiləri olacaq. Necə ki, hazırda bütün monitorinqləri həmin ofisin işçiləri aparır. Bunu fərqli təqdim etmək nəyi dəyişir ki? Hesab edirəm ki, 4 nəfərlə uzun müddət bir iş görə bilməyən Kaspşik, 7 nəfərlə də xariqələr yaradan deyil. Sadəcə onun işi bir qədər asanlaşacaq. Onsuz da nəticəsiz fəaliyyətlə məşğul olurdu, hər imkan düşəndə də ermənipərəst mövqeyindən əl çəkmirdi”.
Məhəmmədəli QƏRİBLİ